Qartal olub göylərində uçum mən
Region

Qartal olub göylərində uçum mən

Burada dağ dağa söykənib, qaya qayaya, dolanbac yollar, cığırlar sanki, onların belinə sarılır, üzüyuxarı getdikcə hava min təbə düşür, qəfildən duman-çən gəlir, sırsıra ağacların budaqlarından sırğa kimi sallanır, bir az keçəndən sonra göy üzü ayazıyır, günəş boylanır. Təbiətin min bir rəngi adamı ovsunlayır, ruha can verən gözəllikdən göz doymur, baxdıqca baxmaq istəyirsən. Laçın təbiətin yaratdığı canlı muzey, gözəlliklər məskəni, dağlar diyarıdır. Göylərə baş çəkən dağların zirvəsində qış, ətəyində payızdır, yamaclardan boylanan sıldırım qayaların kölgəsi dərələrin ətəyinə qədər uzanır. Artıq, qartal olub göylərində uçum mən arzusu ilə yaşayan laçınlılar, indi doğma yurda gedirlər, nə xoş ki, göy buludların üzərində süzən qartallar da dağların qoynuna, qanad çalıb süzdükləri zirvələrə qayıdırlar. Yurd sevinir, ocaq sevinir, əzəli və əbədi sakinlərinin ayaq səslərinə sevinən Laçın qürurun və məğrurluğun ahəngi ilə nəfəs alır.

Ana təbiətin yaratdığı nadir gözəllik, sıx meşələr, sıldırım qayalar, gen dərələr, məcrasına sığmayan dağ çayları, qartalların qıy vurduğu zirvələr bu torpağa qədəm qoyan hər kəsi öz sehrinə salır, bir sözlə, bu diyar zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malikdir. Laçının şərqində Qarabağ silsiləsinin cənub-qərb yamacları, şimalında Mıxtökən silsiləsi uzanır və cənub-qərb hissəsini isə Qarabağ yaylası tutur. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 kilometr) yaradır. Həkəri də dağların ətəyindən, gen dərələrdən keçərək Araz çayına qovuşur. Təbii ehtiyatlarını sanamaqla qurtarmır. Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqları, zəngin meşələri, ruha dinclik gətirən yaylaqları var. Düşmən Ermənistan otuz ilə yaxın bu gözəllikləri talasa da dağların əzəmətini, torpağın qüdrətini sındıra bilmədi.

Laçın təbii və nadir inci hesab olunan Turşsu, İstisu və digər mineral bulaqları ilə məşhur olub. Bu yerlərdə bitən kəklikotu, itburnu, qatırquyruğu, çobanyastığı, solmazçiçəyi, bağayarpağı, yemişan, baldırğan, qırxbuğum və digər saysız-hesabsız dərman bitkiləri min bir dərdə dərman olub. Dağlar dağ keçisi, cüyür, qaban, ayı, bəbir, canavar, tülkü, dələ, dovşan və digər heyvanların məskəni olub.

Ana təbiət bu diyarın gözəlliyi üçün heç nəyi əsirgəməyib. Saf iqlimi, uca dağları, zəngin meşələri, buz kimi bulaqları, geniş yaylaları ilə könül oxşayan rayonun təbiəti ilin bütün fəsillərində insanı valeh edir. Bu yerlərin  maraqlı relyefi var, təbii abidələr, payızın sehirli rənglərinə bürünən ormanlar, qədim mağaralar görənləri heyrətə gətirir.

İki il bundan əvvəl qəhrəman silahlı qüvvələrimizin əsgər və zabitləri Laçın torpaqlarını əsarətdə saxlayan düşmənin başına od yağdıraraq erməni faşistlərini bu yerlərdən qovdular, polad biləkli oğullarımız Laçında qartal kimi şığıyıb yadellilərin başını əzdilər.

Salman ALIOĞLU,

"Respublika".