Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) ümumi onlayn iclasında Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun “Şamaxı Astrofizika Rəsədxanasında astronomik müşahidələr: imkanlar, beynəlxalq əməkdaşlıq və perspektivlər” haqqında elmi məruzəsi dinlənilib.
Baş direktor yaxın gələcəkdə kosmik peyklərdə, pilotsuz uçuş aparatlarında və yerüstü poliqonlarda aparılan spektrofotometrik ölçmələr vasitəsilə alınmış təsvirlər əsasında atmosferin kimyəvi aerozol çirklənməsinin, transsərhəd hava axınlarının məsafədən monitorinqinin keçirilməsi, proqnozunun verilməsi və digər prioritet istiqamətlər üzrə həyata keçiriləcək elmi-tədqiqat planlarına diqqət çəkib.
Namiq Cəlilov Azərbaycan ərazisində müvafiq astroiqlimə malik yeni astronomik stansiyanın yaradılması, stansiyada müasir tipli, diametri ən azı 1 m olan robot teleskopun quraşdırılmasının zəruri olduğunu vurğulayıb.
Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov ŞAR-ın 2021-2025-ci illər üçün qəbul olunmuş beşillik tədqiqat planından da söz açıb, o cümlədən, Günəş və günəş sistemi cisimləri, günəş fəallığının fizikası, Günəş-Yer əlaqələri, planetlərarası mühitin fizikası, Yerin asteroid təhlükəsizliyi, orbitdə olan aktiv süni peyklərin hərəkətinin təhlükəsizliyi və kosmik tullantılar problemindən danışıb.
AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, akademik Ənvər Nəhmətov, AMEA-nın müxbir üzvləri – Əminağa Sadıqov, Bilal Bilalov, Vəli Hüseynov və İsmayıl İsmayılov çıxış edərək rəy və təkliflərini bildiriblər.
Kamil İSMAYIL,
“Respublika”.