İslam dünyasının mədəniyyət paytaxtı
Mədəniyyət

İslam dünyasının mədəniyyət paytaxtı

Azərbaycanın incisi, nazlı Qarabağın baş tacı, şəninə mahnılar, şeirlər, dastanlar yazılan Şuşa möcüzələr aləmidir. Bu məkanda sutka ərzində hava şəraiti bir neçə dəfə dəyişir. Qəfil yağan şıdırğı yağışı az sonra gülümsəyən günəş əvəzləyə bilər. Və yaxud da uca dağların başından sürünərək gələn duman səni görünməz edər. Bu möcüzədən ilhamlanıb, "Şuşanın dağları başı dumanlı" oxumaq keçər könlündən. Sonda da "ölərəm dərdindən Şuşa bunu bil" demək istəyərsən. Bəli, biz dərdindən ölməyi də bacardıq, şəhid olmağı da...

Sıldırım qayalarını sinəmizə sıxıb, Topxana meşəsinin səssizliyində üzü Cıdır düzünə sarı yol aldıq. Dumana düşdük, günəşin şəfəqlərinə yaxalandıq, qəfil yağışlarda islandıq, düşmən gülləsindən axan qanımızı torpağında basdırdıq, ölümün gözlərinə dik baxdıq, sinəmizi erməni silahına qalxan etdik, amma geri dönmədik. Çünki bu gücü, qüvvəni bizə verən sənin qüdrətin, ucalığın idi. Məğrur Şuşa, sənin azadlığın bütün Azərbaycana nur çilədi, sevinc gətirdi. Bunu eşidən hər bir insan qeyri-ixtiyari dərindən nəfəs aldı, dərdlərini unutdu. Artıq hər şeyin yalnız yaxşılığa doğru getdiyinə əmin oldu. Axı gözlədiyimiz müjdəni də almışdıq. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də demişdi: "Əziz Şuşa, sən azadsan!".

Şuşa təkcə qəhrəmanlıq, mərdlik meydanı kimi deyil, həm də Azərbaycan mədəniyyətinin beşiyi, paytaxtı kimi də hər zaman fərqlənib, seçilib. Burada musiqi, teatr, xalq sənəti, sənətkarlıq hər zaman böyük təkamül dövrü keçib və inkişaf edib. Şuşa Azərbaycan mədəniyyətinə, ədəbiyyatına böyük şəxsiyyətlər bəxş edib. Əbəs yerə bu şəhəri Zaqafqaziyanın konservatoriyası adlandırmayıblar. Burada mütəmadi olaraq ənənəvi musiqi bayramları, poeziya günləri keçirilib. Şuşa qədim mədəniyyətin təbliği baxımından bir mərkəzə çevrilib. Lakin 1992-ci il may ayının 8-də şəhər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 28 illik düşmən işğalından sonra Azərbaycan dövləti Şuşanı azad etməklə bərabər, eyni zamanda mədəniyyətin, ədəbiyyatın zəngin ənənələrini də özünə qaytarmış oldu. 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Silahlı Qüvvələrimiz bu şəhəri azad etməklə milli qürur və heysiyyətimizi özümüzə qaytardı. Azərbaycan əsgərinin Şuşa uğrunda apardığı döyüşlər dünya hərb tarixində yeni səhifə yazdı. Beləliklə, 2020-ci il noyabr ayının 8-də Şuşa şəhəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin və mübariz Azərbaycan xalqının qətiyyəti sayəsində qəhrəman ordumuz tərəfindən erməni vandallarının işğalından azad edildi. Şəhərin azad edilməsindən bir müddət sonra, 2021-ci ilin 7 may tarixində Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzaladı. Dövlət başçısı bəyan etdi ki, Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir: "Əslində, həmişə belə olub. Sadəcə olaraq, mənfur düşmən bütün tarixi abidələrimizi dağıdıb. Amma biz bərpa edəcəyik. Onların əsl simasını qaytaracağıq. Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaqdır". Axı ümummilli lider Heydər Əliyevin də ən çox sevdiyi məkanlardan idi Şuşa. Ulu öndər öz sevgisini belə ifadə etmişdi: "Şuşa Azərbaycanın gözüdür!".

2021-ci ildə Heydər Əliyev Fondu tərəfindən Şuşada "Xarıbülbül" musiqi festivalı və Vaqif Poeziya Günləri yenidən təşkil olundu. 2022-ci il isə Azərbaycanda "Şuşa İli" elan edildi. Həmin il şəhərin taleyində olduqca əlamətdar il idi. Çünki 1752-ci ildə Pənahəli xan tərəfindən əsası qoyulan Şuşanın həm də 270 illiyi tamam olurdu. Ölkə başçısı da öz çıxışında qeyd edirdi ki: "Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasını sürətləndirmək məqsədilə mən yeni ili "Şuşa İli" elan edirəm".

2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının qərarı ilə qədim muğam-sənət beşiyimiz Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan olundu. Bu barədə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov bildirdi ki, Azərbaycana dahi sənətkarlar, mədəniyyət xadimləri bəxş etmiş Şuşa şəhərini dirçəltmək, buraya yeni nəfəs gətirmək çox zəruridir: "Azərbaycana o qədər dahi sənətkar bəxş etmiş şəhəri dünyaya tanıtmaq istəyirik. Bu mübarək yurda yeni nəfəs gətirməliyik. Biz təşkilat olaraq bunun üçün əlimizdən gələni edəcəyik". Bu isə Türk-İslam dünyasının Azərbaycanın qədim şəhərinin mədəni zənginliyinə diqqətinin göstəricisidir. Mayın 9-dan 11-dək Şuşada keçirilən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalına TÜRKSOY ölkələrinin musiqi və rəqs qrupları, sənət adamları da qatıldılar.

Artıq şəhərdə bir sıra beynəlxalq səviyyəli tədbirlərin də keçirilməsi ənənə halını alıb. Bu mənada, bir çox dünya dövlətlərinin nəzər-diqqəti məhz Şuşada cəmləndiyi kimi, Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən, o cümlədən İslam sivilizasiyasının simvollarından biri olub. Sentyabrın 25-26-da Qətər dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın musiqi beşiyi olan Şuşa şəhərinin 2024-cü il üçün ICESCO-nun "İslam dünyasının mədəniyyət paytaxtı" proqramı üzrə namizədliyi irəli sürüldü. Konfrans iştirakçılarının yekdil qərarı ilə Qarabağımızın incisi Şuşa şəhəri "2024-cü il üzrə islam dünyasının mədəniyyət paytaxtı" adına layiq görülüb. Onu da qeyd edək ki, Şuşanın "İslam dünyasının mədəniyyət paytaxtı" adına namizədliyinin irəli sürülməsi məqsədilə ICESCO-nun müvafiq missiyası burada olub, şəhərdə aparılan quruculuq işləri yüksək qiymətləndirilib. Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Şuşanın mədəni irsinin, tarixi və dini abidələrinin bərpa etdirilməsini diqqətə alan islam dövlətləri yekdil qərarla Şuşa şəhərini növbəti il üçün islam dünyasının mədəniyyət paytaxtı elan edib. Şuşa beynəlxalq tədbirlərə evsahibliyi etməklə yanaşı, İslam dünyasının mədəniyyətini də özündə əks etdirəcək.

Ramidə YAQUBQIZI,

"Respublika".