Prezidentin Mətbuat Xidmətinin məlumatları
Məlumat

Prezidentin Mətbuat Xidmətinin məlumatları

Fevralın 8-də Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Dövlət Bağçalı İlham Əliyevə prezident seçkilərində qazandığı qələbə münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Qələbənin və suverenliyimizin tam bərpa olunmasının önəmini bir daha vurğulayıb.

Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf edəcəyi vurğulanıb.

***

Fevralın 8-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Ersin Tatar prezident seçkilərində inamlı qələbə münasibətilə dövlətimizin başçısını təbrik edib, ona Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın önəminə toxunularaq bu əlaqələrin gələcəkdə də genişlənəcəyinə əminlik bildirilib.

***

Fevralın 8-də İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Neçirvan Bərzani prezident seçkilərində qələbə qazanması münasibətilə İlham Əliyevə təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.

Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Neçirvan Bərzani keçirdikləri görüşləri məmnunluqla xatırlayaraq, bunun əməkdaşlığın genişlənməsi işinə xidmət etdiyini vurğulayıblar.

***

Fevralın 8-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bayram Beqay dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Albaniya ikitərəfli münasibətlərinin inkişafından məmnunluqlarını ifadə ediblər, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliklərini bildiriblər.

***

Fevralın 8-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Şarl Mişel fevralın 7-də Azərbaycan Respublikasında keçirilmiş seçkilərdə qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib və yeni mandatın icrasında dövlətimizin başçısına uğurlar arzulayıb.

Telefon danışığı əsnasında Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektləri, xüsusilə energetika və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Şarl Mişel nəqliyyat və bağlantılar sahəsində Avropa İttifaqının region ölkələri ilə əlaqələri inkişaf etdirmək üçün konkret layihələrlə çıxış etdiyini vurğulayıb.

Tərəflər COP29-un Azərbaycanda keçirilməsi və bu çərçivədə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə də toxunublar.

Şarl Mişel üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında görüşlərin bərpa edilməsi ilə bağlı Prezident İlham Əliyevdən mövqeyini bildirməsini xahiş edib.

Prezident İlham Əliyev Azərbaycanın həmişə Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini bildirib.

Söhbət zamanı Ermənistanla Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycan Respublikasının Prezidenti Administrasiyası və Ermənistanın baş nazirinin aparatı arasında dekabrın 7-də ikitərəfli əsasda qəbul edilmiş birgə bəyanatın irəliyə doğru mühüm addım olduğu vurğulanıb.

***

Fevralın 8-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Emoməli Rəhmon İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar arzulayıb.

Tacikistan dövlətinin başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illər bütün sahələrdə böyük nailiyyətlər qazanmasının və Azərbaycanın dünyada nüfuzunun daha da artmasının əhəmiyyətini vurğulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Azərbaycan və Tacikistan prezidentləri dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildirərək əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

***

Fevralın 8-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Qırğızıstan Prezidenti dövlətimizin başçısı İlham Əliyevə prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbriklərini çatdırıb. Sadır Japarov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının önəmini bir daha qeyd edərək, ölkəmizdə sürətli inkişaf proseslərinin getdiyini və dövlətimizin beynəlxalq mövqelərinin daha da gücləndiyini vurğulayıb.

Qırğızıstan dövlətinin başçısı ikitərəfli münasibətlərimizin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu ehtiramla qeyd edib.

Sadır Japarov Prezident İlham Əliyevə Azərbaycanın tərəqqisi naminə fəaliyyətində uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı Azərbaycan və Qırğızıstan prezidentləri ikitərəfli dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da hərtərəfli inkişaf edəcəyinə əminliklərini bildirib və əlaqərimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.