Ombudsman təsisatında Dilarə Seyidzadə ilə görüş keçirilib
Digər xəbərlər

Ombudsman təsisatında Dilarə Seyidzadə ilə görüş keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Azərbaycan Respublikası Prezidentinin sabiq köməkçisi, Prezident Katibliyinin keçmiş rəisi Dilarə Seyidzadə ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Heydər Əliyev İli" çərçivəsində Ulu Öndərin anadan olmasının 100-cü ildönümü münasibətilə təsisat tərəfindən təşkil edilmiş silsilə tədbirlər barədə danışıb, xalqımızın Ümummilli Liderinin həyat və fəaliyyətinin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin sabiq köməkçisi, Prezident Katibliyinin keçmiş rəisi, tarix elmləri doktoru Dilarə Seyidzadə Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, fəaliyyəti barədə danışıb. O, Ümummilli Liderin ölkəmizin müstəqilliyinin bərpası, qorunması və inkişafı istiqamətində müstəsna xidmətlərindən bəhs edib.

Dilarə Seyidzadə Ombudsman Səbinə Əliyeva tərəfindən "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Görüşdə, həmçinin dövlət qulluqçularının fəaliyyətinin və bacarıqlarının təkmilləşdirilməsi üzrə tövsiyələr verilib, Ombudsman Aparatının əməkdaşlarının sualları cavablandırılıb.

Mətbuat xidməti.