İranın ilan sifəti
Digər xəbərlər

İranın ilan sifəti

Qonşu baxımından heç zaman bəxtimiz gətirməyib. İstər Ermənistan, istərsə də İran həmişə bizə qərəzli mövqedə olub. Ermənistanı başa düşdük. Tarixən bütün coğrafiyaları qaraçı köçü halında gəzib, Azərbaycan ərazisində məskunlaşan və bizə qarşı ərazi iddiasında olan üzdəniraq millətdir. Bəs İran nəyin hesabını çəkə bilmir?  Axı, İran İslam ölkəsi, müsəlman dövlətdir. Dini köklərimiz, etiqadımız birdir. Müsəlman qardaşlarıq. Niyə bizə arxa çevirsin, düşmən kəsilsin? Belə olan halda İranın Ermənistandan nə fərqi olur ki?

Bu gün bütün dünyanın diqqəti İranın Azərbaycan səfirliyinə silahlı terror hücumuna yönəlib. Dünya dövlətləri baş vermiş hadisəni kəskin qınayır və birmənalı olaraq terror hadisəsi kimi qəbul edir. Diplomatik korpusların, səfirliklərin təhlükəsizliyini yüksək səviyyədə təmin etmək hər bir dövlətin vəzifəsidir. Eyni zamanda İranın. Bakı şəhərində İran İslam Respublikasının səfirliyi fəaliyyət göstərir. Bina xüsusi mühafizə olunaraq qorunur. El dili ilə desək, bu gün həmin binalarda quş uçurtmaq belə mümkün deyil. O ki, qaldı sıravi vətəndaş silahlı hücum edə. Ancaq İranda "Kalaşnikov"  silahı ilə silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirir, iki nəfər mühafizə xidmətinin işçisini isə yaralayır.

1961-ci ildə qəbul edilmiş diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına görə, bütün diplomatik nümayəndəliklər, onların personalları və diplomatik xidmətə cəlb olunmuş digər şəxslər xüsusi imtiyaza malikdirlər. İran da bu Konvensiyaya qoşulduğu üçün diplomatik nümayəndəliyin təhlükəsizliyini qorumaq öhdəliyi daşıyır. İran hadisəyə məişət zəminində baş vermiş münaqişə donu geyindirməyə çalışsa da bu, cənub qonşumuzun ölkəmizə qarşı törətdiyi sırf terror hadisəsidir. Əslində, İranın son illər Azərbaycana qərəzli mövqeyini yaxşı bilirik. Bəzi hallarda bu münasibət aqressiya halını belə aşmışdır. Qısqanclıqdan doğan xain münasibət İranı hər zaman Ermənistana yönləndirmişdir. İranın Ermənistanın 30 il işğalda saxladığı Azərbaycan ərazilərindən hər cür yararlandığı da faktdır. Münbit Qarabağ torpaqlarında narkotik plantasiyaları əkib-becərməklə yanaşı, həm də bu ərazilərdən  qaçaqmalçılıq məqsədi ilə tranzit yol kimi də istifadə etmişdir. Ermənistana 44 günlük Vətən müharibəsində qalib gəlməyimiz İranı bu imkanlardan məhrum etdi. Azərbaycanın bölgədə qalib ölkə kimi söz sahibi olması isə hər iki dövlət üçün arzuolunmazdır. Müharibəyə kimi hələ bir dəfə də olsun İran Azərbaycanla sərhəddə təlim keçirməmişdir. Lakin Vətən müharibəsində qələbəmizdən sonra təlimlər keçirməyə başladı. Bizə qarşı bəzi təhdid, hədə-qorxu xarakterli çıxışlar etdi. Son zamanlar isə həm rəsmi şəxslər, həm də hakimiyyətdə olan bəzi qüvvələr  tərəfindən Azərbaycan əleyhinə təbliğat aparıldığının da şahidi olduq. Bütün bunların nəticəsi olaraq iki dövlət arasında olan münasibətlərdə soyuqluq yarandı.  Baş verən terror hadisəsindən sonra isə münasibətlər daha da kəskinləşdi. Görünən odur ki, İran Azərbaycanın dünyada artan nüfuzunu, güclənən mövqeyini həzm edə bilmir. Yaxın  qonşu olan Azərbaycan dövlətinin hər gün artan iqtisadi gücünün, siyasi mövqeyinin möhkəmlənməsi ilə barışa bilmir. Ona görə də təxribatlara, terror hadisələrinə əl atır.

Nəzərə almaq lazımdır ki, bu, Azərbaycanın rəsmi nümayəndəliklərinə qarşı təşkil olunmuş birinci terror hadisəsi deyil. Bundan  əvvəl də Böyük Britaniyada Azərbaycanın səfirliyinə qarşı İran mənşəli radikal qruplar tərəfindən terror təşkil edilmişdir. Deməli, baş verənlər heç də təsadüfi xarakter daşımır. Məqsədli, planlı şəkildə, amma ağılsızcasına. Bu gün bütün dünya baş verən terror hadisəsinə görə birbaşa İranı qınayır və hadisənin araşdırılıb düzgün qiymət verilməsini tələb edir. Bəs, İran nə edir? Açıq-aşkar törədilən terror hadisəsini məişət səviyəsinə endirib, diqqəti terrordan yayındırmaqla yanaşı, cinayətkara dəli damğası vurub, ruhi xəstə adı ilə xəstəxanaya yerləşdirir. 

Baş verənlərə lap əvvəldən diqqətlə nəzər salanda həm də İranın tragikomik səhnəsinin şahidi oluruq. İran tərəfi həmin baş verən terror hadisəsinə başqa don geyindirdi. Hücumdan sonra tələsik açıqlama verən Tehranın polis rəisi Hüseyn Rəhimi hadisənin motivini təhrif etməyə başladı.

Prezident İlham Əliyev və Xarici İşlər Nazirliyi hadisəni birmənalı olaraq "terror aktı" adlandırıb. Hazırda İranda Azərbaycan səfirliyi fəaliyyətini dayandırıb. Rəsmi Bakının fikrincə, son vaxtlar İranda "anti-Azərbaycan kampaniyasının aparılması" diplomatik missiyaya qarşı bu kimi hücumlara rəvac verib. Azərbaycan Xarici İşlər Nazirliyi hesab edir ki, bu terror hadisəsi onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirdi. İran tərəfi isə hadisə ilə bağlı müxtəlif bəhanələr gətirməklə həm də məsuliyyətsiz yanaşma nümayiş etdirir. Əli Azərbaycan şəhidinin qanına batan müsəlman İran dövləti bu hadisədə də qərəzli münasibət sərgiləyir.

Ramidə YAQUBQIZI,

"Respublika".