İranın növbəti revanşist addımı
Digər xəbərlər

İranın növbəti revanşist addımı

İran Azərbaycanın 4 diplomatını arzuolunmaz şəxs elan edib. Diplomatların ikisi Tehran səfirliyinin əməkdaşlarıdır. Onlar diplomatik nümayəndəliyə edilən terror hücumundan sonra ölkəyə qaytarılıb. Digər iki nəfər isə İranla Azərbaycan arasında yeganə diplomatik körpü olan Təbriz konsulluğunun əməkdaşıdır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi faktı təsdiqləyib. Nazirliyin açıqlamasına əsasən, bu addım Azərbaycan hökumətinin İranın ölkədəki səfirliyinin 4 əməkdaşını "persona-non-grata" elan etməsindən bir neçə gün sonra baş verib. Yəni İran heç bir əsas olmadan, sadəcə revanşizm prinsipini bəhanə gətirərək azərbaycanlı diplomatları arzuolunmaz şəxs elan edib.

Siyasi şərhçi Turan Rzayev molla rejiminin bu addımını iki ölkə arasında müvəqqəti olaraq səngiyən gərginliyin yenidən alovlanması kimi şərh edir:

"İranın son zamanlar Azərbaycanla siyasi gərginliyin azaldılması istiqamətində səylər göstərməsi diqqət çəkirdi. Xüsusilə diplomatik kanallar vasitəsilə gedən danışıqlar "Hüseyniyyun" qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli Orxan Məmmədovun Qum şəhərində saxlanılması tərəflər arasında münasibətlərin normallaşa biləcəyinə ümidləri artırmışdı. Lakin Tehran qısa zaman sonra münasibətlərin normallaşmasında səmimi olmadığını bəlli etdi. Tohid İbrahimbəyli Orxan Məmmədovun azadlığa buraxılması bunun ilk göstəricisi oldu. Azərbaycan tərəfi həmin şəxslərin ekstradisiyasını gözlədiyi halda, Tehranın onları azadlığa buraxması İranın münasibətləri normallaşdırmaqda səmimi olmadığını göstərdi.

Bu hadisədən yola çıxaraq deyə bilərəm ki, azərbaycanlı diplomatların arzuolunmaz şəxs elan edilmələri gözlənilən idi. Belə ki, səfirliyimizə terror hücumundan bir müddət sonra İranın ölkəmizdəki səfirliyinin 4 əməkdaşı Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə "persona-non-grata" elan edilib ölkədən çıxarıldı. Bu mənada, İranın hazırda 4 azərbaycanlı diplomatla bağlı tədbiri bir növ cavab xarakterlidir.

Bundan başqa, molla rejiminin bu addımı Azərbaycan Prezidenti İlham Əliyevin mayın 3- ADA Universitetinin təşkilatçılığı ilə Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda İran haqqında dedikləri fonunda da diqqət çəkir. Belə ki, ölkə başçısı İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti ilə bağlı bir çox məqama toxundu faktiki olaraq Tehranı, eləcə onun terrorçu siyasətini ifşa etdi. Prezident İlham Əliyev Tehrandakı səfirliyimizə edilən hücum haqda danışarkən bildirdi ki, bir sıra ölkələrdə bizim təhlükəsizlik əməkdaşlarımız var, lakin yalnız İranda onlara silah gəzdirməyə icazə vermirlər. İranın səfirliyimizin əməkdaşlarına silah daşımağa icazə verməməsi, amma hücum edən şəxsin "Kalaşnikov" avtomatı "Molotov kokteyli" daşıması ciddi faktdır. Prezident "Bunun əvvəlcədən təşkil olunmadığı ilə bağlı şübhə qalırmı?" sualını da ünvanladı hadisəni törədən şəxsin həmin gün mətbuata açıqlama verməsi, iki gün sonra isə hər hansı hüquqi prosedur tətbiq olunmasın deyə cinayətkarın ruhi xəstə olduğunun açıqlanması faktlarına da toxundu.

İkincisi, dövlət başçımız millət vəkili Fazil Mustafaya edilən hücumda da İranı günahlandırdı. Bu terror aktını törədən dəstənin ifşa edildiyini onların göstərişləri İrandan aldıqlarını təsdiqlədiklərini vurğuladı.

Görünür, Azərbaycan Prezidentinin son hadisələr fonunda faktları ortaya qoyaraq İranı günahlandırması "İran qırmızı xətti keçdi" deməsi Tehranı bərk narahat edib. Buna ölkəmizin cavabına gəlincə, İranın diplomatlarımızı "persona-non-grata" elan etməsinə Azərbaycan hökuməti səssiz qalmamalı, İranın ölkəmizdəki səfirlik konsulluq əməkdaşlarını "persona-non-grata" elan etməlidir. Nəzərə almaq lazımdır ki, İranın ölkəmizdəki səfirliyi konsulluğun əməkdaşlarının bir çoxunun Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyəti var".

Proseslərin bu şəkildə inkişafı isə iki ölkə arasında münasibətlərin bundan sonra da gərgin olaraq qalacağına işarə edir. Qanunsuz əməllərinə görə edilən xəbərdarlıqlara məhəl qoymayan İranın addımları hətta, Rəsmi Bakı ilə Tehran arasında diplomatik əlaqələrin dondurulmasına da gətirib çıxara bilər.

Jalə QASIMZADƏ,

"Respublika".