Makron Parisi partladır
Digər xəbərlər

Makron Parisi partladır

İyunun 27-də fransız polisinin Nanterredə onların tələblərini yerinə yetirməkdən imtina edən 17 yaşlı Əlcəzair əsilli   oğlanı güllələməsindən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü bu şəhərdə  və ölkənin bir sıra əyalətlərində polis zorakılığına qarşı başlayan kütləvi etiraz aksiyaları davam edir.Narazı  insanlar küçələrdə barikadalar qururlar, reklam stendlərini məhv edərək avtobus dayanacaqlarını dağıdıblar. Etirazçılar maşınları və mağazaları, tikinti materiallarını yandırıblar. İğtişaşların qarşısını almağa çalışan polis zorakılıqlara əl atıb, hətta gözyaşardıcı qazdan istifadə edib.1300 nəfər həbs olunub. Vətəndaşlar eyvanlara çıxaraq hökümətin zorakılıqlarına etiraz əlaməti olan şüarlar səsləndirirlər. Şüarlarda müsəlmanlara qarşı təzyiqlərə son qoyulması, Emanuel Makronun istefası və digər tələblər səsləndirilir.

Ümumiyyətlə, Makron Fransa prezidenti olandan bəri Paris yavaş-yavaş “yanmaqdadır”. Bu dəfə “dərvişin” Parisi partlatmasına ehtiyac yoxdu. Parisin öz “barıtı” özünə bəsdir. Hələ yanvarın 19-da Fransada ölkənin ən böyük həmkarlar ittifaqları assosiasiyasının təşkilatçılığı ilə pensiya yaşının 64-ə qaldırılmasına qarşı keçirilən kütləvi etiraz aksiyaları yaddan çıxmayıb. Fransanın paytaxtını etirazlar bürümüş, 1 miyondan çox insan küçələrə axışmışdı. Onlar həmçinin əmək haqqı və sosial müavinətlərin azlığı, pensiya yaşının artırılması, elektrik enerjisinin qiymətləri kimi məsələlərə etiraz edirdilər. Keçirilən etiraz tətilləri ictimai nəqliyyatın fəaliyyətini ciddi şəkildə dayandırılmış və məktəblər bağlanmışdı. Fransanın Lion, Bordo, Marsel şəhərlərində qatar maşinistləri, ictimai sektor işçiləri və neft emalı zavodunun işçiləri də aksiyalara qoşulubdu. Parisdə keçirilən aksiyalar zamanı polis və etirazçılar arasında toqquşma halları yaşanıb. Makronun bu  gedişi, ölkədə son üç ilin ən böyük aksiyalarının başlamasına səbəb olubdu.

Son zamanlar Fransanın Cənubi Qafqazda aktivliyini bəlli etmək üçün səy göstərdiyinin şahidi oluruq. Fransa höküməti, parlamenti tərəfindən Azərbaycana qarşı təzyiq etməyə cəhd olunmaqdadır. Ölkəmizlə bağlı ədalətsiz bəyanatlar səsləndirilir. Hətta Emanuel Makron özünün Fransa televiziyasına müsahibəsində Azərbaycana hücumlarını dayandırmaq üçün ona neft, qaz amillərinin də təsir etməyəcəyini qeyd edib.

Fransızlar Makrona qarşı cəza tədbirlərinə də öz prizmalarından yanaşmışlar. Məsələn, 28 yaşlı Danien Tarelin öz etiraz və üsyanını dövlət başçısını şillələməklə bildirmişdi. 18 ay həbs cəzası almasına baxmayaraq, törətdiyi əməlindən heç də peşman olmadığını demişdi. Digər bir fransız isə Lion şəhərində təşkil olunmuş restoran ticarəti ilə bağlı sərgidə Makrona yumurta ataraq "Yaşasın inqilab" şüarını səsləndirmişdi.Xatırladaq ki, Makron Fransanın iqtisadiyyat naziri işlədiyi dövrdə də ona qarşı yumurta "hücumları" olmuşdu. O zamanlar etirazçıların bu hərəkətinə səbəb hökumətin əmək qanunvericiliyində planlaşdırdığı islahatlarla bağlı idi.

Nanterdə baş verən hadisələr də bir daha onu göstərir ki, Makronun başı erməni yalanlarını tirajlamağa o qədər qarışıb ki, ölkə daxilində atdığı addımların doğuracağı nəticələri hesablamağı belə bacarmır.

Yazıq ermənilərə ki, öz xalqına qənim kəsilən Fransa iqtidarından mədət umurlar...

 Röya RÜSTƏMLİ,

 "Respublika".