Naxçıvana muxtariyyət verilməsi tarixiliyi, əhəmiyyətliliyi ilə xalqımızın həyatında mühüm rol oynayıb
Digər xəbərlər

Naxçıvana muxtariyyət verilməsi tarixiliyi, əhəmiyyətliliyi ilə xalqımızın həyatında mühüm rol oynayıb

1924-cü il fevralın 9-da Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası yaradılmışdır

"Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq".

Heydər ƏLİYEV,

Ümummilli lider.

Zəngin dövlətçilik tarixinə malik olan  qədim Naxçıvan Atabəylər dövlətinin mərkəzi olmuşdur. 1924-cü ildə  muxtariyyət  statusu verilən bu qədim diyar tarixin sərt sınaqlarından, keşməkeşlərindən mətanətlə çıxmış, mövcudluğu dövründə münaqişələrə, istilaçıların, işğalçıların zülmünə boyun əyməmişdir.

1920-ci ildə Azərbaycanın əzəli torpağı olan Zəngəzurun Ermənistana verilməsi nəticəsində Azərbaycandan ayrı düşmüş Naxçıvana  dövlətimizin tərkibində  muxtariyyət verilməsi  onun strateji əhəmiyyətini göstərən tarixi hadisə idi. Lakin bu qərar həm də xalqımızın əbədi torpaqlarını iki yerə böldü. Əslində, dövrün gərgin, mürəkkəb bir tarixi şəraitində, diplomatik mübarizələr fonunda əldə olunan bu hadisə  zamanın hökmündən  yaranmışdır. Belə ki, 1919-cu ildə Zəngəzur mahalının rus imperiyası tərəfindən Ermənistana peşkəş edilməsindən sonra növbə Naxçıvana çatmışdı. İrəvan və Naxçıvanın da mənfur ermənilərə güzəştə gediləcəyi istisna deyildi. Bu baxımdan, Naxçıvana  muxtariyyət verilməsi, əhəmiyyətliliyi ilə xalqımızın həyatında mühüm rol oynamış tarixi nailiyyətimizdir.

Naxçıvanı, o cümlədən İrəvanı ermənilərə verməyi planlaşdıran, regionda marağı olan güclü dövlətlərin himayədarlığı ilə mənfur qonşularımız Naxçıvan camaatına zülmlər edir, soyqırımları törətməklə,  işgəncələr verməklə  xalqı doğma torpaqlarından çıxarmağa çalışırdılar. Lakin ermənilərin hərbi müdaxilələri, xalqa etdiyi zülmlər naxçıvanlıların iradəsini sındıra bilməmiş, onlar Azərbaycana birləşmək üçün qətiyyətlə mübarizə aparmışlar. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında demişdir: "İgid naxçıvanlılar, şərurlular... bu məsələni özləri həll etdilər. Onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa - Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar. Haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar".

Naxçıvanı ələ keçirmək istəyən ermənilərin bu istəyinin qarşısını almaq, burada vahid idarəçiliyi təmin etmək üçün Azərbaycanın daxilində Naxçıvanın muxtariyyət əldə etməsindən ötrü, ilk növbədə, yerli əhali silahlı mübarizəyə qalxaraq Vətənə xidmət nümunəsi göstərmişdir. Digər tərəfdən isə tarix boyu  saysız-hesabsız ziyalılar, elm adamları yetişdirən bu torpağın işıqlı insanları bu yolla nəticə əldə olunmayacağını yaxşı bildiklərindən öz mübarizələrini  siyasi yolla aparırdılar. O zamanlar Azərbaycanın ədliyyə naziri olmuş Behbud ağa Şahtaxtinski  mərkəzi hakimiyyətin Naxçıvanın  Ermənistana verilməsi barədə bəyanatına  kəskin etirazını bildirmiş, Naxçıvana gələrək yerli camaatın mərkəzi hakimiyyətə qarşı kütləvi etirazını təşkil etmişdir. Xalqın ayağa qalxması nəticəsində mərkəzi hakimiyyətin bu barədə qərar verməsinin qarşısı alınmışdı. İlk növbədə xalqın inadlı mübarizəsi, həmçinin hər zaman olduğu kimi, qanı bir, canı bir  qardaş ölkənin - Türkiyənin dəstəyi ilə Naxçıvanın Azərbaycanın tərkibindən alınıb Ermənistana verilməsi ermənilərin xəyalına çevrildi. Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən Moskva və  Qars müqavilələrinin imzalanması bu faciənin  qarşısını aldı.  1921-ci ildə imzalanmış tarixi   Qars müqaviləsinin 5-ci maddəsində qeyd olunur:  "Türkiyə hökuməti və Sovet Ermənistanı və Azərbaycanı hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilən sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi yaradır". 

Ulu öndər Heydər Əliyev Naxçıvanın muxtariyyət statusu almasında xalqın rolunu hər zaman yüksək qiymətləndirmiş və tarixi hadisənin önəmini vurğulayaraq demişdir: "Naxçıvana muxtariyyət vermək, Moskva, Qars müqavilələrində Naxçıvanın müqəddəratını o illərdə həll etmək asan məsələ deyildi. Amma o vaxt milli mənafeyini qoruyan adamlar bunu etdilər. Mən bunu tarixi nailiyyət hesab edirəm... Kim Azərbaycanın milli mənafelərinin keşiyində durubsa, ona xidmət göstəribsə, o insanlar bizim tariximizdə həmişə hörmətlə yada saIınmalı və tariximizə daxil olmalıdırlar".

Bəli, dövr, zaman yetişib. Bir vaxtlar sovet Rusiyasının Ermənistana hədiyyə etdiyi,  türkdilli ölkələri parçalayan, bölən,  qədim Zəngəzur  mahalından  keçəcək dəhliz indi coğrafi baxımdan iki yerə bölünən türk dünyasını  birləşdirəcək.  Ədalətin  bərpası olan  Zəngəzur dəhlizinin açılması nəinki Azərbaycanda, bütün  türk dünyasında  yeni bir mərhələnin başlanğıcını qoyacaq, Avropa ilə Asiyanı bağlayacaq əsas xətt, türk dünyası arasında yaranmış  körpü olacaq. Azərbaycan xalqının  103 il bundan əvvəl  əlindən alınmış Zəngəzura qayıtması ilə bir-birindən məsafə baxımından ayrı düşmüş Naxçıvanla Azərbaycanın birbaşa əlaqəsi təmin olunacaq.

Mehparə ƏLİYEVA,

"Respublika".