Nümunəvi səhiyyə xidməti üçün bütün imkanlardan istifadə edilir
Səhiyyə

Nümunəvi səhiyyə xidməti üçün bütün imkanlardan istifadə edilir

Cəbrayıl

İşğaldan azad olunmuş yurd yerlərimizdə geniş abadlıq-quruculuq işləri aparılır. Cəbrayıl şəhərində artıq bu işlərin gözəl nümunələri yaranmaqdadır. Ailə Sağlamlıq Mərkəzi (ASM) keçən ilin noyabr ayında Cəbrayıl şəhərində fəaliyyətə başlayıb. Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Anar Zamanovla söhbət edərkən öyrənirik ki, işğaldan azad edilmiş Cəbrayıl şəhərində fəaliyyətə başlayan mərkəz Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının nəzdində yaradılıb:

- Ailə Sağlamlıq Mərkəzi 6 otaqdan ibarətdir. Tibb müəssisəsində Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasından ezam olunan 16 nəfər (tibb və qeyri-tibb) növbəlilik əsasında xidmət göstərir. Hər növbədə həkim, tibb bacısı, sürücü və xadimə 24 saat fasiləsiz vətəndaşların xidmətindədir. Mərkəzdə təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib və ambulansla təchiz olunub. Ailə Sağlamlıq Mərkəzinə fəaliyyətə başladığı gündən indiyə kimi çoxsaylı müraciətlər qəbul olunub və tibbi xidmət göstərilib. Mərkəz USM və EKQ cihazları, dərman preparatları ilə təmin olunub. Yeri gəlmişkən deyim ki, ASM ilə yanaşı, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının kollektivi də əhaliyə nümunəvi səhiyyə xidməti göstərmək üçün bütün imkanlardan istifadə edir.

Ölkəmizdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri bizdə əminlik yaratmışdır ki, tezliklə işğaldan azad olunmuş Cəbrayıl rayonuna da qayıdış başlayacaq. İndidən tibbi xidməti yüksək səviyyədə qurmaq üçün bütün imkanlardan istifadə edirik. Rayon səhiyyəsinin əsas problemlərindən olan ixtisaslı kadr çatışmazlığı qısa müddətdə aradan qaldırılmışdır. Xidmətin fəaliyyət keyfiyyətini artırmaq üçün yeni ştatlar açılmış və yeni işçilər qəbul edilmişdir. Bunlardan 22 nəfər orta tibb, 2 nəfər ali təhsilli psixoloq, 27 nəfər qeyri-tibb işçisi, 7 nəfər həkim heyətidir. Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsində 5-i həkim, 6-sı çağırış üzrə tibb bacısı, 3-ü feldşer olmaqla, 6 operativ nəqliyyat vasitəsi 24 saat fasiləsiz xidmət göstərir. 50 çarpayılıq xəstəxana 2005-ci ildə istifadəyə verilib. Biləsuvar rayonu ərazisində 3 saylı məcburi köçkün qəsəbəsində yerləşən xəstəxananın binasında son bir neçə ay ərzində idaretmə aparatı, sığortanın təşkili və innovasiya, maliyyə, insan resursları, ümumi, dəstək xidmətləri, xəstə xidmətləri, tibb bacıları, poliklinika, ginekologiya və digər şöbələrdə təmir işləri aparılıb. Mərkəzi Rayon Xəstəxanası respublikanın müxtəlif ərazilərində yerləşən, tabeliyindəki tibb müəssisələrinin işinə nəzarət edir, qarşıya çıxan problemlərin həllində öz köməkliyini göstərir. Saatlı və Sabirabad rayonlarında, Cocuq Mərcanlıda, habelə Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə yerləşən tibb müəssisələri mal-material təchizatı, tibbi personal və digər problemlərlə üzləşmirlər.

Əhali ilə sıx işləmək, sakinləri narahat edən məsələlərin həllində onlara yardımçı olmaq səhiyyə xidmətində prioritetdir. Bu məqsədlə, ay ərzində 5 dəfə vətəndaşların qəbul günlərini keçiririk. İki dəfə xəstəxanada, üç dəfə tabeli tibb və həkim məntəqələrində sakinlərin tibb sahəsində olan problemləri dinlənilir. Qaldırılan məsələlərin bir çoxu yerində öz həllini tapır, bəzilərinin həlli nəzarətə götürülür.

Ölkəmizin iqtisadiyyatı möhkəmləndikcə, səhiyyə sahəsində xidmətlər daha əlçatan olmuşdur. Artıq bir neçə ildir ki, vətəndaşlar icbari tibbi sığortanın yaratdığı imkanlardan asanlıqla yararlanır, dövlət və özəl xəstəxanalara göndərişlə təmin edilirlər. Bu ilin 6 ayı ərzində rayon sakinlərinə Publik Hüquqi Şəxsin Sığortanın təşkili və innovasiya şöbəsi üzrə 944 tibbi göndəriş vərəqəsi verilmişdir. Bunlardan 754-ü dövlət tibb müəssisələrinə, 194-ü isə özəl tibb müəssisələrinə aiddir.

Razılıq hissi ilə deməliyəm ki, TƏBİB-in qayğı və diqqətini daim öz hiss edirik. Tələb aydın və xeyirxah niyyətlidir: insanların sağlamlığını qorumaq, tibbi xidməti günün tələbləri səviyyəsində qurmaq.

Tofiq HÜSEYN,

"Respublika".