Qəhrəmanın əzəmətli büstü
Region

Qəhrəmanın əzəmətli büstü

Balakən Rayon İcra Hakimiyyəti tərəfindən Vətən Müharibəsi Qəhrəmanı şəhid Amin Novruzovun doğum günündə adının verildiyi Humanitar və texniki təmayüllü liseydə qoyulmuş büstünün açılış mərasimi keçirilib. Tədbirdə rayonun məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, şəhid valideynləri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Büstün açılışı zamanı rayon icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən, döyüşlər zamanı şəhid və qazilərimizin, o cümlədən Amin Novruzovun göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açıb. O, bu gün ölkə rəhbərliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan, dövlətimizin şəhidlərin adının əbədiləşdirilməsi və ailələrinə göstərdiyi xüsusi diqqətdən bəhs edib.

Rayonda şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları ilə mütəmadi görüşlər keçirilir, onları narahat edən problemlər yerində öyrənilir və rayon icra hakimiyyətinin səlahiyyətləri və imkanları daxilində həll olunur. Mənzil şəraitinin qənaətbəxş olmadığı nəzərə alınaraq bu il 2 nəfər şəhid ailəsi və 8 nəfər müharibə əlili rayon icra hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə alınıb.

Rayon ərazisində şəhid adının əbədiləşdirilməsi məqsədilə müxtəlif mənbələr hesabına indiyədək 22 bulaq inşa edilib. Balakən RİH başçısının müvafiq sərəncamları əsasında Vətən müharibəsində şəhid olmuş Novruzov Amin Taciddin oğlu, Rəşidov Tural Fazil oğlu və Əlisoltanov Vahid Tahir oğlunun adları küçələrə verilib. Alqayev Harun Məhəmməd oğlu, Rəşidov Tural Fazil oğlu və Əlisoltanov Vahid Tahir oğlunun adlarının bağça və məktəblərə verilməsi məqsədilə rayon icra hakimiyyəti tərəfindən müvafiq tədbirlər görülür.

Sonda Vətən Müharibəsi Qəhrəmanı şəhid Amin Novruzovun adını daşıyan liseyin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

M.NƏRİMANOĞLU,

"Respublika".