Mediasiya Şurası mediatorların ictimai qiymətləndirilməsinə başlayıb
Sosial həyat

Mediasiya Şurası mediatorların ictimai qiymətləndirilməsinə başlayıb

Mediasiya Şurası mediatorların davamlı olaraq ictimai qiymətləndirilməsini həyata keçirməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov məlumat verib.

O bildirib ki, vətəndaş məmnunluğunu təmin etmək, eyni zamanda, mediator peşəsinin keyfiyyətini artırmaq, intizam icraatında vətəndaş iştirakçılığını və ictimai iştirakçılığı təmin etmək məqsədilə bu gündən davamlı olaraq mediatorların fəaliyyətinin elektron qiymətləndirilməsi həyata keçiriləcək.

"Mediasiya Şurası vasitəsilə mediatora müraciət edən hər bir vətəndaş, hüquqi və fiziki şəxslər qeyd edilən sorğuda iştirak edə və xidmət aldıqları mediatorların fəaliyyətini şəffaf şəkildə qiymətləndirə bilər. Sorğuda iştirak edən vətəndaşların, hüquqi və fiziki şəxslərin və eyni zamanda fəaliyyəti qiymətləndirilən mediatorların fəaliyyətlərinin qiymətləndirilməsi ilə bağlı məlumatların məxfiliyinin qorunmasına zəmanət veririk", - deyə N.Adilov qeyd edib.

Sədr vurğulayıb ki, mediatorların qiymətləndirilməsində əsas məqsəd kəmiyyətdən keyfiyyətə keçidi təmin etməklə istər Mediasiya Şurası, istərsə də mediatorların ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarına həmahəng olaraq özünü doğrultmaları, mediasiya alətlərini qanunvericiliyin tələblərinə uyğun olaraq bütünlüklə tətbiq edilməsi istiqamətində fəaliyyəti gücləndirməkdir.

N.Adilov deyıb: "İnanırıq ki, apardığımız sorğular mövcud problemlərin təhlili, onların qısa zamanda həlli, vətəndaş məmnunluğunun təmin edilməsi və mediasiya islahatlarında qarşıya qoyulan hədəflərə çatmaqda mühüm rol oynayacaq. Bu, eyni zamanda mediatorların peşə hazırlığının gücləndirilməsinə də dəstək olacaq. Hədəflərə çatmaq üçün mediatorların fəaliyyətinin ölçülə bilən meyarlarla vətəndaşlar tərəfindən qiymətləndirilməsi Mediasiya Şurası üçün çox mühüm əhəmiyyətə malikdir".

N.Adilov, həmçinin qeyd edib ki, mediasiya xidmətlərinin əlçatan və daha rahat olması, şəffaflığın ən yüksək səviyyədə təmin edilməsi üçün yaxın zamanlarda vətəndaş və mediatorlar arasında təmasın elektron sistem üzərindən tətbiqi nəzərdə tutulur.

Sədr sonda hər kəsi sorğularda aktiv iştiraka dəvət edib.

Sorğuda iştirak etmək üçün link: http://mediasiya.gov.az/faydali/sorgular

AZƏRTAC