Nazir Ceyhun Bayramov AFR Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindner ilə görüşüb
Siyasət

Nazir Ceyhun Bayramov AFR Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindner ilə görüşüb

İyulun 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindner ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə iki ölkə arasında ikitərəfli, eləcə də çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Almaniya arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəniyyət, təhsil və s. sahələr üzrə münasibətlərin inkişaf dinamikasının məmnunluq doğurduğunu qeyd edərək, yüksək səviyyəli səfərlərin, o cümlədən siyasi təmasların bu dinamikanın artımında əhəmiyyətli yer tutduğunu bildirib. Bu xüsusda, iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi perspektivlərinin müzakirəsi istiqamətində siyasi məsləhətləşmələr mexanizminin vacibliyi vurğulanıb.

Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Bu xüsusda, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən davamlı hərbi-siyasi təxribatların, mina təhdidinin davam etdirilməsinin sülh prosesinin qarşısında duran maneələrdən olduğu diqqətə çatdırılıb.

Dövlət naziri Tobias Lindner, Azərbaycan və Almaniya arasında mövcud əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar olduğunu bildirib. O, müxtəlif sahələr, xüsusilə ənənəvi və alternativ enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığın daha da inkişafı üçün geniş imkanların mövcudluğunu qeyd edib. Almaniyanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində göstərilən səyləri alqışladığı diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.