IX Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirib
İQTİSADİYYAT

IX Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirib

Bakıda "Qlobal dünya nizamına təhdidlər" mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun ikinci günündə ilk panel iclası "Qlobal səhiyyənin idarə edilməsi" mövzusuna həsr olunub.

AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziyanın moderatorluğu ilə keçirilən panel iclasında "Dünyada pandemiya ilə mübarizə təcrübəsindən hansı əsas dərslər götürülə bilər?", "Sosial media dövründə "Vaksin tərəddüdü"nün yayılmasına qarşı necə mübarizə aparırıq?", "Erkən xəbərdarlıq sistemlərinin, habelə vaksinlər, terapevtik vasitələr, fərdi mühafizə vasitələri və respiratorların ötürülməsi, izlənməsi və paylanmasının daha yaxşı qlobal koordinasiyasına necə nail ola bilərik?", "ÜST-nin COVID-19 alətlərinin əlçatanlığının sürətləndirilməsinin, eləcə də COVAX-ın dövlətlər tərəfindən təcili və tam şəkildə maliyyələşdirilməsini və bu kimi gecikmələrin gələcəkdə baş verməməsini necə təmin edə bilərik?", "Əksər həssas qrupların ehtiyaclarının düzgün və sürətli şəkildə qarşılanmasını necə təmin edə bilərik?", "COVID-19 pandemiyasından sonra "daha yaxşı bərpa et" prinsipini rəhbər tutduğumuzdan yenidənqurma proqramlarının transformativ yaşıl xarakterini necə vurğulaya bilərik?", "Bütün dünyada müxtəlif icmalar daxilində dayanıqlılığı təmin etməyimizlə əlaqədar bütün ölkələrin vətəndaşları üçün əlçatanlığı necə təmin edə bilərik?" kimi mövzular ətrafında müzakirələr aparılıb.

Zlatko Laqumdziya pandemiya dövründə Azərbaycanın koronavirusa qarşı mübarizədə göstərdiyi yardımları xatırladıb və buna görə Prezident İlham Əliyevə təşəkkür edib.

Açılış nitqi ilə çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus dünyada COVID-19-a yoluxma sayının kəskin azaldığını və pandemiyanın geridə qalmaq üzrə olduğunu deyib.

Onun sözlərinə görə, bir çox ölkələrdə testlərdə pozitiv nəticələrin payı azalıb. Lakin aşağı gəlirli ölkələrdə bu, problem olaraq qalmaqdadır. "Pandemiyanın sona çatması üçün insanların vaksinasiyadan keçməsi çox vacibdir. Pandemiyadan dərs çıxarmalı və növbəti belə hallara hazır olmalıyıq. COVID-19 pandemiyası təşvişlərindən birdəfəlik çıxmalıyıq. ÜST dünyada sağlamlığın təmin olunması üçün 300-dən çox təklif verib. Burada beynəlxalq alətlərin işləməsi mühüm əhəmiyyət kəsb edir. Çünki heç bir ölkə belə bir vəziyyətlə təkbaşına mübarizə apara bilməz. Ölkələr ilkin tibbi yardım sistemini səmərəli təşkil etməlidirlər", - deyən Baş direktor Ümumdünya Səhiyyə Təşkilatının ehtiyacı olan dövlətlərə tibbi yardım göstərilməsi üçün şəbəkə yaradılması üzərində işlədiyini də diqqətə çatdırıb. ÜST-nin büdcəsinin 50 faizə qədər artırıldığını bildirən T.A.Qebreyesus bunun təşkilatın texniki cəhətdən daha yaxşı xidmət göstərməsinə səbəb olacağını deyib.

Sonra BMT-nin sabiq Baş katibi Pan Gi Munun videomüraciəti təqdim edilib. IX Qlobal Bakı Forumunun çevik dialoqların aparılması üçün səmərəli platforma olduğunu vurğulayan BMT-nin sabiq Baş katibi Pan Gi Mun beyin mərkəzlərinin bir araya gəlməsi ilə sağlam gələcəyi təşviq edən düşüncələrin paylaşılmasının faydalı olacağını diqqətə çatdırıb.

