İqlim dəyişmələrinin nəticələri
Ekologiya

İqlim dəyişmələrinin nəticələri

İstixana qazlarının həcmi artdıqca yer səthinin qlobal temperaturu da yüksəlir. Son onillik bəşəriyyət tarixində ən isti dövr olub. 1980-ci illərdən bəri hər onillik əvvəlkindən daha isti olmuşdur. Demək olar ki, bütün planetdə isti günlərin və dalğaların sayında artım müşahidə olunur. Temperaturun yüksəlməsi bir çox xəstəliklərin yaranmasına səbəb olur və demək olar ki, açıq havada işləməyi çətinləşdirir. Bundan başqa, qızmar havalarda yanğınlar baş verir və daha tez yayılır. Arktikada temperatur orta göstəricidən ən azı iki dəfə sürətlə artır.

Bir çox bölgələrdə dağıdıcı fırtınaların intensivliyində artım müşahidə olunur. Temperatur yüksəldikcə daha çox su buxarlanır, yağıntılar, daşqınlar artır və nəticədə təhlükəli tufanlar baş verir. Tropik fırtınaların tezliyi və ölçüsü okeanların istiləşməsindən də qaynaqlanır. Okean səthinə yaxın sularda qasırğalar, tornadolar və tayfunlar əmələ gəlir. Bu cür qasırğalar tez-tez evləri, icmaları dağıdır, insan tələfatına və böyük iqtisadi itkilərə səbəb olur.

İqlim dəyişmələri su ehtiyatını get-gedə azaldır. Qlobal istiləşmə sudan əziyyət çəkən bölgələrdə qıtlığı və ətraf mühitdə quraqlıqların çoxalması riskini artırır. Quraqlıqlar, həmçinin qitələr arasında milyardlarla ton qumu hərəkət etdirə bilən dağıdıcı toz fırtınalarına səbəb ola bilər. Səhralar genişlənir və qida məhsulları yetişdirmək üçün mövcud olan torpaqların həcmi azalır. Bu gün bir çox insanlar su qıtlığı təhlükəsi ilə üzləşirlər.

Qlobal istiləşmə nəticəsində yaranan fəsadların böyük hissəsi okeanların payına düşür. Son iki onillikdə okeanların istiləşmə sürəti bütün dərinliklərdə kəskin şəkildə artmışdır. Əriyən buz təbəqələri dəniz səviyyəsinin qalxmasına səbəb olur, sahilləri və adaları təhdid edir. Bundan əlavə, okeanlar atmosferdən karbon qazını udur, suyun turşuluğunu artırır.

İqlim dəyişmələri quruda və okeanda bioloji növlərin sağ qalması üçün risk yaradır. Temperatur artdıqca bu risklər də artır. Yaxın bir neçə onillikdə bir milyon biomüxtəlifliyin yox olmaq təhlükəsi ilə üzləşəcəyi bildirilir. İqlim dəyişmələri çoxsaylı təhlükələrə səbəb olur ki, bu da meşə yanğınları, ekstremal hava şəraitini, zərərvericiləri və xəstəlikləri artırır.

İqlim dəyişmələri və ekstremal hava hadisələrinin çoxalması qida çatışmazlığını qlobal miqyasda gündəmə gətirir. Zamanla balıq ehtiyatları, bitkilər və mal-qara məhv ola və ya onların məhsuldarlığı aşağı düşə bilər. İstilik stresi su və otlaqların əlçatanlığını azaldır, bu isə mal-qaranın sayına həm mənfi təsir göstərir, həm də məhsuldarlığın azalmasına gətirib çıxarır.

İqlim dəyişmələri həm də insan sağlamlığı üçün böyük təhlükədir. Ətraf mühitin çirkləndirilməsi hər il təxminən 13 milyon insanın həyatına son qoyur.

İqlim dəyişmələri insanları yoxsulluğa sövq edən və həyat tərzinin yaxşılaşmasına mane olan amilləri artırır. XXI əsrin ikinci onilliyində (2010-2019) ekologiya ilə bağlı hadisələr hər il orta hesabla 23,1 milyon insanı öz yurdundan didərgin salır və daha çox yoxsulluq riskini artırır.

Hazırladı:

Aiza ŞABANOVA,

"Respublika".