Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş tədbir keçirilib
İQTİSADİYYAT

Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərmana əsasən hər il noyabrın 1-i Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. Bu münasibətlə kənd təsərrüfatı naziri İnam Kərimov və nazirliyin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyində 1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş tədbir keçirilib. Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AZƏRTAC xəbər verir ki, yığıncaqda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. Nazir bildirib ki, Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Ölkəmizdə həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir.

Qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuzun qısa zaman ərzində ərazi bütövlüyümüzün bərpa etməsi iqtisadiyyatımızın davamlı inkişafı üçün yeni imkan, perspektivlər və vəzifələr açır. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası uğurla davam etdirilir. Azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı prioritet sahələrdən biri elan edilib. Artıq azad edilmiş ərazilərdə kənd təsərrüfatının innovativ əsaslarda yenidən qurulması məqsədilə "Ağıllı kənd" layihələri icra olunur.

Vurğulanıb ki, hər il olduğu kimi, bu il də aqrar sahədə həyata keçirilən islahatlardan bəhrələnərək nazirlik əsas diqqətini və fəaliyyətini yerlərdə fermerlərə məsləhət və informasiya xidmətinin gücləndirilməsinə, xidmətlərin daha əlçatan edilməsinə, innovativ üsulların tətbiqinə və ən ümdə vəzifələrdən biri kimi işğaldan azad olunan ərazilərdə əkinlərin bərpasına yönəldəcək.

Tədbirdə çıxış edənlər bu gün aqrar sahədə əldə edilən uğurlar və yüksək nəticələrin Prezident İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirildiyini vurğulayıblar. Daha sonra Prezident İlham Əliyevin oktyabrın 30-da kənd təsərrüfatı sektorunda çalışan bir qrup şəxsin fəxri ad, orden və medallarla təltif olunmasına dair imzaladığı Sərəncam oxunub, təltif olunan şəxslər təbrik edilib. Həmçinin Azərbaycan Respublikası Prezidentinin bu ilin iyunun 23-də imzaladığı "Dövlət qulluqçularının təltif edilməsi haqqında" Sərəncamı ilə təltif edilmiş Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına medallar təqdim edilib. Təltif olunan nazirlik əməkdaşları və fermerlər verdiyi dəyərə görə dövlət başçısına minnətdarlığını bildiriblər.

AZƏRTAC