“Pipiyi qan xoruz”
Siyasət

“Pipiyi qan xoruz”

Bu il dekabr ayının əvvəlində Fransada qəribə qanun qəbul edilib. Belə ki, parlament xoruzlara kənd yerlərində istədikləri kimi banlamaq hüququ verib. Xoruzların dövlət işinə qarışması Parisdə adi hal alıb. Ölkədə xoruzun üstünə qışqıran şəxslər həbs edilir. Fransa xoruzlara münasibətdə Hindistan nümunəsindən yararlanır. Səbəb olaraq isə göstərilir ki, "ayaqları zibilliyin içində mahnı oxuyan yeganə heyvan təkcə xoruzdur". Bu isə özünü hər mənada sübut edir. Əsrlər boyu vəhşiliklər və soyqırımları törədib, heç birini qəbul etməyən Yelisey sarayı bu gün əyləncəsinə davam edir. Bu əsasda məşhur uşaq şeirinin ilk misrası yada düşür: "Ay pipiyi qan xoruz". Fransanın isə bugünkü reallıqda təkcə pipiyi deyil, bütün bədəni qana batıb...

Dünya dillərində anlaşılmayan vəziyyət yarananda fərqli reaksiyalar verilir. Məsələn, biz deyirik ki, "erməni budaq cümləsi", Türkiyədə isə "bu işə fransız qaldım" deyirlər. Bizdə bir söz də var: "xoruzun quyruğu göründü". Məhz həmin "xoruz" 30 il bizə vasitəçiliyini sırımaq istəyib. 2020-ci ildən sonra isə mütəmadi olaraq "vaxtsız banlamağa başlayıb". Paris xoruzlara istədiyi vaxt banlamaq hüququ verməklə əslində öz siyasətini ehtiva edib. Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən Makron hakimiyyətinə rəsmi Bakı tərəfindən dəfələrlə layiqli cavab verilib. Lakin Yelisey sarayı "yordu-yordu" oynamağa qərarlıdır.

Dekabrın 26-da Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və "Diplomatik əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən "persona-non-grata" (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb. Yəqin ki, həmin 2 səfir artıq "xoruzlar diyarı"na çatıb. Bundan bir neçə gün əvvəl isə ölkəmizdə Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi ifşa olunub. Rəsmi Bakının sübutlarla 2 əməkdaşı deportasiya etməsinə Fransa yenə özünə yaraşan rəzilliklə cavab verib. Bundan bir gün sonra, dekabrın 27-də Fransa Xarici İşlər Nazirliyi 2 azərbaycanlı səfirə qarşı heç bir əsası olmadan, qeyd edildiyi kimi cavab tədbiri olaraq eyni addımı atıb. Yelisey sarayının bu cür xisləti isə təbii ki, yad deyil. İkinci Qarabağ müharibəsindən sonra da rəsmi Paris öz "bacı"sının tərəfini tutmaqla əsl iç üzünü göstərmişdi.

Panermənizmlə anti-türk əhvali-ruhiyyəsini bir-birini qatıb "kokteyl" düzəltməyə çalışan fransızlar öz qürub dövrünü yaşayır. Azərbaycanın müstəqilliyinin bərpasından bu yana Fransa ilə ikitərəfli münasibətlərdə Makron hakimiyyəti ilə bu qədər gərginlik yaşanmayıb. Ermənilər Makrondan əvvəl Mitteranın, Şirakın, Sarkazinin, Ollandın dövründə də Fransada yaşayıblar. Məhz hazırkı dövrdə bu mövcudluq özünü nəzərəçarpan şəkildə göstərir. Görünən isə odur ki, ermənilər Fransada öz dövlətini qurmamış rahat olmayacaqlar. Paris də öz növbəsində hayların himayəsini öz üzərinə götürüb. Səbəb isə çox sadədir.

Fransa tarix boyu öz terrorçu "bacısından" geri qalmayıb. Fransanın Əlcəzairdə törətdiyi soyqırımla bağlı kifayət qədər sübutlar var. Təkcə bu ölkədə deyil, Afrikanın bir çox ölkələrində sülh adı altında mülki vətəndaşların qətlinə rəvac verən "pipiyi qan xoruz"un indi özünü mələk simasında təqdim etməsi də ölkəmiz üçün yeni deyil. Təbii ki, bu xüsusda Parisin oyun oynadığı aydındır. Oyunu isə ermənilərlə oynayır. Daha doğrusu, erməniləri oynadır. Çünki Makronun daha bizimlə oynamağa nə cəsarəti, nə də əvvəlki canı qalmayıb. Nə BMT-də, nə Brüsseldə, nə də ki Vaşinqtonda Makronun havasını çalmadılar. Əvəzində isə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Qoşulmama Hərəkatına sədrliyi dövründə Fransanın neokolonist əməllərini ifşa etdi. 4 il ərzində Fransaya tutulan toy onu beynəlxalq aləmdə kifayət qədər rüsvay etdi.

Yelisey sarayı tərəfindən bu rüsvayçılıq get-gedə nifrətə çevrildi və bütün ali tribunalarda şər-böhtanlar və xəbis niyyətlərlə əvəz olundu. Azərbaycanın artan nüfuzundan narahatlıq hissi keçirən "xoruzlar" bu il ərzində gah ölkə parlamentindən, gah BMT, Aİ, ATƏT kimi ali tribunalardan dəfələrlə "banlayıb". Lakin Paris "vaxtsız ötən xoruz"un sonunun necə olduğunu unutmamalıdır.

Tacir SADIQOV,

"Respublika".