Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpasıdır
Siyasət

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpasıdır

"Bildiyiniz kimi, bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərində Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü" bayram tədbirində çıxışı zamanı səsləndirib.

44 günlük Vətən müharibəsində Azərbaycan 30 il ərazilərimizi işğal altında saxlayan erməni vandallarını məğlub etdi. Düşmən ölkənin uzun illər təbii sərvətlərini talan etdiyi torpaqlarımız yağı düşməndən geri alındı. Hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonu, Şuşa şəhəri və yüzlərlə kənd, qəsəbə, strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edildi.

Qəhrəman Azərbaycan əsgərinin qarşısında tab gətirməyən erməni silahlıları döyüş meydanında ağ bayraq qaldırdı, Ermənistan rəhbərliyi kapitulyasiya aktı imzaladı. Bəyanatı imzalayarkən düşmən ölkə üzərinə götürdüyü öhdəliyə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonlarını hərbi əməliyyatlarsız öz sahibinə qaytardı. 2020-ci il dekabr ayının 1-də Laçın rayonu geri alınsa da, Laçın şəhəri, Zabux və Sus kəndləri düşmən nəzarətində qaldı. Çünki Ermənistanı Qarabağla birləşdirən yeganə yol Laçın şəhərindən və bu iki kənddən keçirdi. İkinci Qarabağ müharibəsinə son nöqtəni qoyan üçtərəfli Bəyanatın müddəalarına məsuliyyətlə əməl edən Azərbaycan qısa müddət ərzində Laçın yoluna alternativ yol çəkərək Laçın şəhəri, Zabux və Sus kəndlərinə nəzarətini təmin etdi. Ötən il avqust ayının 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu. Əzəli torpaqlarını yağı düşməndən qan tökərək, şəhid verərək geri alan xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. Yalnız döyüş meydanında diz çökən düşmən deyil, bütün dünya müstəqil Azərbaycanın nəyə qadir olduğunu gördü.

Ölkəmizin iqtisadi gücünü, hərbi potensialını gündən-günə artırması dostu sevindirdi, düşmənin isə bağrını yardı. Heç bir ölkədən iqtisadi asılılığının olmaması, Prezident İlham Əliyevin beynəlxalq aləmdə qətiyyətli, uzaqgörən, məqsədyönlü siyasət aparan lider kimi qəbul olunması İkinci Qarabağ müharibəsini ölkəmizin qalibiyyətlə başa vurmasına zəmin yaratdı. Başqa ölkələrin torpağında gözü olmayan, öz ərazi bütövlüyünü isə hər cür mənfur əməllərdən qorumaq iqtidarında olan Azərbaycan illərlə sürən münaqişənin hərbi-siyasi yolla həll etdi. Həm döyüş meydanında, həm də diplomatik müstəvidə düşmənini məhv edən müstəqil dövlətimiz öz mövqeyindən bir an belə geri çəkilmədi. Dövlət başçımız dəfələrlə beynəlxalq kürsülərdən səsləndirdiyi "bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı biz heç kimə verən də deyilik" fikirlərini əməli ilə sübuta yetirdi. Müstəqil, düşünülmüş siyasət yürüdən Azərbaycan işğalla barışmadı, cəmi 44 günə ərazi bütövlüyünü bərpa etdi.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan düşmən ölkə ilə münasibətlərin normallaşması, bütövlükdə regionda sülhün təmin olunması naminə sülh danışıqlarına başlanmasının, köhnə səhifənin çevrilməsinin, xalqların birgəyaşayışının vacibliyini bildirdi və bu istiqamətdə əməli addımlar atdı, sülh tərəfdarı, humanizm ideyalarına sadiq olan dövlətimiz düşməninə barışıq təklif etdi. Lakin ölkəmizin humanistliyini, sülhsevərliyini qiymətləndirməyən, hələ də 30 il bundan əvvəlki işğalçı ampulasında olan Ermənistan köhnə havanı başından çıxara bilmədi. Yenə də terror, təxribat əməllərini həyata keçirdi. Azərbaycanın suveren ərazisi olan Qarabağdan bu günədək çıxarmadığı qanunsuz silahlı birləşmələrini Laçın yolu vasitəsilə silah-sursatla təmin etdi. Üstəlik, 30 il çapıb-taladığı yeraltı-yerüstü sərvətlərimizin qanunsuz istismarını həyata keçirməyə davam etdi. Havadarlarına güvənən işğalçı düşmən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayaraq beynəlxalq hüququn norma və prinsiplərinə zidd hərəkətlərindən əl çəkmədi, şərti sərhəddə mütəmadi olaraq qarşıdurmalar, təxribatlar törətdi.

2020-ci il müharibəsinə son qoyan üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlı kontingentinə yola nəzarət etmək, insanların və yüklərin təhlükəsiz keçməsini təmin etmək həvalə olunsa da, rus sülhməramlıları öz missiyalarını həyata keçirmədilər. Hətta Beynəlxalq Qırmızı Xaç Komitəsi belə erməni təxribatlarına alət oldu, BQXK-ya məxsus olan avtomobillərlə erməni separatçılarına qaçaqmalın daşındığı aşkarlandı. Bütün bunların fonunda Azərbaycan suveren ərazilərinə nəzarəti özü həyata keçirmək, ümumilikdə regionda sabitliyi, təhlükəsizliyi təmin etmək məqsədilə bu il aprelin 23-də Laçın yolunun başlanğıcında sərhəd-nəzarət-buraxılış məntəqəsi yaratdı. Öz ərazisində sərhəd keçid məntəqəsi yaratmaq isə hər şeydən əvvəl dövlətimizin legitim hüququdur və artıq ermənilərin bu yolla hərbi texnika daşımasının, ölkəmizin təbii ehtiyatlarının qanunsuz şəkildə istismarının qarşısı alınıb. Bu gün sərhəd nəzarət-buraxılış məntəqəsində ciddi yoxlanışların aparılması nəinki sərhəddə, bütün regionda təhlükəsizliyin təmin edilməsinə xidmət edir. İki ölkə arasında sərhəddə vəziyyətin sabitliyi üçün yaradılan sərhəd nəzarət-buraxılış məntəqəsində yüklərin yoxlanılması ilə yanaşı, pasport nəzarəti də həyata keçirilir. Bu, beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyümüzün tam bərpasıdır.

Mehparə ƏLİYEVA,

"Respublika".