"Dünya qarşısında duran təhdidləri aradan qaldırmaqlar dayanıqlı inkişafa nail olmaq mümkündür. Bunun üçün yeni qaydalar işlənib hazırlanacaq və onlar icra ediləcək. ÜST tərəfindən yeni qaydaların hazırlanması və ölkələrdə icrası gündəmdə olan məsələdir. Həmin qaydaların şəffaf şəkildə həyata keçirilməsi vacibdir. Pandemiya göstərdi ki, ictimai səhiyyəyə diqqət artırılmalıdır. COVID-19 kimi yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması çoxtərəfli əməkdaşlıqla mümkündür. Pandemiyaya cavab olaraq vaksinlər istehsal olundu. Onların ədalətli paylanması və əlçatan olması vacibdir. Gəlir səviyyəsindən asılı olmayaraq, heç bir ölkə bu prosesdən kənarda qalmamalıdır. Ümid edirəm ki, 2022-ci ildə çoxtərəfli əməkdaşlıq tətbiq etməklə sosial-iqtisadi sabitliyə nail olunacaq, rifah əldə ediləcək, xroniki risklər azalacaq. Dayanıqlı İnkişaf Məqsədlərinə də məhz belə əməkdaşlıqla nail olmaq mümkündür", - deyə Pan Gi Mun bildirib.

İclasa onlayn formatda qoşulan Kolumbiya Universitetinin professoru, Baş katibin SD üzrə xüsusi müşaviri Cefri Saks pandemiyanın alovlandığı zamanlarda bəzi ölkələrin düzgün siyasətlə epidemioloji vəziyyəti nəzarət altına aldıqlarını və yoluxma sayını azaltdıqlarını bildirib. Onun sözlərinə görə, bu prosesdə vətəndaş cəmiyyətlərinin də məsuliyyətli davranışı rol oynayıb. C.Saks pandemiya ilə əlaqəli tədqiqatların yetərli olmadığını, bəzi ölkələrin şəffaf məlumatlar və hesabatlar təqdim etmədiyini də diqqətə çatdırıb. O, Ümumdünya Səhiyyə Fondunun yaradılmasının vacibliyini vurğulayıb.

Panel iclasında çıxış edən BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri, Ekvadorun sabiq xarici işlər naziri Mariya Fernanda Espinoza çevik ümumbəşəri səhiyyə sisteminin qurulmasını vacib hesab edib.

"COVID-19 pandemiyası bizə sosial həmrəyliyin də mühüm amil olduğunu göstərdi. Belə ki, dövlət və özəl sektorlar arasında əlaqələr inkişaf etməlidir. Həmçinin koronavirus əleyhinə vaksinlər əlçatan olmalıdır. Təəssüf ki, səhiyyə xidmətləri, peyvəndlərin hamı üçün olması qaydası işləmədi. Vaksinlər ədalətli şəkildə paylanmadı. Onu qeyd etmək lazımdır ki, regional inteqrasiya COVID-19-dan əvvəl də zəif idi. Pandemiya hər kəs, xüsusilə səhiyyə sistemləri üçün dərs oldu, çoxtərəfli əməkdaşlığın vacib alət olduğunu öyrətdi. Hazırda COVID-19-dan çıxış planları hazırlanır. Bu zaman keçmiş səhvlər təkrarlanmamalıdır. Ölkələr iqtisadiyyatlarına vəsait yatırırlar. Bu məsələdə kasıb ölkələrə də yardım edilməlidir. Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün trilyon dollarla vəsait tələb olunur. Ümid edirəm ki, qlobal dünya nizamına nail olacağıq", - deyə M.F.Espinoza qeyd edib.

