Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin sənədlərinin qəbulu başa çatır
Digər xəbərlər

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin sənədlərinin qəbulu başa çatır

Əhaliyə göstərilən hüquqi xidmətin keyfiyyətinin yüksəldilməsi və notariat fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində notariuslar korpusunun şəffaf prosedurlarla formalaşdırılması üzrə ardıcıl işlər davam etdirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla bağlı Ağcabədi, Gədəbəy, Xaçmaz, İmişli, Kürdəmir, Lənkəran, Şamaxı, Ucar, Zərdab rayonlarında, habelə Gəncə və Mingəçevir regional "ASAN xidmət" mərkəzlərində notarius vəzifələrində fəaliyyət göstərmək istəyən qanunvericiliyin tələblərinə cavab verən hüquqşünaslar cari ilin yanvarında elan edilmiş müsabiqədə iştiraka dəvət olunublar. Namizədlərin sənədlərinin qəbulu davam etdirilir.

Müsabiqə üzrə test imtahanının cari ilin mayında keçirilməsi nəzərdə tutulub. Bununla əlaqədar ərizələrin qəbulunun aprelin 1-də başa çatdırılması qərara alınıb.

"Notariat haqqında" Qanuna əsasən, namizədlər tərəfindən təqdim olunmuş sənədlərin qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılacaq.

Müsabiqədə iştirak edəcək hüquqşünasların test imtahanına mükəmməl hazırlaşmalarına kömək məqsədilə Ədliyyə Akademiyası tərəfindən xüsusi hazırlıq kursları təşkil olunacaq.

Test imtahanının, həmçinin hazırlıq kursunun vaxtı və yeri barədə məlumat veriləcək.

Əlavə informasiyanı nazirliyin internet saytından (www.justice.gov.az), habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.

AZƏRTAC