Onlara mərhəmətdən çox sevgi gərəkdir
Sosial həyat

Onlara mərhəmətdən çox sevgi gərəkdir

3 Dekabr Beynəlxalq Əlillər Günüdür

Bəzən gündəlik həyatda qarşımıza çıxan problemlərin həlli barədə xeyli mücərrəd düşünürük. Adama elə gəlir ki, rastlaşdığımız, bizi narahat edən bu problemlərin həlli hansısa xariqüladə qüvvələrdən asılıdır. Əslində isə bu qüvvə bizim hər birimizin içində, daxili dünyamızdadır. Yetər ki, o qüvvəni həyəcanlandırıb hərəkətə gətirəsən, özünü səndən kömək uman birisinin yerinə qoya, bir də sidq ürəkdən Tanrıya bağlı ola biləsən. Bax o zaman gözəl bir gülün ətrində, zərif yarpaqlarda, bülbülün nəğməsində, toxumlardan əmələ gələn budaqlı, kölgəli ağaclarda, bütün həyatında, hər saat, hər an, hər dəqiqə Tanrını görür, duyur, hiss edirsən. Yer üzündəki bütün gözəlliklərin cəmi olan o ilahi qüvvə qəlbindəki mərhəmət işığını alovlandırır, o işıqdan hər kəsə pay vermək istəyir, əlsizin əlindən tutur, dünya işığına həsrət gözlərə işıq olursan.

Gözdən əlil... Çox ağır səslənir deyilmi? Bəlkə də elə bu ağırlığı dərk edib indi o adı bir qədər yumşaltmağa çalışmış, "görmə qabiliyyətini itirən", yaxud "görmə qabiliyyəti zəif olan" kimi ifadələrlə əvəz etmişik. Bu kateqoriyadan olan insanların problemlərinin həlli üçün isə ölkəmizdə xeyli iş görülüb. Heydər Əliyev Fondunun Birləşmiş Millətlər Təşkilatı ilə birgə həyata keçirdiyi layihələr qarşıya qoyulmuş məqsədin humanistliyi baxımından riqqət doğurur. Belə ki, hələ 2005-ci ilin dekabrında Fond BMT İnkişaf Proqramı ilə "Kor və zəif görən uşaqlar üçün İKT-yə çıxışın təmin edilməsi" layihəsi üzrə əməkdaşlıq sazişi imzalamışdır. Nəzərə alsaq ki, bu gün Azərbaycanda gözdən əlil insanların sayı 40 mindən çoxdur, o zaman bu addımın əhəmiyyəti barədə geniş söhbət açmağa ehtiyac qalmır. Əhalinin belə qruplarının səlahiyyətlərini genişləndirmək və xüsusilə, onların məşğulluğunun artırılması sahəsində görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlara yardım göstərmək layihənin əsas məqsədi idi.

Gözdən əlil insanlar üçün rəqəmsal fərqin aradan qaldırılması üzrə milli strategiya hazırlayıb həyata keçirmək məqsədilə Azərbaycanda həmin insanların İnformasiya Kommunikasiya Texnologiyalarına (İKT) ehtiyacının müəyyən olunması layihənin birinci mərhələsi olmuşdur. İkinci mərhələdə texniki mütəxəssislər qrupu vasitəsilə proqram təminatını lokallaşdırmaq (tərcümə etmək), internetə çıxışı təmin etmək, xüsusi kompüter avadanlığını quraşdırmaq, tədris-təlim proqramlarını hazırlamaq üçün təhsil sahəsində yerli və xarici ekspertlərin təcrübəsindən istifadə olunmuş, model informasiya kommunikasiya texnologiyaları sinfi yaradılmışdır. Onlar üçün yaradılan kitabxana və təlim mərkəzində audio materiallar və Brayl şriftli kitablardan istifadə imkanlarının təmin olunması istiqamətində işlər isə layihənin üçüncü mərhələsində başa çatdırılıb.

Həmin layihənin icrasının davamı kimi, Bakının Nərimanov rayonundakı gözdən əlil və zəifgörən uşaqlar üçün respublika internat məktəbində yenidənqurma işləri həyata keçirilmiş, bu kateqoriyadan olan insanların təhsil və məşğulluq probleminin optimal həll variantlarını müəyyənləşdirmək məqsədilə cəmiyyətə inteqrasiya sahəsində aparıcı ölkələrin təcrübəsi öyrənilmiş, bu zaman Almaniya təcrübəsinə üstünlük verilmişdir. Hazırda internat-məktəbin şagirdləri ilə yanaşı, digər yaş kateqoriyasının nümayəndələri də burada internetdən istifadə edə bilir. İndi Brayl şriftləri ilə Azərbaycan, rus və ingilis dillərində olan istənilən kitabı kompüterin yaddaşına köçürüb oxumaq, səsləndirib dinləmək mümkündür.

Onu da qeyd edək ki, fondun bu istiqamətdə gördüyü işləri BMT İnkişaf Proqramının Azərbaycandakı daimi nümayəndəsinin müavini Devid Ayzenberq yüksək qiymətləndirmişdir. O demişdir: "Biz Heydər Əliyev Fondunun rəhbərliyindən və mövqeyindən olduqca razıyıq, həmçinin Azərbaycan hökumətinin kor və zəif görmə qabiliyyəti olan şəxslərin informasiyalı cəmiyyətə çıxışla təmin edilməsi sahəsindəki səylərini dəstəkləyirik, çünki kompüterdən istifadə və internetə çıxış onların sosial inteqrasiya və məşğulluq imkanlarını genişləndirəcək, eləcə də həyat səviyyələrini xeyli artırmağa köməklik göstərəcək".

Bəli, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın simasında vətəndaşlarımız köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır etibarlı dayaq, doğma insan görürlər. O, minlərlə insana sağlamlığını və ümidini qaytarır. Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayır, ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. Valideyn qayğısından və himayəsindən məhrum olmuş, eləcə də sağlamlıq imkanları məhdud uşaqlarla bağlı hər bir problemə həssaslıqla yanaşır, onları qayğı ilə əhatə edir. Mehriban xanımın görmə qabiliyyətində problemlər yaşayan insanlara qayğısı da onun humanistliyindən qaynaqlanır...

Həyat göstərir ki, əlillik heç də "məhdudluq" demək deyildir. Onların nə dərəcədə dərin, məsum, daxilən zəngin olduqlarını gördükcə başa düşürsən ki, "məhdudluq" motivi daşıyan əlillik fiziki yox, mənəvi bir anlayışdır. Gözlərinin və ürəyinin qapılarını mərhəmət, sevgi kimi hisslərə bağlayanlardır əsl əlillər. Gözlərinin nurunu itirənlər bizim gördüklərimizi hiss edir, onların hiss etdiklərini isə biz görə bilmirik.

Elə bu hiss və duyğu ilə də möcüzələr yaradırlar. Kimisinin ağ-qara şirmayı dillər üzərində gəzən barmaqlarından sevgi süzülüb gəlir, kimisinin şaqraq səsində duyulur Vətən sevgisi, kimisinin dünya idmanında parlaq qələbəsi üçrəngli bayrağımızı dalğalandırır himnimizin sədaları altında. Gəlin, hər biri sonsuz bir ümman olan bu şəxsiyyətləri həyatımıza daxil edək. Çünki mərhəmətdən çox onlara sevgi gərəkdir.

Zümrüd QURBANQIZI,

"Respublika".