Patronaj sistemində müstəqil dövlət imitasiyası
Siyasət

Patronaj sistemində müstəqil dövlət imitasiyası

Avropada anti-Rusiya ab-havası getdikcə yüksəlir. Böyük Britaniyanın silahlı qüvvələr naziri Ceyms Hippi britaniyalı parlamentarilərin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasının ölkəsinin müdafiə sənayesi üçün mümkün faydalarını necə qiymətləndirməsi ilə bağlı sualına cavab verib. O, bildirib ki, Böyük Britaniya bu qərarı Ermənistanın suveren hüququ kimi tanıyır və Rusiyadan təhdidlər olacağı təqdirdə Avro-Atlantik müttəfiqlərilə birlikdə Ermənistanı dəstəkləyəcək. Həmçinin nazir onu da vurğulayıb ki, Ermənistanın KTMT-yə üzvlüyünün "dondurulması" qurumdan rəsmi şəkildə  çıxış demək deyil. "Böyük Britaniya ATƏT-in silah embarqosunu imzalayan ölkədir və buna görə də Böyük Britaniyanın müdafiə sənayesi üçün istənilən fayda mövcud məhdudiyyətlər çərçivəsində həyata keçirilməlidir. Biz daha sıx əməkdaşlıq imkanlarını araşdırmaq üçün Ermənistanla sıx işləməyə davam edəcəyik".

Qərb Cənubi Qafqaz regionunda öz məkrli maraqlarını həyata keçirmək üçün prosesləri sürətləndirib. Təbii ki, regionda üstünlük qazanmaq üçün ilk öncə Rusiyanın təsirini azaltmaq vacibdir. Bunun üçün də pozucu dairələr özlərinə qurban kimi Ermənistanı seçib. Nəticədə Hayastan Rusiya və Qərbin artan təzyiqləri arasında sıxışdırılmış geosiyasi çəkişmənin mərkəzinə düşüb. İrəvan iqtisadi cəhətdən Rusiyadan asılı olduğundan zəif hədəf kimi gözə çarpıb. Daha sonra  Qərb dairələri Paşinyanı müxtəlif vədlərlə öz tərəflərinə çəkməyə çalışırlar. Bu gün Ermənistan anti-Rusiya kampaniyasının əsas oyunçusuna çevrilib. Belə ki, Paşinyan Qərbdən verilən tapşırıqlara canla-başla əməl edir və bunun nəticəsidir ki, Ermənistan KTMT-də fəaliyyətini dondurub.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan "bəzi məsələlər həll olunmasa" ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından de-yure çıxacağını deyib: "Artıq bir ildir ki, KTMT-də daimi nümayəndəmiz təmsil olunmur. Ermənistan uzun müddətdir KTMT-nin tədbirlərində yüksək səviyyədə iştirak etmir. Bu təşkilatda qərarların qəbul edilməsi üçün konsensus prinsipi mövcuddur. Biz isə orada iştirak etmirik, çünki "nə üçün iştirak etməliyik?" sualına cavabımız yoxdur". Bu məsələyə Moskva soyuqqanlı münasibət bildirib. Rusiya XİN rəhbəri Sergey Lavrov martın 2-də III Antalya Diplomatik Forumundan sonra keçirilən mətbuat konfransında deyib ki, biz çox istərdik ki, ermənilər necə yaşamaq istədiklərinə, hansı təşkilatda qalıb-qalmayacaqlarına, hansı formada təmsil olunacaqlarına özləri qərar versinlər. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə xatırladıb ki, KTMT-nin fəaliyyətində "dondurulmuş üzvlük" kimi bir status mövcud deyil. Kreml bununla Ermənistanın arxasındakı müxtəlif qüvvələri nəzərdə tutub. Görünür, hayastan öz siyasətini, vəzifələrini icra etməyə qadir deyil və patronaj fəaliyyətə ehtiyac duyur.

Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan Qərbə getdikcə daha çox meyillənir. Qərbin anti-Rusiya kampaniyasının istəkli iştirakçısı kimi görünür və bu ölkə əvvəlki xarici siyasət mövqeyindən əhəmiyyətli dərəcədə uzaqlaşıb. Çünki Qərbin Ermənistandan istəkləri getdikcə artır. İrəvan KTMT çərçivəsində statusunu dondurmaqla, ölçülüb-biçilmiş planlarla, yavaş templə də olsa, Moskvadan uzaqlaşmaq istəyini açıq şəkildə ifadə edib. İrəvan artıq onun üçün cızılmış, sonu olmayan bir cığırla irəliləyir, yüksələcəyini və hədəfə çatacağını sansa da,  get-gedə yolunu itirir. Çünki ABŞ və Qərb bloku Ermənistanı demarşa həvəsləndirir, lakin bunun qarşılığında ona təhlükəsizlik təminatı vermir.

Ermənistanın iqtisadi mənzərəsi onun Rusiyanın dominantlıq etdiyi regional blok olan Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə sıx bağlıdır. Bu alyansdan əldə edilən faydalar, o cümlədən güzəştli ticarət sazişləri və iqtisadi imtiyazlar İrəvanda iqtisadi sabitliyin əsasını təşkil edir. Ermənistanın ittifaqdan çıxması ehtimalı ölkənin iqtisadi imkanları ilə bağlı ciddi narahatlıqlar yaradır və onu fəlakətə sürükləyir.

Nikol Paşinyanın Rusiyaya qarşı ritorikanı artırması ilə iki ölkə arasında münasibətlər getdikcə gərginləşir. Hətta bəzi mənbələrə əsasən, Paşinyanın həyat yoldaşı Anna Akopyanın Kiyevdə məktəblilərə verdiyi planşetlər sonradan Ukrayna ordusuna ötürülüb. İddia olunur ki, həmin planşetlər PUA-ların idarə olunması üçün proqramlaşdırılıb. Bu isə artıq demarşın son həddidir.

Müxalif "Ermənistan" fraksiyasının nümayəndəsi, deputat Armen Rustamyan mətbuat konfransında deyib ki, "Paşinyan öz bərbad xarici siyasəti ilə Rusiya və Qərb arasında gedən qlobal müharibəni Ermənistana da ötürür. Bunun nə ilə nəticələnəcəyini başa düşürsünüzmü? Qərb Ermənistan vasitəsilə anti-Rusiya cəbhəsini genişləndirməyə çalışır. Bu isə Ermənistan üçün fəlakət deməkdir!" Həmçinin bəzi politoloqlar hesab edir ki, Ermənistanın Aİ-yə üzvlük məsələsi inandırıcı deyil, çünki Avropa İttifaqının Ermənistana ehtiyacı yoxdur. Onların əsl niyyəti təkcə, anti-Rusiya siyasətini davam etdirmək üçün İrəvandan istifadə etməkdir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".