Latviyanın sabiq prezidenti Valdis Zatlers pandemiyanın Ümumdünya Səhiyyə Təşkilatının nə qədər vacib bir qurum olduğunu göstərdiyini və təşkilatın ictimai səhiyyəni tənzimləyən ümumdünya nazirlik rolunu oynadığını diqqətə çatdırıb. Pandemiya dövründəki antivaksin hərəkatının da unudulmamalı olduğunu bildirən V.Zatlers deyib: "İnsanlara anlaya bildikləri dildə başa salınmalıdır ki, onlar yanlış məlumatlara doğru yönəlməsinlər. Pandemiya xaosa səbəb oldu. Peyvəndin sınaqdan keçirilmədiyi, insanlar üzərində eksperiment aparıldığı barədə dezinformasiyalar yayıldı. Halbuki, pandemiya başlayandan qısa müddət sonra xəstəxanalar doldu, maska taxılması ilə bağlı məcburiyyətlər tətbiq edildi, qapanmalara gedildi. Hər kəs anlamalıdır ki, vaksinsiz pandemiyanın öhdəsindən gəlmək mümkün olmazdı. Əfsuslar olsun ki, vaksin milliyyətçiliyinin də şahidi olduq. İnsanlara anladıqları dildə mesajlar verilməlidir. Çünki başqa bir pandemiya da yarana bilər. Bütün bunlara hazır olmaq üçün düzgün maariflənmənin olması vacibdir".

Panel iclasında çıxış edən və ölkəmizdə pandemiya ilə mübarizədən danışan səhiyyə naziri Teymur Musayev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün tədbirlərin ÜST ilə sıx əməkdaşlıq və əlaqələndirilmiş şəkildə görüldüyünü bildirib. Nazir deyib: "Dövlətimizin başçısı tərəfindən Nazirlər Kabinetinə tapşırıqlar verildi və Operativ Qərargah yaradıldı. Operativ Qərargah tərəfindən qərarlar qəbul edildi, vaksinlər paylandı və peyvəndləmə prosesi həyata keçirildi".

T.Musayev əlavə edib ki, COVID-19 pandemiyası hər bir ölkəyə müəyyən dərslər verdi. Öyrəndiyimiz dərsləri, pandemiyanı nə dərəcədə idarə edə bildiyimizi və sona gəlib çatıb-çatmadığımızı müzakirə etməyin vaxtıdır. Təəssüf ki, bu dövrdə təkcə pandemiya ilə deyil, antivaksin hərəkatına qarşı mübarizə də ön plana çıxdı. Bir sıra kütləvi informasiya vasitələrində vaksinlərlə bağlı əhalini qorxuya salan saxta məlumatlar yayıldı. Belə saxta məlumatlarla mübarizə qarşımızda duran əsas öhdəlikdir. Medianın elmi təsdiqi olmayan məlumatları yaymaq hüququ yoxdur. Media ilə tənzimlənmə aparılmalıdır. Çünki nəticədə antivaksin hərəkatı ilə üzləşdik. Azərbaycan hökuməti isə media ilə paralel işləyərək koronavirus, vaksinlər barədə vaxtaşırı dolğun, düzgün məlumatları ictimaiyyətə çatdırdı. Vətəndaşların dövlətə güvənməsi səhiyyə sistemlərinin düzgün təşkilində vacib amildir. Ümumiyyətlə, pandemiyanın tədbirləri düzgün anlaşılmasında əhalinin savadlılığı vacibdir.

Pandemiyanın səhiyyə sisteminə düzgün investisiyaların yatırılmasının vaxtı gəlib çatdığını göstərdiyini vurğulayan nazir deyib: "Pandemiya böhrandır. Böhranlar olmadan tərəqqiyə nail olmaq mümkün deyil. Bu, bizi müəyyən addımlar atmağa sövq etdi və çoxtərəfli əməkdaşlığın vacibliyini öyrətdi".

Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç milyonlarla doza vaksinin zəngin ölkələr tərəfindən alınıb saxlanıldığı və yararsız hala salındığını vurğulayıb. Onun sözlərinə görə, hətta ölkələr arasında əməkdaşlıq əvəzinə, rəqabət də yarandı. "Virus infeksiyaları asanlıqla yayılır və sərhəd tanımır. Sərhədlər bağlansa da, yayılmanın qarşısını almaq mümkün olmur. Odur ki, çoxtərəfli əməkdaşlıq məsələləri ön planda olmalıdır. Kasıb ölkələrdə çox inkişaf etməyən səhiyyə sisteminin mövcudluğu yeni pandemiyaların yaranmasını qaçılmaz edir. Onlara kömək etmək lazımdır. Hər kəs gələcək təhdidlərə hazır olmalıdır", - deyə sabiq prezident bildirib.

