Növbəti səyyar görüş
Region

Növbəti səyyar görüş

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü Energetiklər yaşayış massivindəki Naxçıvan küçəsi ərazisində oldu. Görüşə şəhərin müxtəlif küçə və məhəllələrindən sakinlər də gəlmişdilər.

İcra Hakimiyyətinin başçısı sakinləri salamladıqdan sonra sentyabr ayının 12-dən 13-nə keçən gecə Kəlbəcər, Laçın, Daşkəsən istiqamətində düşmənin törətdiyi növbəti təxribatdan danışaraq vətən torpaqlarının azad olunması, qorunması uğrunda həlak olan bütün şəhidlərimizin xatirəsini yad etdi. 44 günlük Vətən müharibəsindəki zəfər tariximizdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan abadlıq-quruculuq işlərindən bəhs etdi. Bildirdi ki, bu cür səyyar görüşlər ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq keçirilir, əsas məqsəd isə sakinləri narahat edən problemləri öyrənmək və həllinə nail olmaqdır. Artıq şəhərdə kanalizasiya sisteminin yenidən qurulması işləri sürətlə davam etdirilir.

Naxçıvan küçəsindəki 46,48, 48/1, 53/3, 50/2, C.Əliyev küçəsindəki 1, 2, 13, 13A saylı binaların sakinləri çıxış edərək qarşılaşdıqları problemlərdən söz açdılar. Saniyə Əbdürrəhmanova istilik sisteminin olmaması səbəbindən qış aylarında xəstəliklərdən əziyyət çəkdiyini bildirdi. Polad Səfərov zirzəmilərdəki su yığıntısının antisanitariya yaratdığından, Ramiz Məmmədov məhəllədə işıqlanmanın olmamasından, Məlahət Nəsibova əqli və fiziki qüsurlu övladının təqaüdünün kəsilməsindən, Tofiq Rəsulov və Mahud İsmaylov kanalizasiya və işıqlanma sahəsindəki problemlərdən bəhs etdilər. Anar Səbzəliyev, Aygün Nəbiyeva yaşadıqları binaların ümumi istifadə sahələrinin, dam örtüyünün əsaslı təmirə ehtiyacı olduğunu diqqətə çatdırdılar. Bağlar yaşayış massivindən gələn Könül Qurbanova da üzləşdiyi problemdən danışdı.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan bütün məsələləri diqqətlə dinlədikdən sonra keçmiş regenerat zavodunun ərazisində yeni fabriklərin tikiləcəyini və bunun sayəsində yeni iş yerlərinin açılacağını bildirdi. Görüşdə iştirak edən icra hakimiyyəti başçısı aparatının məsul şəxslərinə, idarə, müəssisə, təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi. Yekun olaraq sakinləri tam əmin etdi ki, qaldırılan hər bir məsələ nəzarətə götürüləcək və vaxtında həllini tapacaqdır.

Zabit XƏLİLOV,

"Respublika".