Məktəblilərimiz Böyük Britaniya səfərindən uğurla dönüblər
Elm və təhsil

Məktəblilərimiz Böyük Britaniya səfərindən uğurla dönüblər

Sumqayıt məktəblilərinin də qatıldığı “TeenEagle Azerbaijan” komandası Londondakı Brunel Universitetində keçirilən “TeenEagle” beynəlxalq ingilis dili olimpiadasının qalibi seçilib.

"Respublika" xəbər verir ki, olimpiadanın final mərhələsi dörd əsas yarışdan ibarət olub: biliyin yoxlanılması, yazı yarışması, lüğət ehtiyatı və şifahi nitq. Azərbaycanı təmsil edən şagirdlər 12 qızıl, 14 gümüş və 12 bürünc olmaqla ümumilikdə 38 medal qazanaraq komanda hesabında dünya birincisi olublar.

Qeyd edək ki, dünya üzrə 34 ölkədən 8-18 yaş arası məktəblilərin qatıldığı olimpiadada ölkəmizi təmsil edənlər arasında Sumqayıt məktəbliləri də yer alıb. Belə ki, “İstedad” liseyinin şagirdi Renat Əmiraslanov 2 gümüş, 11 saylı məktəbin şagirdi Abbas Lütvəliyev 1 qızıl və 1 gümüş, “Zirvə” liseyinin şagirdi Kınalı Reyhan isə 2 bürünc medala layiq görülüblər.

Qaliblər hava limanında qarşılanarkən Renat Əmiraslanov olimpiada ilə bağlı xoş təəssüratlarını bölüşüb. O bildirib ki, bilik yarışına oktyabr ayından ciddi hazırlıq işləri görülüb və nəticə də çox gözəldir. Müəllimlərin səyi və bizim əzmimiz öz bəhrəsini verdi. Renatın komanda dostları da qeyd ediblər ki, yüksək hazırlıq səviyyələri onlara imtahanları uğurla verməyə imkan yaratdı.