Panel iclası müzakirələrlə davam edib.

***

IX Qlobal Bakı Forumunun "Cənubi Qafqaz, barışıq, əməkdaşlıq və inteqrasiya" mövzusuna həsr olunan panel iclasına Latviyanın sabiq Prezidenti Valdis Zatlers (2007-2011) moderatorluq edib.

İclasda Ermənistanla Azərbaycan arasında uzunmüddətli silahlı münaqişənin və əvvəlki müharibələr nəticəsində tamamilə pozulmuş münasibətlərin necə bərpa edilməsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində vasitəçilik prosesləri, bu əlaqələrin potensial olaraq kimlər tərəfindən pozula biləcəyi və onların cəhdlərinin minimuma endirilməsi, dünya ölkələrinin Cənubi Qafqazda sabitlik və sülhü necə təmin edə biləcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Panel müzakirələrdə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov, Gürcüstan sabiq Baş nazirinin müavini Eka Tkeşelaşvili (2010-2012), Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin (1991-1994), Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev (2012-2017), Rumıniyanın sabiq xarici işlər naziri (2008, 2015-2017), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq katibliyinin Baş katibi Lazar Komanesku və Rusiyanın sabiq Baş nazirinin birinci müavini (1991-1992), Rusiyanın sabiq dövlət katibi (1991-1992) Gennadi Burbilis iştirak ediblər.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması, sülh prosesi üçün təşəbbüslərdən danışıb, son altı ayda qazanılan nailiyyətlərdən bəhs edib. O, iki ölkə arasında münasibətlərin normallaşdırılmasının, sülhün təmin olunmasının regiona rifah və inkişaf gətirəcəyini bildirib. Elnur Məmmədov vurğulayıb ki, sərhədlərin beynəlxalq hüquq çərçivəsində tanınması, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi vacibdir. O, həmçinin qeyd edib ki, Cənubi Qafqazın üç ölkəsi regionun inkişafı üçün əməkdaşlıq etməlidir.

Cənubi Qafqaz regionunda nəqliyyat, logistika əlaqələrindən də danışan nazir müavini qeyd edib ki, Azərbaycanla Gürcüstan arasında bu sahədə əməkdaşlıq davamlı xarakter alıb. E.Məmmədov indiyədək iki ölkə arasında bir çox yolların inşa edildiyini, neft və qaz layihələrinin həyata keçirildiyini bildirib.

"Avropa İttifaqı Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması üçün öz töhfəsini verib. Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin təşəbbüsü ilə görüşlər keçirilib. Görüşlərdən sonra delimitasiya komissiyası yaradılıb. Bu il mayın 24-də komissiyanın ilk iclası keçirilib. Biz sülh müqaviləsinin işlənib hazırlanması üçün işçi qrupu barədə Ermənistandan cavab gözləyirik", - deyə nazir müavini qeyd edib.

Gürcüstan sabiq Baş nazirinin müavini Eka Tkeşelaşvili (2010-2012) Qlobal Bakı Forumunda Cənubi Qafqaz bölgəsindəki proseslərdən danışılmasının təqdirəlayiq olduğunu bildirib. Ötən altı ay ərzində Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişaf etdiyini diqqətə çatdırıb.

E.Tkeşelaşvili Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə sülhə doğru müəyyən addımların atıldığını və Gürcüstanın bu danışıqlarda iştirak etməyə hazır olduğunu vurğulayıb.

"Hazırda Cənubi Qafqaz regionunda yeni reallıq mövcuddur. Bu reallıq məhz Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə yaranıb. Artıq ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə ticarətin həcmi artırıla, yeni nəqliyyat layihələri həyata keçirilə bilər", - deyə Eka Tkeşelaşvili diqqətə çatdırıb.

Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin (1991-1994) Türkiyənin Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması prosesində iştirakından, ölkəsinin bu münaqişənin həlli üçün göstərdiyi səylərdən danışıb. O, Türkiyənin Azərbaycanın torpaqlarının işğalından sonra Ermənistanla sərhədləri bağladığını vurğulayıb.

