NOVRUZU GÖYÇƏMİZDƏ DƏ QEYD EDƏCƏYİK...
Sosial həyat

NOVRUZU GÖYÇƏMİZDƏ DƏ QEYD EDƏCƏYİK...

…Mən inanıram, tam inanıram ki, bizim bölgədə hər şey ədalət naminə dəyişəcəkdir. Azərbaycan xalqının bu əzab-əziyyətinə görə onun xeyrinə dəyişəcəkdir. Siz gələcəkdə mütləq və mütləq gedib öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm…

Heydər ƏLİYEV,

Ümumilli lider.

XIX əsrin əvvəllərindən başlayaraq düşünülmüş, məqsədyönlü şəkildə erməni şovinistləri azərbaycanlıları öz tarixi Azərbaycan torpaqlarından, ata-baba yurdlarından didərgin salmış, onların əmlaklarını talamış, evlərini yandırmış, onlara divan tutaraq deportasiya həyata keçirmişlər. Erməni faşistləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı, yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar. Qərbi Azərbaycanın dilbər guşələrindən olan, ulu babalarımızın, nurlu nənələrimizin ruhları yaşayan, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən Göyçə gölünün nəğməli sahillərində uyuyan, əslən həmin mahaldan olan Gəncə Ağsaqqallar Şurasının sədri, "Tərəqqi" medallı, Əməkdar müəllim, professor Nurəddin Məmmədovla həmsöhbət olduq. Nurəddin müəllim dedi: Azərbaycan Prezidenti cənab İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında həmin mahaldan olan bir qrup ziyalı ilə görüşündə qeyd etmişdir: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır. Göyçə, Zəngəzur, İrəvan bizim tarixi torpaqlarımızdır. Biz, azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və o torpaqlara qayıdacağıq. Biz tariximizi heç vaxt unutmamalıyıq".

Əslində bu cəsarətli çağırış bizi gələcəyə istiqamətləndirən bir yol xəritəsidir. Çünki müqəddəs torpaq həsrəti üçün hamımızın qəlbimiz bir vurur. Bəli, Göyçə mahalı oğuz türklərinin ən qədim yaşayış məskənlərindən biri olmuşdur. Şah dağından baxanda bu mahal ortasına ayna salınmış güllü bir nəlbəkini xatırladır. Göyçə mahalı çox qədim zamanlardan bəri el şairlərinin vətəni olmuşdur və orada yaşayıb-yaratmış saz ustaları aşıq sənətini yaşadıblar. Buranın əhalisi şad günlərdə, qəmli anlarda qədim qopuzun varisi olan sazı kökləmiş və onun sədaları ilə ürək çırpıntısını, daxili sızıltısını ifadə etmişdir. Göyçənin elə bir guşəsi yoxdur ki, orada türk-oğuz izlərinə rast gəlinməsin. Toxluca kəndindəki Qanqalı dağı, Göyərçin kəndində Qara Quzey dağı, Zod aşırımında soyuq bulaq uzaq keçmişdən bu günə kimi oğuz türklərinin daş yaddaşı olub. Göyçə elinin şifahi xalq ədəbiyyatı nümunələrindəki mifoloji varlıqlar haqqında inanclarının kökü qədim dövrə gedərək tanrıçılıq, şamançılıq dünyagörüşünə söykənir. Geniş münbit otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olmuşdur. Olduqca zirək, cəsarətli, qoçaq olan bu insanlar özləri üçün hər bir şərait yaratmış, firavan yaşamışlar. Amma xəbis, naxələf, hiyləgər erməni daşnakları zaman-zaman bu dinc xalqa qarşı çirkin niyyətlərini həyata keçiriblər. Ermənilər çox yaşayan ərazilərdə azərbaycanlılara sataşır, alçatmağa çalışırdılar, amma mərd, cəsur insanlar bunun qarşısını ləyaqətlə alırdılar. Nəhayət, məlum hadisələrdən sonra onlar açıq-açığına baş qaldırmağa başladılar. Belə ki, ümummilli lider Heydər Əliyevin keçmiş sovetlər birliyi Nazirlər Sovetindən istefası ilə onların daha da əl-qolu açıldı. Bundan sonra isə erməni millətçiləri öz havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Kəndlərimizin tarixi adları kütləvi şəkildə dəyişdirildi, toponimika tarixində misli görünməyən hadisə - qədim toponimlərin müasir erməni adları ilə əvəzolunma prosesi baş verdi. 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından-indiki Ermənistandan növbəti deportasiyası baş verdi, nəticədə 250 min azərbaycanlı öz vətənindən qaçqın düşdü. Neçə-neçə ailə başsız qaldı, bəziləri isə ömürlük əlilə çevrildilər. 20 Yanvar faciəsi törədildi və bütün dünya buna susdu... 21 yanvar 1990-cı ildə qorxmadan, çəkinmədən, həyatını təhlükəyə ataraq, böyük cəsarətlə Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törədilməsi səbəblərini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi.

Bu gün Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyi və real beynəlxalq vəziyyət ötən əsrdən tamamilə fərqli olduğuna görə tam əminik ki, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli nəticəsində doğma Qərbi Azərbaycandakı torpaqlarımıza qayıdış, daşnak ideyalarının davamçılarının isə öz yerlərində oturdulması mümkün olacaqdır. Bu gün böyük fəxarətlə, qürurla deyirik ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev həyata keçirdiyi düşünülmüş və qətiyyətli siyasəti ilə xalqımızın arzusunu və ulu öndərin vəsiyyətini yerinə yetirdi. Artıq Novruz bayramı işğaldan azad olunmuş torpaqlarımızda, doğma Qarabağımızda böyük şadyanalıqla, təmtəraqla qeyd olunur. "Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim!", - deyən möhtərəm Prezidentimiz İlham Əliyev həm də 30 illik bir həsrətə son qoydu, müdrik Azərbaycan xalqının arzularını, istəklərini reallaşdırdı, həyata keçirdi. İşğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. Bu il də Novruz bayramının düşmən tapdağından azad edilən torpaqlarda qeyd edilməsi müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu səhifəsidir. Tam əminliklə deyə bilərik ki, yenə də Göyçəmizdə bayram tonqalları yanacaq. Novruz adət-ənənələrimiz davam edəcək. Bəli, tarix təkrarlanır... Qərbi Azərbaycanlılar tezliklə öz torpaqlarına qovuşacaqlar... Bunu Müzəffər Ali Baş Komandan, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günə düşmən üzərində möhtəşəm qələbəsi, dünyada hərbi gücümüzün, qüdrətimizin, Azərbaycan əsgərinin cəsarəti, igidliyi, qəhrəmanlığı böyük inam yaradıb.

Zabit XƏLİLOV,

"Respublika".