Kadr hazırlığı günün vacib tələbidir
Sosial həyat

Kadr hazırlığı günün vacib tələbidir

Peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı sahələrdən biridir. Son illərdə ölkəmizdə peşə təhsili sahəsində əhəmiyyətli tədbirlərin həyata keçirilməsi, yeni tədris binalarının istifadəyə verilməsi, peşə təhsilinə xarici təcrübənin tətbiq edilməsi və s. kimi görülən işlər burada qazanılmış uğurların bazası rolunu oynayır.

Ölkə Prezidentinin Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nə uyğun Elm və Təhsil Nazirliyi tərəfindən həmin sahəyə tətbiq edilən layihələrin reallaşdırılması üzrə böyük işlər aparılmışdır. Bütün bunlar dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil islahatlarının və ölkəmizin regional inkişaf layihələrinin daha bir göstəricisidir.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev bildirdi ki, mərkəzdə turizm, otelçilik, kənd təsərrüfatı və digər mühüm ixtisaslar üzrə kadr hazırlığı aparılır. Tələbələr üçün yaradılan şərait onların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli imkanlar açmaqla bərabər, gələcək uğurlu iş həyatlarına da təkan verir. Qeyd edək ki, burada ümumilikdə, 1000 tələbənin təhsil alması mümkündür. Hazırda mərkəzdə 32 ixtisas üzrə tədris aparılır və bu ixtisaslarda 985 şagird peşə öyrənir.

Mərkəzdə təhsil dövlət vəsaiti hesabına və ödənişli əsaslarla aparılır. İxtisaslar çoxşaxəli və rəngarəngdir. Publik hüquqi şəxs olduqdan sonra mərkəzdə kadr hazırlığında daha bir uğurlu yeniliyə imza atılmışdır. Artıq 3-cü ildir ki, yüksək texniki peşə təhsil səviyyəsinin tədrisi aparılır. Qeyd edək ki, yüksək texniki peşə təhsili səviyyəsi - peşə təhsil pilləsinin ən yüksək səviyyəsi olmaqla subbakalavr ixtisas dərəcəsi üzrə kadr hazırlığını nəzərdə tutur. Bu təhsil səviyyəsi müxtəlif texnologiya və texniki proseslərin tətbiqi, uyğunlaşdırılması və optimallaşdırılması üzrə işləri icra edəcək nəzəri və praktiki bacarıqlara malik kadrların hazırlanmasını həyata keçirir. Peşə təhsili ilə ali təhsil pilləsi arasında keçid imkanlarını təmin edir.

Qeyd olundu ki, məzunlarımızın içərisində cari il ərzində Bakı və bölgələrin bir sıra işəgötürən müəssisələrində aşpaz, baş aşpaz, şef şirniyyatçı və başqa vəzifələrə təyin olunanlar, fərdi sahibkar kimi fəaliyyətə başlayanlar çoxdur.

Mərkəz işəgötürən müəssisələrlə sıx əməkdaşlıq edir, belə ki, 70-dən çox dövlət və özəl təşkilatlarla müqavilələr imzalanmışdır. Yalnız tələbələrin təcrübəsi zamanı deyil, həm də tədris prosesində biznes müəssisələri nümayəndələrinin yaxından iştirakı təmin edilir.

2023-2024-cü tədris ilində tədris olunacaq arıçı ixtisasına vətəndaşların təşviqi məqsədilə Qəbələ Rayon Arıçılar Assosiasiyasının üzvləri ilə görüşlər keçirilmişdir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Qəbələ Regional Gənclərin Resurs Mərkəzi" İctimai Birliyi tərəfindən həyata keçirilən müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsi məqsədilə "Arıçılığın inkişafı mərkəzi"nin yaradılması layihəsi çərçivəsində tədbirlər həyata keçirilib.

M.NƏRİMANOĞLU,

"Respublika".