“Qalınçaq şəhidləri
Sosial həyat

 “Qalınçaq şəhidləri" abidə kompleksi

Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canından keçən şəhid Fuad Nəcəfovun ad günündə Vətən övladlarının xatirəsinə inşa edilən "Qalınçaq şəhidləri" abidə kompleksinin açılışı olub.

Rayon icra hakimiyyətinin başçısı, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, hüquq-mühafizə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və kənd sakinlərinin iştirak etdiyi tədbirdə əvvəlcə dövlət himni səsləndirilib. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Abidə kompleksinin önünə əklil və gül dəstələri düzülüb.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan qələbədə Qalınçaq kəndindən olan şəhidlərin də rolunun olduğunu vurğulayıb. Abidənin inşasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, şəhid Fuad Nəcəfovun döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər. Tədbirdə Z.Qarayev adına Qalınçaq kənd tam orta məktəbin şagirdləri Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndiriblər. Mərasim iştirakçıları şəhidin ailəsində olub, ev-muzeyinə baxış keçiriblər.

Fuad Nəcəfov 1990-cı il oktyabrın 1-də İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. Hərbi xidmətini Hərbi Dəniz Qüvvələrində keçirib və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Gizir hazırlıq kursu"nu bitirib. Xidmət dövründə "Azərbaycan Ordusunun 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi", 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalları ilə təltif edilib. Vətən müharibəsində Hərbi Dəniz Qüvvələrininin xüsusi təyinatlılarının tərkibində döyüşlərdə fəal iştirak edərək qələbənin qazanılmasında müstəsna xidmətləri olub. 2020-ci ilin oktyabr ayının 7-də Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Oktyabrın 8-də Qalınçaq kənd qəbiristanlığında dəfn edilib. 1 qızı yadigar qalıb. Fuadın atası Taleh Nəcəfov Qarabağ müharibəsi iştirakçısıdır. O, ümummilli lider Heydər Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə miçman Nəcəfov Fuad Taleh oğlu ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

M.NƏRİMANOĞLU,

"Respublika".