Ölkəmizdə idmanın kütləviliyi təmin edilərək sağlam nəsil formalaşdırılır
MÜSAHİBƏLƏR

Ölkəmizdə idmanın kütləviliyi təmin edilərək sağlam nəsil formalaşdırılır

Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu ölkəmizin idman sahəsində əldə etdiyi uğur və nailiyyətlərdə də özünü təsdiqləyir. O cümlədən artıq tarixə çevrilmiş 2022-ci il də Azərbaycan idmanı üçün möhtəşəm qələbələrlə əlamətdar olub.

Keçən il ölkəmizin keçdiyi dinamik inkişaf yolu idman sahəsini də hərtərəfli əhatə edib. Ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan 9 yanvar tarixli mərasimdə çıxış edərkən xüsusi olaraq vurğuladı ki, ötən il idmançılarımızın əldə etdikləri qələbələr və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha bütün dünyada idman ölkəsi kimi təsdiqləmişdir. Azərbaycan idmançıları 2022-ci ildə mötəbər beynəlxalq yarışlarda 800-dən çox medal qazanıblar ki, onlardan da 300-ə yaxını qızıl medal olmuşdur. Dövlət başçımızın dediyi kimi, mütəmadi olaraq yeni idman ölkələrinin meydana çıxdığı, idman sahəsində rəqabətin durmadan artdığı dünyada ilbəil yüksək nəticələr göstərmək, öz gücünü təsdiqləmək heç də asan məsələ deyil. Lakin idmançılarımız bu vəzifənin öhdəsindən ləyaqətlə gəlirlər. O cümlədən ötən il ölkəmiz dünya və Avropa çempionatlarında layiqincə təmsil olunub. Məlumdur ki, 2022-ci ildə keçirilmiş ən mötəbər idman tədbirlərindən biri də qardaş Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunları olmuşdu. Dünyanın 56 ölkəsinin təmsil olunduğu bu oyunlarda Azərbaycan idmançıları 99 medalla 4-cü yerə layiq görülmüşdülər ki, bu da çox böyük nailiyyətdir.

Artıq bir neçə ildir ki, Azərbaycanda müxtəlif idman növləri üzrə keçirilən dünya və Avropa çempionatları, Avropa oyunları silsilə xarakteri almışdır. Ölkəmizin bir çox beynəlxalq yarışlara evsahibliyi etməsi Azərbaycanın sadəcə idman sahəsində deyil, eyni zamanda digər sahələrdə də dinamik inkişafının göstəricisidir. Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən həyata keçirilən siyasət sayəsində idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Həmçinin müasir gəncliyin milli vətənpərvər ruhda, sağlam və güclü yetişdirilməsi də bu siyasətin nəticəsidir. Dövlətdən dəstək alan qurumlar öz işlərini respublikada bədən tərbiyəsi və idmanın inkişafını təmin etmək, vətənin müdafiəsinə hər an həm fiziki, həm də mənəvi cəhətdən hazır olan gənclər yetişdirmək, müxtəlif idman növləri üzrə milli yığma komandaların ehtiyat qüvvələrinin hazırlanmasına töhfələr vermək prinsipləri üzərində qurmuşlar. Ölkəmizdə idmanın inkişafının bilavasitə dövlət başçısının nəzarətində olması respublikanın bütün regionlarında bu inkişafın sürətlə getməsini təmin edir. Hazırda ölkənin bütün rayon və şəhərlərində idman kompleksləri, Olimpiya mərkəzləri fəaliyyət göstərir. Prezident İlham Əliyevin vurğuladığı kimi, idman qələbələri cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıdır, ölkəmizi təbliğ edir.

Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərinin əsas tərkib hissələrindən biri də bu bölgələrdə idmanın inkişaf etdirilməsidir. Diqqətəlayiq haldır ki, azad edilmiş ərazilərdə keçən il artıq bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Bu, çox böyük tarixi əhəmiyyət kəsb edən bir məqamdır və bu, bir daha təsdiq edir ki, azad edilmiş ərazilər indi yenidən canlanır, həmin torpaqlara həyat qayıdır, insanlar qayıdır. Əminliklə demək olar ki, azad edilmiş bölgələrdə beynəlxalq yarışların keçirilməsi bundan sonra ənənəvi hal alacaqdır. Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə daha da möhkəmlənir.   

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.