Ombudsman: Avropa ölkələrində islamofobiyanın yayılmasından narahatıq
Digər xəbərlər

Ombudsman: Avropa ölkələrində islamofobiyanın yayılmasından narahatıq

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva İsveçin bərabərlik üzrə ombudsmanı Lars Arrheniusa Stokholmda Türkiyə səfirliyi qarşısında müqəddəs "Qurani-Kərim"in yandırılması ilə bağlı məktub ünvanlayıb.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səbinə Əliyeva Avropa ölkələrində islamofobiyanın yayılmasından narahatlıq duyduğunu ifadə edərək, törədilən əməlin müsəlmanların dini-etiqad azadlığını pozduğunu, həmçinin Avropada ayrı-seçkilik, dözümsüzlük və islamofobiya ilə mübarizənin arzuolunan səviyyədə olmadığını göstərdiyini bildirib.

Məktubda İslam dininə bu cür hörmətsizliyə qarşı İsveç polisinin etinasız münasibətinin qəbuledilməz olduğu vurğulanıb. Eyni zamanda, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud beynəlxalq sənədlərdə təsbit olunmuş vicdan və din azadlığı hüququnun təmini və müdafiəsi sahəsində dövlətlərin öhdəlik daşıdığı diqqətə çatdırılıb.

Yekunda Azərbaycan ombudsmanı belə hadisələrin gələcəkdə təkrarlanmaması və dini nifaq yaradan əməllər törədən şəxslərin ədalət mühakiməsinə cəlb edilməsi üçün İsveçin bərabərlik üzrə ombudsmanı tərəfindən lazımi addımların atılacağına ümidvar olduğunu qeyd edib.