Monumental əsərlər müəllifi
Mədəniyyət

Monumental əsərlər müəllifi

Rəssam, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, SSRİ-nin və Azərbaycanın xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Toğrul Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakıda anadan olub. Ötən əsrin əllinci illərində yaradıcılıq dünyasına qədəm qoyan Toğrul Nərimanbəyov öz fitri istedadı ilə ölkəmizdə və xaricdə tanınıb. Əslən Şuşalı olan rəssam 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litvada Vilnüs Rəssamlıq İnstitutunu başa vurub.

Yaradıcılığına "Bayıl mənzərəsi", "Fırtınadan da güclü", "Səadət", "Sevinc", "Həyat naminə", "İşıqlı gələcək uğrunda" kimi əsərlərlə başlayan laureatın mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnib. Rəssamın əsərləri bu gün dünya səviyyəsində tanınır, öz fərqliliyi ilə seçilir. Toğrul Nərimanbəyovun özünəməxsus üslubunun əsas xüsusiyyətlərdən biri dekorativ Azərbaycan incəsənətinə xas rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlı olub.

Rəssam fəaliyyəti dövründə bir çox sahələrə canlılıq gətirib, öz izini qoyub. Təzad və şərtilik, ənənəvilik və müasirlik kimi müxtəlif yanaşmaları öz əsərlərində harmonik şəkildə məharətlə əks etdirən rəssam ayrı-ayrı tamaşalara verdiyi bədii tərtibatlarla Azərbaycan teatr rəssamlığının dəyərli nümunələrini yaradıb.

Toğrul Nərimanbəyov eyni zamanda gözəl səs tembrinə malik olub. O, Azərbaycanın və dünya vokal sənətinin şah əsərlərini ifa edərək öz məlahətli səs tembri ilə insanları valeh edib. Rəssam televiziya çıxışlarının birində bildirib: "Muğamı çox sevirəm, lakin ifa edə bilmirəm, ifa olunarkən gözlərimdən yaş axır".

Xəlqilik ruhu ilə seçilən tabloları əsasən monumental boyakarlıq və divar rəssamlığı janrında işlənib. Rəssamın "Emalatxanada", "Kafedə", "Qız Qalası", "Talış dağlarında", "Yaylaqda", "Çoban ailəsi", "Məhsul bayramı", "Bağda çayxana", "Bakıda bazar" kimi əsərlərinin hər biri haqqında geniş məqalələr, təhlili yazılar verməyə layiq sənət nümunələridir. Toğrul Nərimanbəyovun əsərlərinə diqqət yetirəndə insanın burnuna sanki öz doğma dədə-baba torpaqlarının qoxusu, ətri gəlir. Əsərləri seyr etdiyimiz zaman insanın ürəyi ilıq, doğmalıq hissləri ilə dolub daşır. Onun əsərləri sanki insanla danışır və canlıdırlar. Öz rəngarəngliyi ilə seçilən əsərlər bu gün də yeni rəssamların yoluna işıq tutur. Sanki bərəkətli bir bayram süfrəsini xatırladan əsərlərdə millilik göz oxşayır. Onun əsərlərində xüsusi yer tutan nar simvolu isə əvəzsizdir. Rəsmlərdəki nar simvolu Göyçaydan Bakıya, oradan Parisə, Nyu-Yorka, İstanbula, Londona, Moskvaya və neçə-neçə uzaq şəhərlərə gedib çıxır. Rəssam nara olan münasibətini belə ifadə edib: "Mən narı xüsusilə, Göyçaya gedəndən sonra sevdim. Bakıya qayıtdım və onları çəkməyə başladım. Sonralar isə aludə olub nar mövzusunda bir sıra rəsmlər çəkdim. Onda anladım ki, nar özündə çoxlu məna, fikir daşıyır. O elə bardır ki, insana bayram bəxş edir. Nar çəkəndə məni elə hiss bürüyür ki, sanki nar şirəsi içirəm. Təzələndirir, gümrahlandırır, fərəh verir. Nar fenomenal, açılmamış bir bardır. Onun keyfiyyəti on illər boyunca açılacaq. İnsanlar ona çox və daha çox heyran olacaqlar. Bir sözlə, mən narı sevirəm. Mən onları yalnız çöldən çəkmirəm, həm içini, həm də mahiyyətini çəkirəm".

Toğrul Nərimanbəyovun bu cür əsərlərinə "Natürmort narlar", "Narlar", "Natürmort nar ağacı" və başqalarını misal göstərmək olar.

Öz əsərləri ilə insanları valeh edən rəssam 2 iyun 2013-cü ildə Parisin hospitallarının birində vəfat edib.

Töhfə SƏMƏDOVA,

"Respublika".