Paşinyan üçün çalınan “son zəng
Siyasət

Paşinyan üçün çalınan “son zəng"in sədası...

Ermənistanın Qazaxla sərhəddə yerləşən ərazisində delimitasiya prosesi texniki cəhətdən başa çatıb. Bu barədə Ermənistan parlamentinin Müdafiə Komissiyasının sədri Armen Xaçatryan açıqlama verib.

Onun sözlərinə görə, texniki baxımdan tamamlama o deməkdir ki, Ermənistan-Azərbaycan sərhədinin keçdiyi hissə Alma-Ata Bəyannaməsinə uyğun olaraq müəyyənləşdirilib və təsdiq edilib. Bu proses isə İrəvandakı müəyyən dairələri ciddi şəkildə narahat edir. Bir neçə gündür sərhədin delimitasiyasına qarşı etiraz aksiyaları keçirilir. Nümayişçilər yolları bağlayırlar. Ötən gün də Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin 15 hərbçisi vəziyyətlə yerində tanış olmaq üçün aksiya iştirakçıları tərəfindən bağlanan Əskipara-Xeyrimli avtomobil yoluna gedib. Daha sonra onların etirazçılara qoşulduğu məlum olub.

Sosial şəbəkələrin erməni seqmentində də hərbi geyimdə olan şəxslərin Xeyrimli kəndində siyasi aksiyalara cəlb olunması ilə bağlı videolar yayımlanıb. Ermənistanın Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, ölkənin hərbi polisi sözügedən şəxslərin kimliyini araşdırır. Eyni zamanda qurumdan xəbərdarlıq edilib ki, silahlı qüvvələri siyasi proseslərə cəlb etmək cəhdinə adekvat hüquqi qiymət veriləcək. Bununla belə, hökumətə yaxın deputatlar və mətbuat orqanları bildiriblər ki, görüntülərdəki hərbçilər həmin an vəzifədə olmayıb, sadəcə insanlarla səmimi şəkildə salamlaşaraq çıxıb gediblər. Hadisələrin gedişatına nəzər yetirsək, Azərbaycanla həmsərhəd bölgədə keçirilən etiraz aksiyalarında hərbi geyimli şəxslərin iştirak etməsi təxribat xarakterli addım ola bilər.

Digər tərəfdən, videolara diqqətlə baxanda aydın olur ki, hərbçi geyimində olan şəxslər kifayət qədər yaşlı nəslin nümayəndələridir. Bu detal da etiraz planının arxasında hansı qüvvələrin dayandığını ifşa edir. Məlum olur ki, Ermənistan müxalifəti, eləcə də terror təşkilatları olan "VOMA", "Yerkrapa", "Sasna-Tser" və "Döyüş qardaşlığı" kimi hərbi strukturlar prosesin hərəkətverici qüvvəsidir. Onu da xatırlamaq lazımdır ki, Ermənistanın sabiq müdafiə naziri, eyni zamanda hazırda "Hayastan" fraksiyasının lideri olan Seyran Ohanyan orduya çağırış etmişdi ki, baş nazir Nikol Paşinyanın dörd kəndin Azərbaycana qaytarılması siyasətinə qarşı itaətsizlik göstərsin. Görünür, indi bu istiqamətdə işlər aparılır. Hərbçilərin görüntüsünün paylaşılmasında da məqsəd guya erməni silahlı qüvvələrinin xalqın tərəfinə keçdiyi imici formalaşdırmaqdır.

Qazaxla sərhəddə vəziyyət məchul olsa da, etirazların əhatə dairəsi artıq sözügedən ərazidən kənara çıxıb. Vətəndaşlar sərhəd bölgəsində aksiya keçirən soydaşlarına dəstək əlaməti olaraq Şirak rayonunun Orom kəndinin kəsişməsində İrəvan-Gümrü yolunu bağlayıblar. İrəvan şəhərində də bəzi küçələrin etirazçılar tərəfindən bağlanmasına cəhd edilir. Paytaxtdakı etirazçıların başlıca tələbi isə Nikol Paşinyanın istefası ilə bağlıdır. Etirazçılar bildirirlər ki, bu gedişlə şimal və cənubdakı dövlətlərarası yollar da Azərbaycanın nəzarətinə keçəcək. Belə bir ssenari baş verməmiş bunun qarşısını almaq lazımdır. Bunun üçün də Nikolun təbliğatına son qoymaq və antimilli zənciri qırmaq zəruridir.

İndiki şəraitdə Ermənistan müxalifəti mövcud vəziyyətdən faydalanaraq prosesləri siyasi hakimiyyətin əleyhinə yönəltmək istəyir. Nəticə etibari ilə həmin revanşist qüvvələr çox yaxşı başa düşürlər ki, hazırda hərbi müstəvidə müqavimət göstərmək və ya təcavüzkar addımlar atmaq kimi potensialları yoxdur. Bu vəziyyət isə Ermənistanda baş nazir Nikol Paşinyanın kreslosunu təhdid edir. Əgər hökumət rəhbəri postunu itirmək istəmirsə, xalqına real çıxış yolları göstərməlidir. Buna nail olmaq üçün isə erməni lider əvvəlcə Azərbaycanla sülh sazişi imzalamalı və regional iqtisadi proyektlərə qoşularaq ölkəsini dirəndiyi dalandan azad etməlidir. Əks halda, mütəmadi olaraq Ermənistan ərazisində keçirilən etirazlar Paşinyanın siyasi karyerasının sonu, uzunmüddətli perspektivdə isə dövlətçiliyin məhvi ilə nəticələnəcək.

Jalə QASIMZADƏ,

"Respublika".