PEYVƏNDLƏNMƏ VACİB ŞƏRTDİR
Səhiyyə

PEYVƏNDLƏNMƏ VACİB ŞƏRTDİR

Hamımızın adını uşaqlıqdan eşitdiyimiz, əksəriyyətimizin isə keçirdiyimiz qızılca xəstəliyi çoxlarına adi görünsə də, dünyanın hələ də mübarizə apardığı xəstəliklər sırasındadır. Səhiyyə Nazirliyinin açıqlamasına görə, bu ilin aprel ayından başlayaraq ölkə ərazisində 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb. Bildirilir ki, hadisələrin epidemioloji təhlilinə görə, yoluxmaların əsas səbəbi peyvəndlənmədən yayınma hallarıdır.

Məsələ ilə bağlı infeksionist həkim, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti Sulduz Əhmədovanın fikirlərini öyrəndik. O bildirdi ki, bir vaxtlar qızılca, göy öskürək, difteriya kimi bir neçə təhlükəli xəstəliklərdən kütləvi tələfatlar baş verirdi. Dünyada səhiyyə inkişaf etdikcə sonradan peyvənd yolu ilə bu xəstəliklərlə mübarizəyə başlandı və getdikcə qarşısı alındı. Bu gün hər ölkədə Ümumdünya Səhiyyə Təşkilatının təsdiq etdiyi peyvənd təqvimi var. Milli peyvənd təqviminə əsasən uşaqlar konkret yaşlarda peyvənd olunmalıdırlar. Ölkəmizdə isə təəssüflər olsun ki, çox vaxt valideynlər uşaqları vaksinasiyalardan yayındırırlar. Bu, neqativ haldır və qarşısı alınmasa acı nəticələrə gətirib çıxarır.

Hazırda Azərbaycanda qızılcaya yoluxma halları sürətlə artır. Bu xəstəlik uşaqlarda yüksək temperatur, halsızlıq, iştahsızlıq, konyuktivit əlamətləri ilə müşahidə olunur. 3-6 gün davam edən yüksək temperaturdan sonra səpgilər başlayır. İlk gün xəstənin üzü, boyun nahiyəsi, ikinci gün gövdə, yuxarı ətraflar, daha sonra isə aşağı ətraflar səpir. Qeyd etmək lazımdır ki, xəstəlik immun sisteminə mənfi təsir göstərdiyinə görə, orqanizm digər xəstəliklərə qarşı həssas olur. Qızılca ilə əsasən uşaqlar xəstələnirlər, amma böyüklərin də virusa yoluxması mümkündür. Belə ki, qızılca keçirməyən və peyvənd olunmayan şəxslər infeksiyaya yüksək həssaslıq göstərirlər. Xəstələnmə bütün yaşlarda və ilin soyuq vaxtlarında baş verir.

Yoluxan şəxslər əgər xəstəlik yüngül keçirsə ev şəraitində müalicə olunurlar. Bu zaman çoxlu maye qəbul olunması, istirahət rejimi, selikli qişalara qulluq edilməsi, vitamin preparatlarının qəbulu tövsiyə olunur. Meyvə, tərəvəz, sulu yeməklər qəbul etmək məqsədəuyğundur. Xəstəliyi ağır keçirən uşaqlar xəstəxanaya yerləşdirilməlidir.

Azərbaycanda Milli təqvim planına əsasən qızılca, məxmərək, epidemik parotit (el arasında "qulaqdibi" də deyilir) üçlü peyvəndi ilk olaraq uşaqlara bir yaşında, revaksinasiya dediyimiz ikinci peyvənd isə 6 yaşında vurulur. Bu peyvəndlər uşaqları təkcə qızılcadan deyil, məxmərək və parotitdən də qoruyur. Peyvəndlərin vaxtında olunmaması, uşaqların vaksinasiyadan yayındırılması azyaşlıları sözügedən xəstəliklərə qarşı müdafiəsiz edir. Buna görə də mütləq şəkildə uşaqları gecikdirmədən peyvənd etdirmək vacibdir. Vurğulamaq lazımdır ki, peyvənddən sonra yaranan süni immunitet uşaqları 10-15 il xəstələnmədən qoruyur. Əgər yaşadığımız dövrdə hər hansı bir virusun yayılma təhlükəsi varsa, mütləq peyvənd olunmaq lazımdır. Çünki infeksion xəstəliklərdən qorunmağın ən güvənli yolu vaksinasiyadır. Qızılca peyvəndinin əlavə təsirləri ölümə aparmır. Xəstəliyə gəldikdə isə qızılcanın pnevmoniya, meningit, meninqoensefalit kimi təhlükəli ağırlaşmaları ölümlə nəticələnə bilər. Xüsusilə, kiçikyaşlı uşaqlarda həyati təhlükə təşkil edən ağırlaşma hallarına çox rast gəlinir. Bu mənada, uşaqlar bir və altı yaşında mütləq qızılcaya qarşı peyvənd olunmalıdır. Valideynləri bu xəstəlik barədə maarifləndirmək lazımdır ki, uşaqlarını peyvənddən yayındırmasınlar. Peyvəndlərin vaxtında olunması vacibdir. Peyvənd olunaq ki, sağlam qalaq.

Nurəngiz ADİLQIZI,

"Respublika".