İslam dünyası Azərbaycana böyük önəm verir
Siyasət

İslam dünyası Azərbaycana böyük önəm verir

Azərbaycanın beynəlxalq arenada statusu və təsir gücü gündən-günə artır. Bir çox ölkə rəhbərləri tərəfindən strateji tərəfdaş kimi dəyərləndirilir. Buna səbəb ölkəmizin uğurları, artan nüfuzu və iqtisadi potensialıdır. Bir çox qlobal layihələrdə Azərbaycan söz sahibinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya ölkələri ilə əməkdaşlığın yeni perspektivlərini müəyyənləşdirir və yeni hədəflər seçir. Müstəqil ölkəmiz bu gün dünyanın bütün ölkələri, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələr yaradıb. Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi və rolunun artırılması onun xarici siyasətində önəmli yer tutur. Həmçinin ölkə başçımız da beynəlxalq təşkilatların tədbirlərində ölkəmizin siyasi maraqları baxımından çıxış edir.

Ölkəmiz bir daha bütün dünyaya güclü dövlət olduğunu və öz gücü vasitəsilə ərazi bütövlüyünü bərpa etdiyini göstərdi. Bu gün də iqtisadi potensialımız hesabına sosial-iqtisadi, eləcə də ordu quruculuğu sahəsində ciddi addımlar atılır. Bununla yanaşı, qeyri-neft sektoru da sürətlə inkişaf edir. Sosial dövlət olan Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. İstər coğrafi məkan, iqtisadi güc və malik olduğumuz sərvətlər baxımından ölkəmiz hər yerdə xüsusi əhəmiyyət daşıyır. Həmçinin Azərbaycan hər zaman İslam dəyərlərinin də dünyada təbliğinə böyük töhfələr verib və İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub. Dünyəvi dövlət olsaq da ölkə vətəndaşlarının əksəriyyəti İslam dininə sitayiş edir və dinimiz dilimizlə birlikdə Azərbaycan mənəviyyatının ayrılmaz tərkib hissəsidir.

1969-cu ildə Rabatda müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında İslam Əməkdaşlıq Təşkilatı yaradılıb və o özündə 60-a yaxın dövləti birləşdirir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət etdi və 1991-ci il dekabrın 8-də İƏT-in Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edildi. 2009-cu ildə Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə Azərbaycanın İslam dünyasındakı nüfuzu artdı.

Hazırda Azərbaycan Respublikası İƏT-in ən aktiv və nüfuzlu üzvlərindən biridir. Son illərdə ölkəmiz İƏT-in bir neçə konfransına evsahibliyi etdi. Məsələn, 2014-cü ildə "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu" mövzusunda nazirlər səviyyəsində V Beynəlxalq konfrans keçirildi. Qeyd etmək lazımdır ki, bunun müqabilində İƏT (İCESCO vasitəsilə) islam dünyası ilə sivilizasiyalararası dialoqda iştirak edən Avropa təşkilatları arasında mədəni körpü rolunu tamamilə Bakıya etibar etdiyini bildirdi. Eyni zamanda, 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi, ardınca IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi ölkəmizin İslam ənənələrinə sadiqliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Bunun təkcə Azərbaycan, islam dünyası üçün deyil, bütövlükdə bəşəriyyət üçün əhəmiyyəti var. Çünki dinlərarası qarşıdurma heç kəsə xoşbəxtlik gətirmir. İslamın əsl mahiyyətini Azərbaycan öz təqdimatında bütün dünyaya çatdırmağa cəhd göstərir. Çünki islamda dinc və günahsız insanın öldürülməsi bəşəriyyətin sonu kimi qiymətləndirilir. Xocalı soyqırımının tanıdılması istiqamətində İƏT-in digər bir orqanı Parlament İttifaqı ilə əməkdaşlıq mühüm yer tutur. Belə ki, 2010-cu ildən başlayaraq bu qurum tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinin təqdim etdiyi "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair" və "1992-ci ilin Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması" adlı qətnamələr qəbul olunub.

Bundan başqa, cari ilin noyabrında paytaxt Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin V konfransı baş tutub. Burada bir daha təsdiqlənib ki, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə xüsusi əhəmiyyət verir və Təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsinə öz töhfələrini verməyə daim hazırdır. Görüşdə Qlobal böhranların, bəşəriyyət qarşısında yeni sınaq və çətinliklərin durduğu, islamofobiyanın geniş yayıldığı dövrdə müsəlman dövlətlərinin bir-birinə qarşılıqlı dəstək göstərməsinin, İslam birliyinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin əmək və məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması kimi məsələlər məqsəd olaraq qarşıya qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın iştirakçılarına müraciət ünvanlayaraq bildirib ki, xalqımızın mədəni irsinə qarşı soyqırımı törətmiş ermənilər məscidlərimizi yerlə-yeksan edərək yalnız bizim deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir etmişlər: "Təəssüflər olsun ki, işğal illərində şəhər və kəndlərimiz Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, mədəni və dini abidələrimiz məhv edilmişdir. Bundan başqa, Ermənistan işğal altında saxladığı ərazilərimizdə ilkin qiymətləndirmələrə görə bir milyona yaxın mina basdırmış, burada urbisid, kultursid və ekosid törətmişdir", - deyə dövlət başçımız qeyd edib. Daha sonra Prezident İlham Əliyev əvvəllər işğal altında olmuş ərazilərimizdə İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının Ermənistan tərəfindən dağıdılmasını və talan olunmasını qəti şəkildə pislədiyini, məscidlərin təhqir olunmasını şiddətlə qınadığı üçün İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərə və Təşkilatın Baş Katibliyinə təşəkkürünü bildirib.

Azərbaycan Prezidenti iştirakçılara ünvanladığı məktubda konfransın əsas mövzusuna da xüsusi diqqət yetirib. Qeyd edək ki, innovativ həllər, eyni zamanda əmək və məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə son illərdə müvafiq sahələr üzrə mühüm işlər görülüb. Hazırda Azərbaycanda "ASAN xidmət" modeli, DOST konsepsiyası, sosial xidmətlərin geniş miqyasda elektronlaşdırılması proqramı həyata keçirilir. Əsas istiqamətlərdən biri də məhz vətəndaşlara şəffaf, çevik, keyfiyyətli, əlçatan və vətəndaş məmnunluğuna uyğun xidmətlər sisteminin formalaşdırılmasıdır: "Əmək, məşğulluq və sosial müdafiə sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, bu sahələrdə əhaliyə 140-dan artıq elektron xidmətin göstərilməsi və vahid əmək münasibətləri platforması əhaliyə ciddi dəstək mexanizmini formalaşdırıb. Ölkəmizdə həyata keçirilən kompleks islahatlar nəticəsində məşğulluq imkanları artmış, işsizlik və yoxsulluğun səviyyəsi ciddi şəkildə azalaraq 5,5%-ə düşmüş, sosial ödənişlərdə dəfələrlə artımlar edilmişdir. Təkcə son dörd ildə qəbul edilmiş 4 sosial islahat paketi ilə əhalimizin 40%-i əhatə olunmuş, minimum əməkhaqqı 2,7 dəfə, əməkhaqqı fondu 2,6 dəfə, median əməkhaqqı 2,1 dəfə, minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya isə 2 dəfə artmışdır", - deyə ölkə başçımız bildirib.

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlər arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı faydalı tərəfdaşlığın yeni məzmunla zənginləşdirilməsinə bundan sonra da töhfə verəcəyinə əminliyini ifadə edib.

Röya RÜSTƏMLİ,

"Respublika".