Mehriban Nəsib:  Şuşada ilk Qurultayda iştirak etmək mənim üçün qürurvericidir
MÜSAHİBƏLƏR

Mehriban Nəsib:  Şuşada ilk Qurultayda iştirak etmək mənim üçün qürurvericidir

Dünya Azərbaycanlılarının qurultaylarında ilk dəfədir iştirak edirəm. Şuşada ilk Qurultayda iştirak etmək mənim üçün qürurvericidir və bundan çox xoşbəxtəm.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ABŞ-ın Nyu-York şəhərində yaşayan həmyerlimiz Mehriban Nəsib deyib.

O qeyd edib ki, Şuşa şəhərində keçirilən tədbirdə müxtəlif ölkələrdən gəlmiş bir çox azərbaycanlı diaspor nümayəndəsi ilə tanış olub və bu, çox gözəl hadisədir. "Biz Vətən müharibəsindən əvvəl ABŞ-da fərqli istiqamətdə fəaliyyət göstərirdik. Müxtəlif nümayiş və etiraz aksiyaları keçirərək Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyini beynəlxalq ictimaiyyətin, insanların diqqətinə çatdırırdıq. İkinci Qarabağ müharibəsindən sonra fəaliyyət istiqamətimiz dəyişdi. Biz sosial şəbəkələrdə artıq əvvəlkindən qat-qat fəal iş görürük. Vətən müharibəsindən sonra biz qalib olduğumuzu hər sahədə göstəririk. Prezident İlham Əliyev Qurultaydakı nitqində qeyd etdi ki, əgər bu şəhər həqiqətən ermənilərin olsaydı, onlar buranı dağıtmazdılar. "Bəli, bu gün Şuşada bir çox tikili dağıdılmış vəziyyətdədir. Füzuli, Ağdam tamamilə yerlə-yeksan edilib. Mən inanıram ki, bir neçə il sonra Qarabağımız yenidən ölkəmizin ən gözəl bölgələrindən biri olacaq", - deyə o əlavə edib.

AZƏRTAC