Sabiq xarici işlər naziri 30 il sonra Azərbaycanın öz ərazilərini azad etməsi və bölgədəki vəziyyətin normallaşdırılması prosesinə də toxunub. Deyib ki, Qafqaz regionunda sabitliyin təmin edilməsi bölgəyə davamlı inkişaf gətirəcək.

"Ermənistan hələlik atəşkəs prinsiplərinə riayət etmir. Laçın dəhlizi açıqdır və fəaliyyət göstərir. Lakin Zəngilan dəhlizi hələ də açılmayıb. Bu proses üzərində çalışmaq və keçirilən görüşlərdə qəbul edilən qərarları yerinə yetirmək vacibdir. Sülh müqaviləsi regiona iqtisadi inkişaf və rifah gətirəcək", - deyə Hikmət Çətin vurğulayıb.

Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev (2012-2017) çıxışında Qlobal Bakı Forumunun dünyanın bir çox ölkəsindən rəsmiləri, alimləri bir araya gətirdiyini söyləyib, Azərbaycanın sülh üçün bir nümunə olduğunu qeyd edib.

"Regionda sülhün təmin olunması bölgəyə inkişaf gətirəcək. Münaqişələrin tam həlli üçün sülh müqaviləsinin imzalanması vacibdir. Sülh müqaviləsi Budapeşt Memorandumuna və ya Minsk razılaşmalarına oxşamamalı, dayanıqlı olmalıdır. Prezident İlham Əliyevin də dediyi kimi, Ermənistanı inteqrasiya etmək lazımdır. Müasirləşdirilmiş Ermənistana töhfə verən layihələr təklif etməliyik. Ermənistan və Azərbaycan regionun inkişafı üçün əməkdaşlıq etməlidir", - deyə R.Plevneliev qeyd edib.

O, Türkiyənin Cənubi Qafqaz bölgəsində münaqişənin həllində rolunun böyük olduğunu, münasibətlərin yaxşılaşdırılması üçün təşəbbüs göstərdiyini qeyd edib.

Sabiq Prezident, həmçinin Cənubi Qafqazın inkişafı üçün Çin ilə əməkdaşlığın faydalı olacağını vurğulayıb.

Rumıniyanın sabiq xarici işlər naziri Lazar Komanesku yenidən Bakıda olmasından məmnunluğunu bildirib. O, bu beynəlxalq forumda iştirak etməkdən şərəf duyduğunu söyləyib.

L.Komanesku Qara dəniz bölgəsinin geostrateji mövqeyindən danışıb, Cənubi Qafqaz regionu ilə əməkdaşlıq barədə fikirlərini ifadə edib. O, Cənubi Qafqaz regionunun son illərdə davamlı olaraq inkişaf etdiyini bildirib.

Lazar Komanesku, həmçinin sülh müqaviləsinin imzalanmasının Cənubi Qafqaz ölkələrinin inkişafı üçün münbit zəmin yaradacağına əminliyini bildirib.

Rusiyanın sabiq Baş nazirinin birinci müavini Gennadi Burbilis hazırda regionda dərin, fundamental şəraitin yarandığını bildirib. O, iyunun 16-da Prezident İlham Əliyevin mövcud vəziyyəti nikbinlik və əminliklə Forum iştirakçılarına çatdırdığını qeyd edib.

"Sülhün təmin edilməsi üçün heç bir ciddi əngəl yoxdur. Rusiya sülhün təmin edilməsini dəstəkləyir", - deyə sabiq dövlət katibi qeyd edib.

Onun sözlərinə görə, artıq səmimi vasitəçilik anlamı var. "Yüzlərlə danışıq aparıla, yüzlərlə hesabat verilə bilər. Lakin nə olursa olsun, proseslər nəticəyönümlü və siyasi etika çərçivəsində olmalıdır", - deyə Gennadi Burbilis diqqətə çatdırıb.

Sonra müxtəlif məsələlər üzrə müzakirələr aparılıb.

***

Bakı Forumu iyunun 17-də "Dəyişən Avropa və Qərbi Balkanların təhlükəsizliyi" mövzusunda panel iclası ilə davam edib.

Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziyanın və Amerika xarici siyasəti üzrə Milli Komitəsinin prezidenti və baş icraçı direktoru Suzan Elliotun moderatorluğu ilə keçirilən iclasda Breksit və Avropada liberal demokratiyaların meydana gəlməsinin Avropa İttifaqının (Aİ) dünya səhnəsində oynamalı olduğu rola necə təsir edəcəyi, Avropa ilə onun qonşuları arasında hansı hərbi təhlükəsizlik mexanizmləri işlənib hazırlanması, ABŞ-ın və Rusiyanın yenicə təşəkkül tapan yeni quruluşda oynayacaqları rol, Aİ-nin Şərqi Avropada səmərəli sülh və təhlükəsizlik tədbirlərini səmərəli surətdə artırması, Aİ, Qərbi Balkan regionu və Cənubi Qafqaz arasındakı münasibətlər, həmçinin digər məsələlərlə bağlı fikir mübadilələri aparılıb.

Panel müzakirələrində əsas məruzəçi Albaniyanın Prezidenti İlir Meta, məruzəçilər Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Macarıstanın sabiq Baş naziri Peter Medgyessi, Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç və Albaniyanın sabiq Prezidenti və Baş naziri Sali Berişa iştirak ediblər.

Albaniya Prezidenti İlir Meta Avropa İttifaqının daha da genişlənə biləcəyini bildirib, Aİ-nin resurslarının məhdud olduğunu qeyd edib. İttifaqın özünəməxsus hərbi qüvvələri olduğunu diqqətə çatdıran Prezident İlir Meta deyib ki, NATO da Bosniya və Herseqovina ilə Kosovo arasında səmərəli dialoqun aparılmasına təşəbbüs göstərməlidir.

"Qarşımızda çoxlu çağırışlar var. Avropa İttifaqının siyasətində əsas məsələ əməkdaşlıq və sabitliyin təmin edilməsidir. Albaniya İttifaqın Qərbi Balkanadək genişlənməsinin tərəfdarıdır. Berlin prosesi Qərbi Balkan regionuna tətbiq olunmur. Biz düşünürük ki, bu, maliyyə çarxları vasitəsilə edilməlidir", - deyə İ.Meta diqqətə çatdırıb.

Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç bildirib ki, Qərbi Balkan regionunda millətçilik azalmalı, Serbiya və Kosovo bir-birinin müstəqilliyini qarşılıqlı surətdə tanımalıdır. Həmçinin bu bölgədə korrupsiya aradan qaldırılmalı, iqtisadi və mədəni əlaqələr inkişaf etməlidir.

Onun sözlərinə görə, ABŞ və Aİ Qərbi Balkan ölkələrinə dəstək göstərə bilərlər. Ancaq əsas qərarlar region ölkələri tərəfindən verilməlidir. Avropa İttifaqının Qərbi Balkan ölkələrinə korrupsiya ilə mübarizədə kömək göstərməli olduğunu bildirən sabiq Prezident deyib ki, ABŞ da bu prosesdə region ölkələrinə yardım etməlidir.

Serbiyanın sabiq Prezidenti Boris Tadiç Qərbi Balkan regionunun davamlı inkişafının, sadəcə, qarşılıqlı hörmət əsasında baş verə biləcəyini bildirib.

"Serbiya Prezidenti olduğum müddətdə Avropa İttifaqında hər zaman inteqrasiyadan danışılıb. Avropa İttifaqına inteqrasiya üçün nə mümkündürsə, onu da edirik. İndi Avropa İttifaqı deyir ki, biz Qərbi Balkan regionuna daha çox diqqət göstərməliyik", - deyə B.Tadiç qeyd edib.

Macarıstanın sabiq Baş naziri Peter Medgyessi Qərbi Balkan ölkələrinin Avropa İttifaqına qatılması ilə bağlı fikirlərini bölüşərək deyib: "Qərbi Balkan ölkələrinin təhlükəsizliyindən danışarkən Aİ-nin də təhlükəsizliyini düşünməliyik. Biz, ilk növbədə, yeni dünya nizamı barədə danışmalıyıq. Bəyan etməliyik ki, ABŞ bizim üçün vacib oyunçudur və bu, belə də qalacaq. Biz çoxqütblü dünyaya yaxınlaşırıq və vəziyyətin tənzimlənməsi üçün bir təsisat yaradılmalıdır".

Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç isə qeyd edib ki, baş verən münaqişələr dünya nizamına ziyan vurur. Aİ münaqişələrin həlli istiqamətində ən layiqli siyasəti yürütməlidir. "Artıq 10 ildir Monteneqroda genişlənmə prosesi davam edir. Monteneqro demək olar ki, Aİ standartlarına uyğunlaşıb və artıq Avropa İttifaqına qəbul edilməlidir", - deyə sabiq Prezident bildirib.

F.Vuyanoviç, həmçinin Qərbi Balkan ölkələrində ümumi ticarət bazarının açılmasının vacibliyini vurğulayıb.

Albaniyanın sabiq Prezidenti və Baş naziri Sali Berişa Qərbi Balkan regionunun böyük inkişaf əldə etsə də, təhlükəsizliyinin hələ də yüksək səviyyədə olmadığını qeyd edib. O bildirib ki, region ölkələrində millətçilik mövcuddur və bu, münaqişəni alovlandırır.

"Düşünürəm ki, Serbiya ilə Bosniya və Herseqovina arasında müqavilə çox vacibdir. Biz regiondakı problemləri öz aramızda həll etməliyik", - deyə S.Berişa vurğulayıb.

***

Forumun ikinci gününün proqramında nəzərdə tutulan 4 panel iclasından sonuncusu "Yaxın Şərqdə ərəb və müsəlman dünyasında sülh, təhlükəsizlik və inkişaf axtarışı" mövzusuna həsr olunub.

Panel iclasında Yaxın Şərqdə sülh, təhlükəsizlik və sabitliyin gücləndirilməsi üçün daha yaxşı çərçivə təmin edə bilən aktorlar, mövcud mübahisələrin həlli yolları, regionda nüvə silahının yayılmasının qarşısının alınması, dünyada enerji istehsalı, neft və qaz ixracı üzrə şaxələndirmənin enerji bazarının qeyri-sabitliyinə təsiri, həmçinin sünni-şiə məsələsinin həm dövlət, həm də qeyri-dövlət sahəsində aktorlara təsiri ilə bağlı müzakirələr aparılıb.

İclasa Ərəb Dövlətləri Liqasının sabiq rəhbəri, Misirin sabiq xarici işlər naziri Əmr Musa moderatorluq edib.

Əmr Musa Yaxın Şərqdə mövcud vəziyyətdən narahatlıqla danışaraq regionda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunması istiqamətində görüləcək işlərdən danışıb. Bildirilib ki, hazırda dünyada vəziyyətin gərginliyi bu barədə düşünməyə əsas verir. O, mövcud mübahisələrin həlli yolları, regionda nüvə silahının yayılmasının qarşısının alınması məqsədilə region ölkələrini münaqişələrə son qoymağa və birliyə çağırıb.

Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt bildirib ki, hazırda dünyada, həmçinin regionda vəziyyət çox gərgindir. Dünyanı gözləyən təhlükənin qarşısının alınması gündəmdə olan məsələdir. Ümumiyyətlə, qlobal təhlükə və qütblük geniş vüsət alıb və gərginlik yaradıb.

İqtidarda radikal ruhlu şəxslərin olmasının mövcud təhlükəli vəziyyətə mənfi təsir etdiyini bildirən Qeyt vurğulayıb ki, münaqişələr gələcəyimizə təsir edən mühüm amildir. O deyib: "Suriyada, Yəməndə vətəndaş müharibələri təhlükəsizliyə ciddi ziyan vurub. Ən çox Suriyadakı vəziyyət ürək ağrıdır.

Regional oyunçular mövcud vəziyyətə təsir edirlər. Bu oyunçular regionda hakimiyyəti əldə saxlamaq üçün sünni-şiə məsələsini də ortaya atırlar".

Yaxın Şərqdə mövcud çoxillik münaqişələrdən danışan Əhməd Əbul Qeyt bildirib ki, bu münaqişələrə son qoymaq lazımdır.

