Laçın və Kəlbəcərdə həyat canlanır
Region

Laçın və Kəlbəcərdə həyat canlanır

Dünyada böyük əks-səda doğuran İkinci Qarabağ müharibəsi Azərbaycanın öz müqəddəs torpaqlarını azad etməsi, Ermənistanın işğal siyasətinə son qoyulması ilə nəticələndi.

Dövlət başçımız 44 günlük İkinci Qarabağ müharibəsinin başa çatmasından təxminən 20 gün sonra - dekabrın 1-də Azərbaycan xalqına ünvanladığı növbəti tarixi müraciətdə demişdir: "Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq".

Artıq bütün Qarabağ və Şərqi Zəngəzur ərazilərinə mərhələli şəkildə qayıdış başlayıb, bu gözəl diyarların əsl sakinləri öz doğma ocaqlarına qayıdır və yurddaşlarımız öz torpaqlarında qurub yaradırlar. Əlbəttə ki, bütün bu qayıdış prosesini həyata keçirmək üçün ilk növbədə, ərazilərin yenidən tikilib, qurulması vacibdir. Bu istiqamətdə işlər həm sürətli, həm də keyfiyyətli şəkildə həyata keçirilir. Artıq 2 il yarımdan artıqdır ki, Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə start verilib. İşğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa-quruculuq işləri, müasir tələblərə uyğun infrastruktur layihələri Azərbaycanın iqtisadi potensialının, inkişafının göstəricisidir. Düşmən istilasından, vəhşiliyindən, qasırğasından qurtulmuş ərazilər, dağılmış, viran qoyulmuş, kəndlər, şəhərlər bu gün ölkə başçımızın uğurlu siyasəti, dövlətimizin sayəsində gülüstana dönür. Cənnət Qarabağın və Şərqi Zəngəzurun gözəlliyi, füsunkarlığı özünə qayıdır. Bu gün doğma Qarabağda və Şərqi Zəngəzurda yaşayış məskənlərimizi bir-birinə qovuşduran yeni yollar çəkilir, aeroportlar tikilir, "ağıllı kənd" və "ağıllı şəhər" layihələri reallaşdırılır. İşğaldan azad edilmiş torpaqlarımızda elektrik yarımstansiyaları quraşdırılır, hər yer yenidən nura, işığa bürünür.

Qarabağın və Şərqi Zəngəzurun dilbər guşələrindən olan Kəlbəcər və Laçın turizm sektorunun inkişafı üçün böyük potensiala malikdir. Ağalı və Talış kəndlərindən sonra Böyük Qayıdış çərçivəsində cari ilin may ayında Laçına ilk köç baş tutdu. Dövlət başçısının da qeyd etdiyi kimi, köçürülmə işləri mərhələli şəkildə aparılacaq. 20 laçınlı ailədən ibarət köç karvanı (97 nəfər) doğma torpaqlara yola düşdü. Növbəti köçlər iyun, iyul, avqust aylarında oldu. Köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpaedilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar. Qeyd etmək lazımdır ki, hazırda həm Kəlbəcərdə, həm də Laçında sürətli tikinti-abadlıq işləri aparılır. Kəlbəcər rayonunun bərpası və inkişaf etdirilməsindən danışarkən dünyaşöhrətli müalicəvi İstisuyu qeyd etməmək mümkün deyil. Bu sanatoriyanın yenidən əvvəlki şöhrətinin qaytarılması isə qarşıya qoyulan əsas vəzifələrdəndir.

 Ölkə başçımız Laçın və Kəlbəcərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Məhz bunun nəticəsidir ki, azad edilmiş rayonların əksəriyyətində elektrik enerjisinin yüksək keyfiyyətli təminatı məqsədilə böyük işlər görülüb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda su elektrik stansiyaları istifadəyə verildi. Ölkə başçımız İlham Əliyev ilk olaraq avqustun 25-də Kəlbəcər rayonunda "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Çıraq-1" və "Çıraq-2" Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib. Bu elektrik stansiyaları ən müasir avadanlıqla təchiz olunub. "Çıraq-1", "Çıraq-2" və "Soyuqbulaq" Kiçik Su Elektrik stansiyalarından əlavə, bu günə kimi Kəlbəcər rayonunda 4,4 meqavat gücündə "Kəlbəcər-1", 6,3 meqavat gücündə "Qamışlı" və 3,4 meqavat gücündə "Meydan" Kiçik Su Elektrik stansiyaları yenidən qurularaq istismara verilib. Hazırda Kəlbəcər rayonunda beş yerdə ümumi gücü 48,3 meqavat olan kiçik su elektrik stansiyalarının tikintisinə başlanılıb. Bununla da 2024-cü ilin birinci rübündə Kəlbəcər rayonunda ümumi gücü 75,5 MVt, illik enerji istehsal potensialı 230 milyon kilovat/saat olan 10 kiçik su elektrik stansiyası mövcud olacaq.

Həmçinin bu günədək Laçın rayonunda ümumi gücü 40,5 meqavat, illik enerji istehsalı potensialı 120 milyon kilovat/saat olan 5 kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib. Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə "Ağbulaq", 8,25 meqavat gücündə "Mişni" və 6 meqavat gücündə "Alxaslı" Su Elektrik stansiyaları Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq tam yenidən qurulub. Hazırda "Ağbulaq" Su Elektrik Stansiyasında son tamamlama işləri aparılır. "Mişni" və "Alxaslı" Kiçik Su Elektrik stansiyalarında isə işlər başa çatdırılıb. 4 stansiyanın yenidən qurulması üzrə işlər davam etdirilir. Gələn ilin birinci rübündə artıq doğma diyar Laçında ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat/saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək.

Bu ərazilər gələcəkdə öz enerji təminatını özü qarşılayacaq və bunun üçün lazımi bütün tədbirlər görülür.

Röya RÜSTƏMLİ,

"Respublika".