Qəhrəman şəhidlərimiz unudulmur
Sosial həyat

Qəhrəman şəhidlərimiz unudulmur

44 günlük Vətən müharibəsində  torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi unudulmur.

Bu igidlərdən biri də 17 noyabr 1991-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuş  Həmid Cavanşir oğlu Abbasbəylidir. Həmid ilk təhsilini Binəqədi rayonu, Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə alıb. Məktəbi müvəffəqiyyətlə bitirərək təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib. Liseyi başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərb sənətinin dərinliklərinə yiyələnib. Dörd xarici dil biliyinə malik və idmana xüsusi marağı olan Həmid dəfələrlə medallarla təltif edilib. Baş leytenant Abbasbəyli ali təhsilini başa vurduqdan sonra cəbhə bölgəsində Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan bölükdə taqım komandiri vəzifəsində xidmət edib və Aprel döyüşlərinin iştirakçısı olub. Xüsusi Təyinatlı Qüvvələrində hərbi fəaliyyətini davam etdirib. 2016-2017-ci illərdə Türkiyədə, 2017–2018-ci illərdə isə Çində xüsusi təlim kurslarını birinciliklə başa vurub.

Həmid Abbasbəyli Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi paradda Xüsusi Təyinatlı Qüvvələrin tərkibində  iştirak edib. 2020-ci il iyun ayının 24-də Moskva şəhərində Qırmızı meydanda keçirilən Dünya müharibəsində Qələbənin 75-ci illiyinə həsr edilmiş paradda 75 hərbçi ilə Azərbaycan Ordusunu təmsil edib, medalla təltif edilib.

Həmid Abbasbəyli Vətən müharibəsi başladığı gündən etibarən düşmənlə mübarizəyə qatılıb. Döyüşlər zamanı minaya düşərək ayağından yaralanmasına baxmayaraq, ilkin tibbi yardımdan sonra döyüşə davam edib. Füzuli, Cəbrayıl, Zəngilan şəhərləri, Hadrut qəsəbəsi, Ərgünəş və Laçın dəhlizinə nəzarət edən yüksəkliklərin işğaldan azad olunmasında böyük şücaət göstərib. Oktyabrın 19-dan 20-nə keçən gecə Laçın cəbhəsində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Şəhidin nəşi 24 oktyabr tarixində əvvəlcə Xətai rayonuna gətirilib, burada böyük izdihamla qarşılanıb, daha sonra avtomobil karvanının müşayiəti ilə İkinci Fəxri Xiyabana aparılaraq yaylım atəşi ilə torpağa tapşırılıb.
Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiyinə, xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərdlik və qətiyyət nümayiş etdirdiyinə, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə Həmid Abbasbəyli Prezident İlham Əliyevin  müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə də təltif edilib.

Şəhidin  Xətai rayonunda xatirəsi ədədiləşdirilib. Rayon icra hakimiyyəti tərəfindən baş leytenant Həmid Abbasbəylinin  yaşadığı ünvanda xatirə lövhəsi qoyulub, şəhid bulağı inşa edilib.

Əli SADIQOV,

“Respublika”.