Qarabağ: təhsil işçilərinin sentyabr konfransı
Elm və təhsil

Qarabağ: təhsil işçilərinin sentyabr konfransı

Ölkəmizdə yeni dərs ili başlayır, işğaldan azad edilmiş Füzuli şəhərində istifadəyə verilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin bu il ilk bilik gününü qeyd edəcəyini bütün Füzuli sakinləri, eləcə də təhsil ictimaiyyəti üçün fəxr, qürur və sevinc mənbəyidir. Tam orta məktəbdə otuz ildən sonra ilk zəng çalınacaq. Laçın şəhərində və Zabux kəndində də yeni dərs ili sevinclə və qürurla qarşılanır.

Bu barədə Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində keçirilən Qarabağ Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında məlumat verilib. Konfransda Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Tərtər, Şuşa rayonları üzrə təhsil sektorlarının əməkdaşları, eləcə də həmin rayonlar üzrə ümumi təhsil müəssisələrinin direktor və pedaqoji heyəti iştirak edib.

Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev 2023-2024-cü tədris ili üçün ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər barədə məlumat verib. Sonra Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov da öz növbəsində təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.  Qarabağ  Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülovun hesabat məruzəsində  region üzrə təhsilin təşkili, idarəolunması üzrə statistik  məlumatları, əmək intizamına nəzarət, bu istiqamətdə tətbiq edilmiş intizam tənbehi tədbirləri, şagird və müəllim nailiyyətləri, eləcə də digər məsələlər barədə ətraflı məlumat verilib. Konfransda çıxış edənlər dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü ardıcıl tədbirlərdən, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlərdən danışıblar.

Salman ALIOĞLU,

"Respublika".