Ərəb Dövlətləri Liqasının regional münaqişələrin həlli ilə bağlı bir sıra məsələləri qaldırdığını qeyd edən İsrailin sabiq Baş naziri Ehud Barak deyib: "Düşünürəm ki, regionda mövcud olan münaqişələrdə dini aspektlər mühüm rol oynayır. Ekstremist, radikal qüvvələr hər zaman və hər yerdə var. Amma təəssüf ki, bu, bizim regionda üstünlük təşkil edir".

Yaxın Şərqdə təhlükəsizlik problemlərinin narahatlıq doğurduğunu diqqətə çatdıran E.Barak qeyd edib: "Suriya, Yəmən, İraq və digər dövlətlərdə problemlər yaranır. Bunun əziyyətini isə xalqlar çəkirlər. Bəs vəziyyətdən necə çıxmaq olar? Düşünürəm ki, İslam dünyasının alimləri bu məsələdə müsəlmanların müqəddəs kitabı olan "Qurani-Kərim"ə əsaslanaraq kömək edə bilərlər".

Sabiq Baş nazir qeyd edib ki, regionda sülhün bərqərar olması üçün səylərimizi birləşdirməliyik. Bizim fələstinlilərlə razılığa gəlməyimiz üçün imkanlar var.

Regionda sülh və təhlükəsizliyin təmin olunması məsələsində illərdir davam edən İsrail-Fələstin məsələsinə toxunan Türkiyənin sabiq xarici işlər naziri Yaşar Yakiş BMT-nin bu münaqişəli məsələyə obyektiv münasibət göstərmədiyini vurğulayıb. Onun sözlərinə görə, məhz qeyri-obyektiv yanaşma vəziyyətə mənfi təsir göstərib.

Yaxın Şərq regionunun enişli-yoxuşlu və mürəkkəb dövr yaşadığını diqqətə çatdıran Yaşar Yakiş əsrlər boyu yığılıb qalmış problemlərin tədricən özünü büruzə verdiyini qeyd edib.

"Düşünürəm ki, barışıq mümkündür və iki dövlət razılığa gəlməlidir. Biz əvvəlki Avropaya baxsaq görərik ki, bu qitədə də çoxtərəfli münasibətlər olub. Suriya məsələsinə gəldikdə, bu ölkə çox çətin dövr keçib. Türkiyə ilk dövrlərdən öz mövqeyini açıqlayıb və öz dəstəyini göstərir", - deyə Yaşar Yakiş bildirib.

Avropa İqtisadi Komissiyasının icraçı baş katibi Yan Kubiş isə bildirib ki, Yaxın Şərq regionunda təhlükəsizliyin təmin olunması üçün, ilk növbədə, Fələstin-İsrail münaqişəsinə son qoyulmalıdır. Xalqı fikirləşmək lazımdır. Münaqişələr dövləti və xalqı parçalayır. Ərəb baharının təkrarlanmasına yol vermək olmaz.

Nüvə silahlarına qarşı mübarizə aparmağın vacibliyini vurğulayan Y.Kubiş iqlim dəyişikliyindən, su ehtiyatının azalmasından, miqrantların sayının artmasından danışıb. Yan Kubiş diqqətə çatdırıb ki, biz seçim etməliyik, regionda sülh, yoxsa davamlı münaqişə və müharibələr.

Qırğızıstanın sabiq Baş naziri Comart Otorbayev qonşu ölkə Əfqanıstan və orada baş verən hadisələrdən narahatlıqlarını diqqətə çatdırıb. C.Otorbayev "Taliban" hakimiyyətinin regionda təhlükə yaratdığını qeyd edib. "Əfqanıstanda insan hüquqları kobud şəkildə pozulur. Miqrantların sayı artmaqdadır. Misirli alimlərdən xahiş edirəm ki, "Taliban" hərəkatı ilə bağlı araşdırma aparsınlar, bu hərəkatın kökünü müəyyən etsinlər", - deyə Qırğızıstanın sabiq Baş naziri bildirib.

Panel iclas müzakirələrlə davam edib.

İclasdan sonra forum iştirakçılarının şərəfinə ziyafət verilib.

Qeyd edək ki, "Qlobal dünya nizamına təhdidlər" mövzusunda keçirilən Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.

Forum işini iyunun 18-də başa çatdıracaq.

AZƏRTAC