Mərhəmət düşmənə ən böyük əzabdır
Digər xəbərlər

Mərhəmət düşmənə ən böyük əzabdır

Bu gün insan haqlarından, ədalətdən, mərhəmətdən, insanlıqdan danışanların böyük əksəriyyəti bu illər ərzində Xocalı soyqırımı, ermənilərin azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə və digər hərbi cinayətlər barədə danışmaq istəmir.

Onlar bilərəkdən ermənilərin Qarabağda məscidlərimizi, qəbiristanlıqlarımızı, tarixi-dini yerlərimizi dağıdıb təhqir etmələrinə, şəhər və kəndlərimizi viran qoymalarına səssiz qalmağa üstünlük verirlər. Onlar etiraf etmirlər ki, Azərbaycan xalqı tarixi ədaləti və haqqı bərpa etmək üçün güc tətbiq etmək məcburiyyətində qalıb. Əgər beynəlxalq aləm Azərbaycanın 30 il boyunca çağırışlarına tutarlı cavab versəydi, o halda regionda müharibə baş verməzdi...

Bu gün dünya mediasına nəzər salsaq, burada ikili yanaşmanın pik həddə olduğunu görərik. Bunun açıq-aydın təzahürü isə 2020-ci ildə müşahidə olundu. Məhz Vətən müharibəsinin son günlərində - noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin nüfuzlu "BBC" nəşrinə verdiyi müsahibə zamanı, jurnalistin özünü "prokuror" kimi aparması onun neytrallığını sual altında qoymuşdu. Lakin dövlət başçımız bu dəfə də səbir və təmkinini qoruyaraq jurnalistin timsalında işğalçı dövləti və separatizmi dəstəkləyən bütün qurumları susdurdu.

 Azərbaycan Ermənistan hökuməti və onun "yaratdığı" separatçı rejimə qarşı indiyə qədər bir dəfə də olsun qeyri-qanuni siyasət aparmadı. Birinci Qarabağ müharibəsindən indiyə qədər tutulan heç bir əsirlə pis davranmadı, mülki insanlardan öz məqsədi üçün istifadə etmədi. Vətən müharibəsində mülki əhaliyə və infrastruktura heç bir halda zərər yetirmədi. Həmçinin bu ənənə müharibədən sonra keçirilən əməliyyatlar zamanı da davam etdi. Son günlərdə keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı isə ancaq hərbi obyektlər zərərsizləşdirildi. Həmçinin bu tədbirlər nəticəsində reinteqrasiya prosesinin də təməli atıldı. Artıq Qarabağda yaşayan ermənilər öz istəyindən asılı olaraq bu əraziləri tərk edə və ya Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edə bilərlər. Buradan da anlaşılır ki, Azərbaycan daima sülh və birgəyaşayışı dəstəkləyir.

Hər il sentyabrın 21-i dünyada "Sülh günü" kimi qeyd olunur. Lokal xarakterli antiterror tədbirlərinin yekunu olaraq məhz həmin gündə, sentyabrın 21-də bölgədə sülh yaratmaq üçün müzakirənin keçirilməsi xoş təsadüfdür. Lakin bir faktı da unutmaq olmaz ki, xunta rejimi öz istəyi ilə deyil, Azərbaycanın keçirdiyi tədbirlərin nəticəsi olaraq təslim olub. Əgər bu tədbirlər keçirilməsəydi, nə separatçılar silahı yerə qoyacaq, nə də Azərbaycanın tarixi torpaqlarında işğalçılıq fəaliyyəti dayandırılacaqdı. Buna misal olaraq Vətən müharibəsindən sonra xuntanın daha da "canlanması" və mart ayında Xocalıda keçirilən danışıqlara əhəmiyyət verilməməsini göstərmək olar.

Azərbaycanın humanizm siyasətini, kökləri qədim türklərə gedib çıxan bu ölkənin heç vaxt mülki əhaliyə pis davranmadığını bütün dünya gördü. Həftənin əvvəlində Xankəndidə yanacaqdoldurma məntəqəsində baş verən partlayışa dərhal müdaxilə etməsi həqiqətən bəşəriyyətə verilən mesajlardan biridir. Hərçənd, Azərbaycan bunu etməyə bilərdi, çünki həmin bölgədə separatçı "rəhbərlik" hələ də "fəaliyyət göstərirdi". Həmçinin Laçın keçid məntəqəsindən Qarabağı tərk edən ermənilərə göstərilən münasibət separatçılığı dəstəkləyən dövlətləri düşündürməlidir. 30 il əvvəl azərbaycanlılar həmin ərazilərdən necə sürgün edilmişdi. İndiki dövrdə Azərbaycan erməni əsilli şəxslərin Qarabağ ərazisində yaşaya biləcəyini təklif edir və getmək istəyənlərə də heç bir maneə yaratmır. Lakin hələki hansısa beynəlxalq media orqanlarının bu faktları işıqlandırdığını görməmişik. Əksinə, hələ də bəzi qurumlar öz "neytral" ampluasında Azərbaycana qarşı qarayaxma kampaniyasına davam edir. Azərbaycan isə düşmənə ən böyük zərbəni mərhəmətli olması ilə vurur. 30 il əvvəl günahsız balaca körpəyə belə rəhm etməyən ermənilərə, onların körpələrinə Azərbaycan polisi bu gün yemək verir. Bu, hər xalqın bacara biləcəyi bir şey deyil. Bu baxımdan Azərbaycan bütün dünyada sülhün və humanizmin simvolu hesab olunmalıdır...

Tacir SADIQOV,

"Respublika".