Qarabağdakı separatçı qurum bataqlığa yuvarlanır
Digər xəbərlər

Qarabağdakı separatçı qurum bataqlığa yuvarlanır

Azərbaycanın Xankəndiyə humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif etməsi ölkəmizin öz suverenliyini, milli maraqlarını qətiyyətlə qorumasını əks etdirir. Ağdam-Xankəndi marşrutundan istifadə olunması reinteqrasiya proseslərini də sürətləndirəcək. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla, bir çox beynəlxalq təşkilat Ağdam-Əsgəran-Xankəndi yolunun humanitar məqsədlər üçün istifadəsini dəstəkləyirlər.

Bu barədə deputat Azər Badamov bildirir ki, Ağdam-Əsgəran yolu Qarabağda yaşayan sakinlərin tarixən əsas təminat yolu olub: "Amma 90-cı illərdə torpaqlarımızı Ermənistan işğal etdikdən sonra bu yoldan istifadə dayandırıldı. 44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa etdi. Həmçinin 23 apreldə Laçın sərhəd-keçid məntəqəsini təsis etməklə suverən ərazilərdə nəzarəti tam şəkildə bərpa etmiş oldu. Azərbaycanın sərhədlərində nəzarəti bərpa etməsini Ermənistan və separatçılar qəbul etmək istəmirlər. Bu səbəbdən də guya Laçın yolunun bağlanması nəticəsində Xankəndidə humanitar böhranın yaranması ilə bağlı saxta siyasi şou yaratmağa başladılar. Lakin 7 gün əvvəl Azərbaycan Ağdam-Xankəndi yolu ilə ilkin yardım karvanını göndərməklə separatçıların humanitar böhranla bağlı dünyaya car çəkdikləri saxta şounu ifşa etmiş oldu. Dünya ictimaiyyəti bir daha gördü ki, ermənilərin dünyaya təqdim etdiyi kimi, Xankəndidə aclıq olsaydı, Bakıdan göndərilən undan imtina edib yolu bağlamazdı".

Millət vəkili qeyd edib ki, BMT və digər təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünü tanıdığından Qarabağda yaşayan ermənilərin təminatının Ağdam-Əsgəran yolu ilə aparılmasını dəstəkləyir: "Qarabağdakı saxta separatçı qurumu dünyada heç kim tanımır. Azərbaycanın bütün hərəkətləri beynəlxalq hüquq normalarına söykənmişdir. Lakin Fransadan dəstək alan Ermənistan özü özününün yaratdığı saxta iddialarına yenidən inanmağa başlayıb. Ona görə də Paşinyan Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü parametrləri ilə tanıdığını sözlə ifadə etsə də, Fransadan dəstək alandan sonra yenidən Qarabağla bağlı ölkəmizin ərazi bütövlüyünə iddialı bəyanat səsləndirdi. Ermənistan heç də sözlə dayaq olanlara arxalanmasın. Çünki Azərbaycanla yenidən müharibə başlansa ordumuzun qarşısına Ermənistanın yerinə kimsə gəlib çıxmayacaq. Azərbaycan ordusu 3 il bundan əvvəl olduğundan daha güclüdür və qarşısına qoyulan hər bir hərbi tapşırığı qısa zaman kəsiyində icra etməyə hazırdır. Azərbaycan yenidən müharibə istəmədiyinə görə Qarabağda reinteqrasiya proseslərinə sülh yolu ilə başlanması üçün erməniləri dəfələrlə dialoqa dəvət etdi. Təəssüf ki, Ermənistan və separatçılar reallığı qəbul etmək istəmirlər. Bu da yenidən "Dəmir yumruğ"u işə salmağımızı şərtləndirir. Beynəlxalq hüquq Azərbaycanın tərəfində olduğundan heç kim bizə təsir göstərə bilməz".

Röya RÜSTƏMLİ,

"Respublika".