Ölkəmizdə COP29-un keçirilməsi dünyada qazanılan etimadın nəticəsidir
Ekologiya

Ölkəmizdə COP29-un keçirilməsi dünyada qazanılan etimadın nəticəsidir

Ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşmasına yönəlmiş dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Dünyanın ən böyük tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyinin Azərbaycana həvalə edilməsi ölkəmizin ətraf mühit sahəsində qlobal səylərə töhfə verməsi ilə yanaşı, iqlim dəyişmələrinin fəsadlarına qarşı fəal mübarizə aparmasının əyani göstəricisidir. 

COP29 iqlim dəyişmələri ilə bağlı yeni yanaşmalara və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verəcək. Eyni zamanda bu, ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun günbəgün artdığını sübut edir. Həm də son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.

COP29 ölkə tarixində keçiriləcək ən böyük tədbir olacaq. Azərbaycanın belə bir mötəbər tədbirə evsahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük dividendlər qazandıracaq. Qeyd edək ki, COP BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün ən üst qurumdur. COP29 tədbiri Azərbaycanın dünyada qazandığı güclü mövqedən, müsbət imicdən və göstərilmiş böyük etimaddan xəbər verir ki, bu da xalqımızın növbəti böyük uğurudur.

Respublikamızda bu ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə töhfə verdiyinin, qlobal ekoloji problemlərdən və ekosiddən əziyyət çəkdiyi halda belə məsələlərin planetar miqyasda həllinə çalışdığının əyani təsdiqidir. Ətraf mühitin qorunması, meşə zolaqlarının və su ehtiyatlarının mühafizəsi, yaşıllıqların artırılması naminə təşəbbüslərin dəstəklənməsi, yeni layihələrin icrasını sürətləndirəcək. Bu kontekstdə ölkəmizdə yaşıl iqtisadiyyat quruculuğu sahəsində də yeni prioritetlər müəyyən ediləcək, xarici investorlarla birgə layihələr icra olunacaq.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir. Bu prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər görülür. 2024-cü ilin əvvəlinə olan statistik məlumatlara görə, flora və faunanın qorunub saxlanılması və təkrar istehsalı üçün ölkədə ümumi sahəsi 120,7 min hektar olan 10 dövlət qoruğu, sahəsi 421,4 min hektar olan 10 milli park və sahəsi 350,8 min hektar olan 24 dövlət təbiət yasaqlığı mövcuddur.     

Tarixi Zəfərimizdən ötən  üç il ərzində,  iqtisadi artımla ekoloji mühitin tarazlığının təmin olunması, ümumi ərazilərdə yaşıllıqların payının artırılması istiqamətində ciddi  addımlar atılmışdır.

"Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı verilən sərəncamda da vurğulandığı kimi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması əsas məsələlərdən biridir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

M.MİRZƏ,

"Respublika".