Kommunikasiyaların bərpası ilə regionda sabitlik və təhlükəsizlik reallığa çevriləcək
Siyasət

Kommunikasiyaların bərpası ilə regionda sabitlik və təhlükəsizlik reallığa çevriləcək

"Ermənistanın hazırda iki variantı var. Birincisi, öz xərcləri, yaxud da Avropa fondlarının pulu ilə dərhal 42 kilometrlik məsafədə dəmir yolu çəksinlər. Biz bunu, əslində, onların suveren ərazisi hesab edirik və suverenliklə bağlı bizim şərtimiz yoxdur. Lakin Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır. Bununla bağlı hansısa gömrük yığımı, yoxlamalar, sərhədçilərin prosedurları olmalı deyil. Bu, bizim legitim hüququmuzdur". Bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusuna həsr olunmuş Beynəlxalq Forumda bildirib.

Dövlət başçısı, həmçinin deyib ki, burada maneələr hələ ki, mövcuddur. Çünki təhlükəsizlik təminatını Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin təhlükəsizlik qüvvələri, sərhəd qoşunları təmin etməlidirlər. Ermənistanın qərbə tərəf yönəlməsinin əsas səbəbi də budur. Rusiya sərhədçilərinin Ermənistan ərazisində bu kommunikasiya xətti üzərində olmamasına dair İrəvanın bir yanaşması vardır. Lakin bu geopolitik qarşıdurma Azərbaycanın maraqlarına zidd olmamalıdır. Bizim legitim hüququmuz təmin edilməli, Naxçıvana əsas çıxış icra olunmalıdır.

Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar, regionda bütün kommunikasiyaların açılması Azərbaycana öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə maneəsiz çıxış əldə etmək imkanı yaradır. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin olunur.

Regionda bütün kommunikasiyalar paralel olaraq açılmalıdır. Bu, Ermənistan üçün Rusiya və İranla dəmir yolu əlaqəsinə sahib olmaq, Azərbaycan üçün Naxçıvan Muxtar Respublikasına əlavə çıxış əldə etmək imkanı yaradır. Regionun dörd ölkəsi - Azərbaycan, İran, Rusiya və Türkiyə bu yanaşmaya güclü dəstək verir. Ölkə başçısı əvvəlki çıxışlarında hər zaman qeyd edib ki, biz Ermənistandan müsbət cavab almalıyıq. Bütün kommunikasiyalar eyni vaxtda açılmalı və bu baxımdan, ayrı-seçkilik olmamalıdır: "Sözsüz ki, bundan sonra regionda proqnozlaşdırılma, sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək. Bizim istədiyimiz budur".

Sentyabrın 25-də İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Bu, Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. Azərbaycan postmüharibə dövründə dəfələrlə kommunikasiyaların açılması ilə bağlı çağırışlar edib. Respublikamız, həmçinin Naxçıvanla kommunikasiya əlaqələrinin bərpasına qısa müddətdə nail olmaq üçün Zəngəzur dəhlizinin avtomobil və dəmir yolları seqmentləri üzrə layihələrin reallaşdırılmasına start verib.

Qeyd edək ki, 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Layihə 5 iyun 2023-cü il tarixində qəbul edilən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın prioritet layihələri sırasında yer alıb. İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında quru və dəmir yolunun bərpası istiqamətində artıq İranla ilkin təmaslara başlanılıb. Zəngilanda, Ağbənddə Araz çayı üzərində tikiləcək körpülərlə İran ərazisinə, oradan da Naxçıvana keçmək üçün quru və dəmir yolu xətlərinin tikintisi davam etdirilir. Təəssüf ki, son 3 ildə Ermənistan bu xəttin tikilməsi, irəli aparılması üçün heç bir addım atmayıb.

Azərbaycanda 2004-cü ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən, müvəffəqiyyətlə icra olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının səmərəli nəticələri göz önündədir. Atılan addımlar, reallaşdırılan tədbirlər əhalinin rifahının daha da yaxşılaşmasına, məşğulluq səviyyəsinin artmasına və bütövlükdə ölkənin iqtisadi yüksəlişinə mühüm töhfələr verib. Ən əsası, əldə olunmuş nailiyyətlər gələcək inkişaf üçün də mühüm sosial-iqtisadi baza, torpaqlarımızın işğaldan azad olunması davamlı inkişaf naminə sistemli fəaliyyət üçün yeni imkanlar yaradıb. Burada yeni infrastrukturların yaradılmasına və sərmayələrin cəlb edilməsinə nail olmaq xüsusi yer tutur. Bu baxımdan hələ ki, blokada vəziyyətində olan Naxçıvanda 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda da nəzərdə tutulduğu kimi, kommunikasiyaların bərpasından sonra blokada vəziyyəti aradan qaldırılacaq.

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını sürətləndirmək olduqca vacibdir. Prezident İlham Əliyevin Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi yeni mərhələdə qarşıda duran strateji vəzifələrin reallaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Proqramda qeyd edir ki, Naxçıvanda iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu, sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi ön plana çıxmışdır. Mövcud potensialdan daha səmərəli istifadə etməklə bölgədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və davamlılığının təmin edilməsi zəruridir. Bu isə mütəmadi olaraq Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar kompleks proqramların hazırlanaraq icra olunmasını nəzərdə tutur. Dövlət Proqramında ən mühüm məqamlardan biri nəqliyyat, o cümlədən dəmir yolu infrastrukturunun yenilənməsi ilə bağlıdır. Bu, regionda kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin açılması kontekstində xüsusi önəm daşıyır. Yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, ölkəmizin əsas hissəsi ilə muxtar respublika arasında birbaşa quru əlaqəsinin yaranması iqtisadi və siyasi əhəmiyyətə malikdir. Eyni zamanda yeni infrastruktur Azərbaycanın tranzit potensialının artması, iqtisadi inkişafının sürətlənməsi baxımından önəmlidir.

Mustafa KAMAL,

"Respublika".