Koronavirusun yeni dalğası: ehtiyat tədbirləri görülür
Səhiyyə

Koronavirusun yeni dalğası: ehtiyat tədbirləri görülür

Koronavirus kabusu qayıdır. 2023-cü ilin may ayında Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyasının sona çatdığını elan etsə də, avqust ayında yoluxma halları yenidən artmağa başlayıb. Bununla belə, bildirilən hallar yoluxma səviyyəsini tam əks etdirmir, çünki COVID-19 testlərinin həyata keçirilməsi son vaxtlar əhəmiyyətli dərəcədə azalıb.

Qeyd edək ki, koronavirus mutasiyaya davam edir və bu, əvvəlkilərdən daha təhlükəli və daha aqressiv ola biləcək yeni ştamların - "eris" və "pirola"nın yaranmasına səbəb olub. Koronavirusa yoluxma hallarının artmasının səbəblərindən biri insanların başqa ölkələrdə keçirdikləri məzuniyyətdən qayıtmalarıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Cənubi Koreya, İtaliya, ABŞ, Böyük Britaniya, Avstraliya və Sinqapurda koronavirusa yoluxma hallarında kəskin artım müşahidə olunur. Bu "dalğalar" başlayandan təxminən iki həftə sonra artıq Rusiyaya çatıb. Belə ki, artıq ölkənin Hökumət Evində qoruyucu maska rejimi bərpa olunub.

Xəstəliyin yayılmasına başqa bir səbəb payızın əvvəlində havaların soyumasıdır. Bu mövsümdə immunitet azalır, buna görə də getdikcə daha çox insan xəstələnir.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bu yaxınlarda keçirdiyi mətbuat brifinqində qeyd edib ki, əhalinin immunitetinin formalaşmasına baxmayaraq, koronavirus dünyanın bütün ölkələrində dövr etməkdə davam edir və daim dəyişir. Beləliklə, 2022-ci ilin oktyabrında alimlər COVID-19-un "omikron" ştamının "kraken" adlı yeni variantını müəyyən ediblər. 2023-cü ildə EG.5 "eris", eləcə də BA.2.86 "pirola" variantı ortaya çıxıb.

Onu da qeyd edək ki, sentyabr ayında "eris" artıq 57 ölkədə, o cümlədən qonşu Türkiyədə aşkarlanıb. Ona görə də, ÜST bütün dünyada sürətlə yayılmasına görə onu "narahatlıq doğuran variantlar" siyahısına daxil edib. Mütəxəssislər hazırda EG.5 ştammının yayılma tezliyində davamlı artım müşahidə edirlər. Bu, onun peyvənd və ya xəstəlikdən sonra yaranan anticisimlərdən yayınma qabiliyyəti ilə izah olunur. Rusiyada "eris" hələ geniş yayılmasa da, onun epidemioloji vəziyyəti çətinləşdirmək riskləri var.

Xəstəliyin simptomları əvvəlki variantlarla eynidir: öskürək, burun axıntısı, qızdırma, boğaz ağrısı və sinə sıxılması. Lakin immuniteti zəif olan insanlarda və bəzi həssas şəxslərdə xəstəlik daha ağır nəticələrə səbəb ola bilər.

İndiyə qədər elm adamları yalnız yeni ştamlara xas olan spesifik simptomları aşkar etməmişlər, lakin onlar daha yoluxucudur, yəni daha sürətli yayılırlar. Narahatlıqlar "pirola" variantının peyvənddən və ya əvvəlki xəstəlikdən sonra yaranan immuniteti aşa bilməsi və anticisimlərin daha az təsirli olması ilə əlaqədardır. Buna baxmayaraq, yeni ştamlar haqqında elmi məlumatlar virusun insanlara təsiri barədə qəti nəticə çıxarmaq üçün çox məhduddur.

Hazırda Ümumdünya Səhiyyə Təşkilatı  "pirola"dan ölüm halı qeydə almayıb. Bununla belə, unutmaq olmaz ki, immuniteti zəif olan və şəkərli diabet, ürək-damar və onkoloji patologiyaları, piylənmə, astma kimi xroniki xəstəlikləri olan insanlar xəstəliyin ağır formasından əziyyət çəkə bilərlər.

Mütəxəssislər qeyd edirlər ki,  koronavirusun yüngül forması simptomatik, antiviral və immunomodulyator terapiya təyin edən terapevtin nəzarəti altında evdə müalicə olunur. Məsələn, qızdırmasalıcı, öskürəkəleyhinə dərmanlar, interferon preparatları, burun axıntısına qarşı spreylər, boğaz ağrısı üçün vasitələri qeyd etmək olar. Orta vəziyyətlərdə terapevt qan durulaşdıran dərmanlar, bakterial infeksiya əlamətləri varsa, antibiotiklər təyin edə bilər. Xəstədə həyəcanverici simptomlar yaranarsa və vəziyyət kəskin şəkildə pisləşərsə, xəstə xəstəxanaya yerləşdirilməlidir.  O da bildirilir ki, peyvənd hələ də koronavirusdan, xüsusilə ağır xəstəlikdən və ölümdən qorunmaq üçün effektiv üsuldur. Kütləvi peyvəndləmənin zəruriliyi barədə qərar epidemioloji vəziyyətdən asılı olaraq hər bir ölkə tərəfindən müstəqil olaraq qəbul edilir. İlk növbədə, peyvənd risk altında olan,  koronavirusa yoluxmayan və əvvəllər peyvənd olunmayanlara şamil edilməlidir. Həssas kateqoriyaya, həmçinin 60 yaşdan yuxarı insanlar və xroniki xəstəlikləri, immun çatışmazlığı, otoimmun xəstəlikləri və xərçəng olanlar daxildir. Peyvənd həmçinin piylənmə, diabet və ürək xəstəlikləri olan gənclər, hamilə qadınlar və tibb işçilərinə də zəruridir.

Nurəngiz ADİLQIZI,

"Respublika".