Ombudsman Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun ailəsini ziyarət edib
Sosial həyat

Ombudsman Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun ailəsini ziyarət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva şəhid ailələri və qazilərin vəziyyətini mütəmadi olaraq diqqətdə saxlayır.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Ombudsman şəhid ailəsinin qayğılarını öyrənmək məqsədilə Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şahin Allahyarovun ailəsini ziyarət edib, onların problemləri ilə maraqlanıb. Qeyd edək ki, Ş. Allahyarovun şəhid olduqdan sonra dünyaya gələn övladına onun adı verilib.  Şəhidin adının ölümsüzləşdirilməsi məqsədilə Quba Rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbinə onun adı verilib.

Şahin Allahyarov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən  Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Görüş zamanı şəhidin ailəsi onlara dövlət tərəfindən göstərilən qayğıya görə təşəkkürünü bildirib. 

“Respublika”.