Ölkələrin təqdimatı üçün real məkan
Siyasət

Ölkələrin təqdimatı üçün real məkan

Növbəti Davos İqtisadi Forumu Azərbaycanın dünya siyasətindəki yerini və çəkisini bir daha göstərdi

"Ölkə inkişaf edir... Biz ölkəmizi beynəlxalq biznes ictimaiyyəti və xüsusilə də, Azərbaycan ilə hələ də əməkdaşlıq etməyən işgüzar dairələrə daha geniş şəkildə təqdim etmək istəyirik. Biz qapılarımızı geniş şəkildə açmışıq və dostlarımızı, tərəfdaşlarımızı Azərbaycanda işləməyə, sərmayə qoymağa dəvət etmək istəyirik... Əlbəttə, Dünya İqtisadi Forumu bu baxımdan ən əlverişli məkandır. Yəni burada beynəlxalq biznes və siyasi dairələrin elitası toplaşır. Beləliklə, aparıcı beynəlxalq şirkətlərin rəhbərləri və nümayəndələri buraya gəlirlər. Ona görə də bura ölkənin təqdimatını keçirmək üçün ən yaxşı məkandır". Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü ildə keçirilən 43-cü Davos İqtisadi Forumunda iştirakı zamanı Davosda "CNN-İnternational" televiziya kanalına müsahibəsində bu fikirləri söyləyərkən ölkəmizin uğurlarının gələcək illər barədə aydın təsəvvür yaratdığını diqqətə çatdırıb.

Davos İqtisadi Forumu (DİF) isveçrəli professor Klaus Şvabın təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. Klaus Şvab həmin ildə İsveçrənin Davos şəhərində Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib. 70-ci illərin ortalarından forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar dəvət edilməyə başladı. 1987-ci ildən etibarən DİF Dünya İqtisadi Forumu adlandırılır.

İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin əks etdirilməsində önəmli rol oynayıb. Burada irəli sürülən fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir.

Azərbaycan ilk dəfə 1995-ci ilin yanvarında Davos İqtisadi Forumunda iştirak edib. Ulu öndər Heydər Əliyev həmin Forumda çıxışı zamanı demişdir: "Zəngin neft və qaz yataqları, digər təbii sərvətləri olan Azərbaycan müasir dünyanın istifadə etdiyi prinsiplər əsasında xarici investisiyalar, xarici şirkətlərlə əməkdaşlıq üçün, dünya üçün açıqdır".

Prezident İlham Əliyev bir neçə dəfə Davos İqtisadi Forumunda Azərbaycanı təmsil edib, burada iştirak edən müxtəlif ölkələrin dövlət və hökumət başçıları, iri şirkətlərin rəhbərləri, beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri ilə görüşüb, danışıqlar aparıb. İlham Əliyev DİF-də dövlət başçısı kimi ilk dəfə 2007-ci ilin yanvarında iştirak edib.

Davosa səfəri çərçivəsində dövlət başçısı Dünya İqtisadi Forumunun icraçı prezidenti Klaus Şvabla görüşüb. Klaus Şvab Azərbaycan Prezidentinin bu mötəbər Forumda iştirakının əhəmiyyətini vurğulayıb, Azərbaycanın enerji sahəsində artan rolunu, regional əməkdaşlıqda iştirakını yüksək qiymətləndirib.

Azərbaycan Prezidentinin Dünya İqtisadi Forumunun növbəti toplantısındakı iştirakı da yaddaqalan olub. Belə ki, dövlət başçısı bu il yanvarın 17-də Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib. "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti, "Kromatix SA" şirkətinin baş icraçı direktoru, "Carlsberg Group" şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb. Yanvarın 18-də Azərbaycan Prezidentinin BP Qrupunun baş icraçı direktoru Bernard Luni ilə də görüşü olub. Görüşdə BP şirkətinin Azərbaycanda uzun müddət fəaliyyət göstərdiyi vurğulanıb, ölkəmizin enerji layihələrinin yeni mərhələyə keçidi, qaz həcminin artırılması, bərpaolunan enerji layihələrində BP şirkətinin fəal iştirakı, mövcud layihələrin genişləndirilməsi məsələsi müzakirə olunub.

Dövlət başçısının "Signify" şirkətinin baş icraçı direktoru ilə görüşündə icraçı direktor Erik Rondolat Prezident İlham Əliyevə Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə - Şuşa və Ağdam şəhərlərində həyata keçirilən layihələrin gedişatı və perspektivləri barədə məlumat verib. İlham Əliyev "Signify" şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib.

Azərbaycan və Litva prezidentlərinin görüşündə regional məsələlər, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi, həmçinin Azərbaycan ərazisində Laçın-Xankəndi yolunda baş verən hadisələr barədə fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Laçın yolundakı hadisələrlə əlaqədar manipulyasiya ilə məşğul olduğunu və yalan məlumatlar əsasında guya yolun bağlandığını iddia etdiyini deyib. Prezident İlham Əliyev yolun mülki şəxslər və mülki təyinatlı yüklərin keçidi üçün açıq olduğunu, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə humanitar yüklərin sərbəst hərəkətinin təmin edildiyini bildirib.

Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti ilə görüşdə ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi, Bankın Azərbaycanda mühüm layihələrdə iştirak etdiyi vurğulanıb. Avropa Yenidənqurma və İnkişaf Bankının Cənub Qaz Dəhlizinin reallaşmasına töhfəsi xüsusi qeyd edilib.

Dövlət başçısı "Adani Group" şirkətinin təsisçisi və sədri Qautam Adani ilə görüşüb, Azərbaycanın Şərq və Şimal-Cənub nəqliyyat dəhlizlərinin təşəbbüskarı və əsas nəqliyyat-logistika qovşaqlarından biri olduğu vurğulanıb, bu xüsusda əməkdaşlığın perspektivləri müzakirə edilib. Həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi kontekstində Azərbaycan ərazisindən keçən Orta Dəhlizin əhəmiyyəti xüsusi qeyd olunub.

Monteneqronun baş naziri Dritan Abazoviçlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşündə ölkəmizlə Monteneqro arasında dostluq münasibətlərinin olduğu bildirilib, ölkələrimizin turizm, investisiyalar və enerji sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı Cənubi Qafqaz regionundakı vəziyyət barədə məlumat verib, Ermənistanın müxtəlif yalan məlumatlar əsasında bir sıra beynəlxalq təsisatlarda Azərbaycana qarşı təbliğat apardığını qeyd edib. Dritan Abazoviç qeyd edib ki, Monteneqro hər zaman Azərbaycanı dost ölkə hesab edir.

Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ilə görüşdə Azərbaycanla Forum arasında uğurlu əməkdaşlığın aparıldığı və bu əlaqələrin inkişafına hər iki tərəfdən böyük önəm verildiyi bəyan edilib. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Dördüncü Sənaye İnqilabı Mərkəzinin uğurlu fəaliyyəti, bunun Davos İqtisadi Forumu ilə əməkdaşlığın müxtəlif aspektlərinin daha da genişləndirilməsinə töhfə verdiyi vurğulanıb.

Dövlət başçısı Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel iclasında da iştirak edib.

Azərbaycan Prezidenti keçirdiyi görüşlərdə ölkəmizin uğurlarını, qarşıdakı vəzifələrini, Azərbaycanın sülh tərəfdarı olduğunu bir daha bütün dünyaya bəyan etdi.

Zümrüd QURBANQIZI,

"Respublika".