Ölkəmizin həyatında mühüm siyasi hadisə
Digər xəbərlər

Ölkəmizin həyatında mühüm siyasi hadisə

Ölkə Prezidenti cənab İlham Əliyevin ötən il dekabrın 7-də imzaladığı Sərəncama əsasən 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcəkdir. Bu haqda Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, Əməkdar müəllim, ixtiraçı alim, professor, "Tərəqqi" medallı Nurəddin Məmmədov qeyd etdi ki, müstəqilliyin ilk illərindən türk dünyasının fenomeni, əbədiyaşar Heydər Əliyevin gərgin əməyi nəticəsində respublikamızda milli dövlət quruculuğu istiqamətində məqsədyönlü islahatlar həyata keçirildi. Bununla da Azərbaycanda bütün sahələrdə dirçəlişə, tərəqqiyə geniş üfüqlər açıldı.

Dövlət başçısı İlham Əliyevin uğurla həyata keçirdiyi dərin və çoxşaxəli islahatlar nəticəsində ölkəmiz Cənubi Qafqaz regionunda lider dövlətə çevrildi, beynəlxalq aləmdəki mövqeləri daha da möhkəmləndirildi. Eyni zamanda keçmiş Qarabağ problemi Qələbə ilə həll olundu. Vətəndaşlarımız öz doğma torpaqlarına qovuşdu...

Artıq qürurlu Azərbaycan vətəndaşı 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində tam fərqli hisslərlə iştirak edəcəkdir. Belə ki, 30 il işğal altında olan doğma yurdumuzun 20 faizində seçkilərin keçirilməsi mühüm deyildi. Vətənindən qovulmuş, didərgin düşmüş günahsız vətəndaşlarımız öz yurd-yuvalarında deyil, pənah gətirdikləri ərazilərdəki seçki məntəqələrində səsvermə hüququndan istifadə edirdilər.

Qələbəmizlə vəziyyət kökündən dəyişdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti və rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu erməni işğalına son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdi. Bu gün məcburi köçkünlərimiz siyasi həyatımızın əlamətdar hadisəsinə çevriləcək növbədənkənar prezident seçkilərində öz namizədinə doğma şəhər və qəsəbələrindəki yaradılan məntəqələrdə səs verməklə bütöv Azərbaycanın vətəndaşı olmağın qürurunu yaşayacaqlar. Bəli, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri - Zəfər seçkisi kimi tarixə düşəcək, dünya ictimaiyyətinə cəmiyyətimizin birliyini nümayiş etdirəcəkdir.

Yeni Azərbaycan Partiyasının namizədi kimi seçkilərdə iştirak edəcək cənab İlham Əliyev 20 illik fəaliyyəti zamanı verdiyi bütün vədləri uğurla yerinə yetirib. Bütün sahələrdə əldə edilən uğurlarda, istərsə də Azərbaycan xalqının ən böyük problemi olan keçmiş Qarabağ münaqişəsinin həll olunmasında cənab İlham Əliyevin imzası vardır. Sözü imzası qədər keçərli olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyib. Və bu gün görülən işlər, əldə olunan nailiyyətlər ölkə başçımızın sözü ilə əməlinin üst-üstə düşdüyünün məntiqi təsdiqidir.

Qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə qazanılan zəfəri Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur", - deyən ulu öndərin arzusunu reallaşdırdı: "Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".

Qətiyyətlə deyə bilərik ki, milli mənafelərə söykənən strateji siyasi kursun ardıcıllığını təmin edən, Azərbaycan Prezidenti indiyədək keçirilən seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini, etimadını qazanmış, parlaq zəkası, peşəkar idarəçilik qabiliyyəti ilə xalqının Prezidenti olduğunu təsdiq etmişdir.

Məhz praqmatik dövlət başçısının titanik səyi nəticəsində bu gün Azərbaycanın dünya birliyində əlaqələri daha da möhkəmləndirilmiş, əhalinin sosial rifahı yüksəlmiş və Vətənin təhlükəsizliyinin təmin olunması istiqamətində bütün imkanlardan səmərəli istifadə edilmişdir.

Öz lideri ilə hər zaman birlik və həmrəylik nümayiş etdirən Qalib Azərbaycan xalqı bu seçkilərdə də müdrik dövlət başçımızın xarici və daxili siyasətini yekdilliklə dəstəklədiyini ifadə edəcək.

Zabit XƏLİLOV,

"Respublika".