Paşinyanın utopik layihəsi
Siyasət

Paşinyanın utopik layihəsi

Məlum olduğu kimi, oktyabrın 26-da Tbilisidə IV İpək Yolu Forumu keçirilib.

Forumda Azərbaycan, Gürcüstan və Ermənistanın baş nazirləri də iştirak ediblər. Forum Paşinyanın utopik sülh - "Sülhün kəsişməsi" adı altında təqdim etdiyi layihə ilə yadda qalıb. Belə ki, Ermənistanın baş naziri regional kommunikasiyaların açılmasını, fəal iqtisadi, siyasi və mədəni məsələləri vahid paketdə göstərib.

O, bildirib ki, Cənubi Qafqaza sülh lazımdır. Ölkələr fəal iqtisadi, siyasi, mədəni əlaqələrlə bağlıdır. Bütün bunlar isə nəqliyyat yolları olmadan mümkün deyil. Bu layihənin də əsas məqsədi Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında kommunikasiyaların inkişafıdır. Əslində, Paşinyan bu çıxışı ilə özünü bir daha "sülh göyərçini"nə bənzətmək istəyir. Çünki Ermənistanın baş naziri təqdim etdiyi layihəni həqiqətən reallaşdırmağa maraqlı olsaydı, bu gün regiondakı mövcud gərginliyə çoxdan son qoyulmuşdu.

Ermənistanın "Sülh Qovşağı" xəritəsi layihəsi əsasında Paşinyanın kommunikasiyaların açılmasından dəm vurması heç də real görünmür. Ermənistanın bu günədək regionda kommunikasiyaların açılması istiqamətində heç bir addım atmaması bunu bir daha təsdiqləyir. Hayastanın ikiüzlülüyünü beynəlxalq əhəmiyyətə malik olan Zəngəzur dəhlizi layihəsi kontekstində də görmək mümkündür. Baş nazir Zəngəzur dəhlizi ilə manipulyasiya etmək niyyətindədir. Paşinyanın öhdəliklərindən boyun qaçırması isə yeni fakt deyil. Onun nitqini dərindən analiz etsək görərik ki, baş nazir Zəngəzur dəhlizi layihəsinin adını çəkmir, sadəcə ümumi fonda regional kommunikasiyaların açılmasının vacibliyindən danışır. Bu Ermənistan baş nazirinin qeyri-müəyyən mövqeyini bir daha göstərir. Bununla yanaşı, erməni siyasi xadim Vladimir Poğosyan Nikol Paşinyanın nümayiş etdirdiyi xəritə barədə deyir: "Bu xəritə reallığa uyğun gəlmir və Ermənistan hökümətinin əməyinin və komandasının bəhrəsi deyil. Bu xəritə çoxdan, hələ 2012-ci ildə Britaniyada hazırlanıb və AİB-nin (Avrasiya İnkişaf Bankı) layihəsidir. Həmin xəritələr hələ də oradadır. Bu, Ermənistan hakimiyyətinin başdan-başa yalanıdır. Ermənistanı məhv etmək üçün tətbiq edilmiş ölümcül bir proqramdır. Bu proqramın Ermənistan Respublikası üçün heç bir iqtisadi təsiri yoxdur, xarici oyunçular tərəfindən tətbiq edilir."

V.Poğosyan iki xəritəni şərh etdikdən sonra Paşinyanın nümayiş etdirdiyi xəritə haqqında vurğuladı ki, bu 2023-cü il oktyabrın 26-da "İpək Yolu" IV Beynəlxalq Forumunda Ermənistan Respublikası hökumətinin təşəbbüsü olan "Regionda sülhün möhkəmləndirilməsi üçün dünyanın kəsişmə nöqtəsi" adlı layihədir. Tam əminliklə və tam məsuliyyətlə bildirirəm ki, AİB-in bu layihəsi Xəzər regionunda Avrasiya nəqliyyat karkasıdır. Bu lahiyə ilk dəfə 2 dekabr 2021-ci ildə Moskvada keçirilən ikinci Avrasiya Konqresində təqdim olunub. Daha əvvəl, yəni 2013-cü ildə bu layihə bütün dünyada münaqişənin həlli proqramlarının həyata keçirilməsində ixtisaslaşan Britaniya təşkilatının hesabatında ictimaiyyətə təqdim edilmişdir.

Paşinyanın irəli sürdüyü utopik layihə böyük vəsait tələb edir. Maraqlıdır, bu gün xarici borcu ÜDM-in 54 faizini təşkil edən Ermənistan bu məbləği necə qarşılayacaq? Ermənistan indiyədək ən qısa yolun çəkilişini belə həll edə bilməyib. Bu baxımdan, heç bir regional, qlobal layihə həyata keçirməmiş Ermənistanın hesablamalar aparmadan kor-koranə şəkildə belə bir təklif irəli sürməsi həqiqətən gülünc səslənir. Nəzərə alsaq ki, Ermənistan müstəqillik qazanandan bəri digər dövlətlərin hesabına yaşayıb, ölkəyə maliyyə axını isə diaspor xətti ilə təmin olunur. Bu baxımdan, Paşinyanın layihəsinin həyata keçirilməsi real görünmür.

Daha bir diqqətçəkən məqam isə Paşinyanın ölkəsinin "regional layihələrdəki iştirakını stimullaşdıracaq" təklifində Rusiyanı da kənarda qoymasıdır. Halbuki, Ermənistanın baş naziri yaxşı bilir ki, regionda Rusiyanın iştirakı olmadan böyük layihələrin reallaşması mümkün deyil. Paşinyanın Ermənistanla Rusiya arasındakı gərgin münasibətlərin fonunda bu təklifi irəli sürməsi isə başqa oyunçuları Moskvaya qarşı qoymaq cəhdindən irəli gəlir.

Paşinyanın layihəsinin reallaşmasının mümkünsüzlüyünü göstərən digər bir fakt onun Fars Körfəzi-Qara dəniz marşrutunun birləşdirilməsi üçün yol axtarmasıdır. Bu, ölkəmizin Zəngəzur dəhlizi layihəsinin strateji əsasları ilə heç də uyğunlaşmır.

Bütün bunların fonunda Paşinyanın təklifinin nəticəsiz qalacağı şübhə doğurmur. Ermənistanın baş naziri bununla regionda öz hakimiyyəti ilə bağlı saxta imic formalaşdırmağa çalışır.

Nəzrin ELDARQIZI,

"Respublika".