Kəlbəcər sakini: Uzun illər ərzində ən böyük arzum doğma yurdumu yenidən görmək idi
MÜSAHİBƏLƏR

Kəlbəcər sakini: Uzun illər ərzində ən böyük arzum doğma yurdumu yenidən görmək idi

Ölkəmizin başı üzərində qara buludlar dolaşanda mən də silahıma sarılıb irəli atıldım. 1994-cü ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etdim. Çox təəssüf ki, ovaxtkı şəraitdə nə qədər mübarizə aparsaq da, istədiyimizə nail ola bilmədik. Kəlbəcər uğrunda döyüşlərdə mənim silahdaşlarım şəhid oldular. Uzun illər həm doğma yurd nisgili, həm də şəhid dostlarımın intiqamını almaq hissi məni narahat buraxmadı. Mən 2020-ci ilin payızında - şanlı Zəfərdən sonra rahatlıq tapdım. Yarımçıq qalan mübarizəmiz Qələbə ilə yekunlaşdı, şəhidlərimizin qisası alındı, onların ruhu dinclik tapdı. Təəssüf ki, neçə-neçə qəhrəman Vətən oğlunu itirdik. Onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq, bu torpaqlara atdığımız hər addımda onları yad edəcəyik.

Bunu AZƏRTAC-a müsahibəsində Birinci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan kapitan, Kəlbəcər rayon sakini Əziz Abbasov deyib.

O qeyd edib ki, uzun illər ərzində ən böyük arzusu doğma Kəlbəcəri görmək, yenidən doğma yurduna ayaq basmaq olub. "Yurdumu yuxularımda görürdüm. Hər zaman qaranlıq, dumanlı Kəlbəcər girirdi yuxularıma. Yayı da, qışı da zülmət, soyuq və günəşsiz idi. Kəlbəcər aydınlığa iki il əvvəl qovuşdu. Səmasında doğan günəşin qarşısını kəsən qara buludlar qovulandan sonra nura qərq oldu. Bu gün də mən günəşli, səması aydın Kəlbəcəri görürəm. Çox sevinirəm ki, yenidən öz yurduma ayaq basa bildim. Allahdan arzum idi ki, ölməyib bu günləri yenidən yaşayım. Çox sevinirəm ki, vaxtilə çiyin-çiyinə döyüşdüyüm və şəhid olan döyüş yoldaşlarımın məzarlarını ziyarət edə bildim".

AZƏRTAC