Milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı
Digər xəbərlər

Milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən Konstitusiya islahatları ilə bağlı 2016-cı il sentyabrın 26-da baş tutan referendumun nəticələrinə görə Azərbaycanda Birinci vitse-prezidentlik institutu yaradıldı. Prezident İlham Əliyevin islahatlar kursunun təzahürü kimi qiymətləndirilən bu təşəbbüs Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi əlamətidir.

2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması xalqımız tərəfindən böyük sevinc hissi ilə qarşılandı. Birinci vitse-prezident kimi ilk çıxışı zamanı Mehriban xanım Əliyeva qeyd etmişdir: "Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır... Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam".

Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyəti çoxşaxəlidir. O, mütəmadi olaraq cəmiyyətin ən həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, zəngin mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa böyük səy göstərir. Əlamətdar haldır ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi öz ilk müşavirəsini məcburi köçkün soydaşlarımızın problemlərinə həsr etmişdir.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlanan və Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər sayəsində ölkəmizin nüfuzu daha da artmışdır. Onun rəhbərliyi və təşkilatçılığı ilə keçirilən tədbirlər Azərbaycanın güclü dövlət olduğunu bir daha nümayiş etdirmişdir. Azərbaycan və dünya ictimaiyyəti 2017-ci ildə Bakının evsahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları zamanı Birinci vitse-prezidentin yüksək təşkilatçılıq qabiliyyətinin bir daha şahidi oldu. Həmçinin, Mehriban xanım Əliyevanın 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması tarixi hadisədir. Azərbaycan cəmiyyəti istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də ölkəmizin yüksək səviyyədə evsahibliyi etdiyi müxtəlif beynəlxalq tədbirlərin təşkilat komitələrinin rəhbəri kimi fəaliyyətində Mehriban xanımın yüksək təşkilatçılıq bacarığının, məqsədyönlülüyünün dəfələrlə şahidi olub.

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən ərazilərə səfərləri zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevlə birgə olan Mehriban Əliyeva Birinci vitse-prezident kimi, həm də birinci xanım kimi missiyasını sədaqətlə yerinə yetirir. Bu ərazilərə səfərləri zamanı Müzəffər Ordumuzun qalib əsgərləri ilə görüşlərində bir vətəndaş, ana kimi sevincini bölüşən Mehriban xanım ermənilər tərəfindən dağıdılmış tarixi abidələri, məscidləri, kilsələri ürəkağrısı ilə seyr edir. Rəhbərlik etdiyi Fondun dəstəyi ilə quruculuq, abadlıq işlərinin aparılacağını bildirir. Öz çıxışlarında insanları birliyə, həmrəyliyə çağıran Mehriban xanım dağıdılmış kəndləri, şəhərləri erməni vandalizminin, qəddarlığının nəticəsi adlandırır. Dünyaya erməni terrorunun, vəhşiliyinin mahiyyətini açıqlayır.

Mehriban xanımın humanitar missiyası bu il fevralın 6-da qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı bir daha öz təsdiqini tapdı. Ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi tədbirlərlə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən də Türkiyəyə yardımların göndərilməsinə başlanıldı. Bir neçə gün ərzində Fondun təşkilatçılığı ilə toplanan müxtəlif yardımlar yüklənmiş 2 təyyarə Türkiyəyə göndərildi, hazırda yardımların toplanması və digər köməkliklərin göstərilməsi davam edir.

Milli dəyərlərə sadiqlik Mehriban xanım Əliyevaya xalqın rəğbət və sevgisini qazandırıb. Bütün varlığı və əzmkar fəaliyyəti ilə azərbaycançılıq ideologiyasına xidmət edən Mehriban Əliyeva dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə uğurla fəaliyyət göstərir. Bütün bu işlərində ona uğurlar arzulayırıq.

İsrafil KƏRİMOV,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

"Qızıl qələm" mükafatı laureatı.