KORRUPSİYAYA QARŞI MÜBARİZƏ ZAMANIN TƏLƏBİDİR
Digər xəbərlər

KORRUPSİYAYA QARŞI MÜBARİZƏ ZAMANIN TƏLƏBİDİR

Korrupsiya cəmiyyətin hər bir sahəsində inkişafa mane olan əsas amillərdən biridir. İqtisadi və sosial tərəqqiyə mənfi təsir göstərir, insan hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarır. Korrupsiyanın mövcudluğu milli və ümumbəşəri dəyərlərə xələl gətirməklə yanaşı, demokratik və hüquqi dövlət strukturuna ciddi ziyan vurur. Korrupsiya halları dürüstlük, ədalət kimi mütərəqqi dəyərlərə ziddir, cəmiyyətin rifahını təhdid edir, sosial-iqtisadi inkişafa mane olan cinayət əməli kimi qiymətləndirilir.

Xalqımızın böyük oğlu, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə rüşvətxorluğa və korrupsiyaya qarşı ciddi mübarizə aparmış, bütün sahələrdə şəffaflığın təmin olunmasına, bürokratik əngəllərin aradan qaldırılmasına xüsusi diqqət yetirmişdir. Mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiya hüquqpozmalarına qarşı barışmaz mübarizə hələ sovet dönəmində ilk dəfə olaraq ulu öndərin rəhbərliyi ilə Azərbaycanda başlamışdır.

1993-cü ilin iyun ayında xalqın təkidli xahişi ilə siyasi hakimiyyətə qayıdan ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə ölkədə genişmiqyaslı sosial-iqtisadi, hüquqi, demokratik islahatlar aparılmışdır. Korrupsiyaya qarşı mübarizə sahəsində də əsaslı dönüş yaranmış, 9 avqust 1994-cü il tarixdə "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" Azərbaycan Prezidentinin Fərmanı imzalanmışdır. Fərmanda mütəşəkkil cinayətkarlıq, korrupsiyaya qarşı mübarizə sahəsində konkret istiqamətlər müəyyənləşdirilmiş, vacib və təsirli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında" 8 iyun 2000-ci il tarixli prezident Fərmanından sonra bu sahədə tədbirlər daha da genişləndirilmişdir.

Ümummilli liderin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev 2003-cü ildə Azərbaycan Prezidenti vəzifəsinə seçildikdən sonra ölkəmizdə korrupsiyaya qarşı mübarizə yeni mərhələyə qədəm qoymuşdur. 2004-cü il yanvarın 13-də "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun qəbul olunmuş, həmin ilin sentyabr ayında bu sahədə Dövlət Proqramı təsdiq edilmişdir. Azərbaycan Respublikası Avropa Şurası və BMT-nin korrupsiya ilə əlaqədar müvafiq konvensiyalarına qoşulmuş, nəticədə qanunvericilik bazası daha da təkmilləşdirilmişdir.

Möhtərəm Prezidentimiz hüquqa və ədalətə söykənən sivil cəmiyyət quruculuğunda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə böyük önəm verir. Cənab Prezidentin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində institusional və praktik tədbirlər uğurla həyata keçirilir. Bu barədə ölkə başçısı demişdir: "Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi gözəl nəticələrini verir. Bu, siyasət davam etdiriləcəkdir. Bu bizim şüurlu seçimimizdir və görülən tədbirlər xalq tərəfindən yüksək qiymətləndirilir. Biz burada bir neçə amili nəzərə almalıyıq. Bu mübarizə genişmiqyaslı və çoxşaxəli olmalıdır. Əlbəttə ki, inzibati tədbirlər gücləndirilməlidir, cəza tədbirləri bundan sonra da tətbiq olunacaqdır, ictimai nəzarət daha güclü olmalıdır".

Ölkəmizdə korrupsiyaya qarşı mübarizə məqsədi ilə ardıcıl islahatlar aparılır. MDB məkanında, eləcə də Azərbaycan prokurorluğunun tarixində ilk dəfə olaraq ixtisaslaşmış antikorrupsiya qurumu olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yaradılması və ona müvafiq səlahiyyətlərin verilməsi prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən yüksək etimadın təzahürüdür.

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair aparılan genişmiqyaslı tədbirlər çərçivəsində vətəndaşların müraciətlərinin prokurorluq orqanlarında yazılı, şifahi, elektron poçt vasitəsilə qəbul edilməsinə diqqət artırılıb. Eyni zamanda vətəndaşlar tərəfindən korrupsiya hüquqpozmaları barədə müraciətlərin təxirəsalınmadan çatdırılması və baxılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "qaynar xətti" fəaliyyət göstərir. Vətəndaşlar heç bir çətinlik çəkmədən sutka ərzində şəhərlərarası, respublikadaxili və mobil telefonlarla ödənişsiz qaydada "qaynar xətt" vasitəsilə müraciətlərini çatdıra bilirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı" təsdiq edilib. Fəaliyyət Planının əsas hədəfləri dövlət strukturunda idarəetmə mexanizmlərinin inkişafı, özəl sektorda beynəlxalq standartlar çərçivəsində antikorrupsiya mühitinin formalaşdırılması, qanunvericilik bazasının mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsinin təmin edilməsidir.

Korrupsiyaya qarşı mübarizənin davamlı olaraq aparılması zamanın tələbidir. Korrupsiyanın qarşısının alınması ilə bağlı effektiv mexanizmlərin tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə yeni təşəbbüslərin irəli sürülməsi, icra edilən tədbirlərin korrupsiyaya şərait yaradan halların və korrupsiya hüquqpozmalarının səbəblərinin, növlərinin və nəticələrinin qarşısının alınmasına yönəldilməsi zəruridir.

Ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən irimiqyaslı və kompleks tədbirlər səmərəli nəticələr verir, görülən işlər ölkə və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Biz prokurorluq işçiləri göstərilən yüksək etimadı doğrultmaq üçün bundan sonra da bütün səylərimizi səfərbər edəcək, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, korrupsiya hüquqpozmalarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində üzərimizə düşən vəzifələri layiqincə və peşəkarlıqla yerinə yetirəcəyik.

Tural XANTƏMİROV,

Lənkəran hərbi prokurorunun

müavini, ədliyyə mayoru.