İnqilabi dəyişikliklərə imza atılır
İqtisadiyyat

İnqilabi dəyişikliklərə imza atılır

Bərpaolunan enerji istehsalında çoxsaylı layihələr iqlim dəyişikliyi ilə bağlı məsələlərə mühüm töhfədir

"Bugünkü layihə gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir. Qeyd etdiyim kimi, bu gün üç investisiya sazişi imzalanacaq, lakin bizim planlarımız daha genişdir. Biz mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı bildirib. Bunun regionun enerji inkişafında tam bir inqilab olacağını diqqətə çatdıran dövlət başçısı qeyd edib ki, Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dövlət başçısı vurğulayıb ki, indi zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir və təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Hazırda bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarizəsi gündən-günə güclənir və qloballaşır. Atmosferə atılan zərərli tullantıların həcminin azaldılması və "yaşıl enerji" ilə əvəz edilməsi məsələsi dünya gündəliyində əsas yer tutur. Atom elektrik stansiyalarının fəaliyyətinin azaldılması, eləcə də kömür və qazla işləyən elektrik stansiyalarının "yaşıl enerji" mənbələri ilə əvəz edilməsi üçün dünya ölkələri bir sıra planlar qurur. Azərbaycan da öz növbəsində qlobal çağırışlara cavab verən layihələr reallaşdırır. Enerji resursları ilə zəngin olmasına və bu enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsidir.

Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində Prezidenti İlham Əliyev iştirak edib. Stansiyasının istifadəyə verilməsi ilə 110 min mənzil elektrik enerjisi ilə təmin ediləcək, hər il 110 milyon kubmetr qaza qənaət olunacaq və atmosferə 265 min ton karbon qazının atılmasının qarşısı alınacaq. Layihə eyni zamanda Azərbaycana istilik enerjisindən asılılığı azaltmağa, bərpaolunan enerji mənbələrinin inkişafına kömək edəcək və onların ölkənin enerji sistemindəki xüsusi çəkisini 16,5 faizdən 21,2 faizədək artırmağa imkan verəcək.

Qeyd edək ki, 2020-ci ilin 9 yanvar tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında İcra müqaviləsi imzalanmışdır. Müqaviləyə uyğun olaraq "Masdar" şirkəti tərəfindən 230 MVt gücündə günəş stansiyasının tikintisi ilə bağlı pilot layihənin icra edilməsi nəzərdə tutulmuşdur. Bu istiqamətdə 2021-ci ilin 6 aprel tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi və "Azərenerji" ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə "İnvestisiya müqaviləsi", "Enerji alqı-satqı müqaviləsi" və "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi" imzalanmışdır. Günəş elektrik stansiyasının Ələt qəsəbəsindən 9 km şimal-qərbdə yerləşən ərazidə tikintisi planlaşdırılırdı. Layihənin tam olaraq xarici investisiya hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdu. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilib. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.

Təqdirəlayiq haldır ki, belə bir böyük layihə dünyada tanınmış və bu sahədə böyük təcrübəsi olan "Masdar" şirkətinin sərmayəsi ilə həyata keçirilir. Bu, bir daha Azərbaycanın xarici sərmayələrə açıq və cəlbedici ölkə olduğunu təsdiqləyir. Bununla yanaşı, "Masdar" şirkəti tərəfindən sərmayənin Azərbaycanın qeyri-neft sektoruna yatırılmasını da xüsusi qeyd etmək lazımdır. Bu, Azərbaycanın prioritetlərinə cavab verməklə yanaşı, həm də qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsi baxımından da müsbət tendensiya kimi qiymətləndirilməlidir.

Bərpaolunan enerji sahəsinə investisiyalar Azərbaycana böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə olunur. Söhbət ixrac üçün qənaət ediləcək bir neçə milyard kubmetr təbii qazdan gedir. Çünki son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var. Enerji mənbələrinin şaxələndirilməsi ilə yanaşı, dünyada enerjiyə tələbatın ətraf mühitə zərər vurmadan ödənilməsi aktual məsələlərdəndir və bu mənada bərpaolunan enerji mənbələrindən istifadə etməklə atmosferə atılan karbon emissiyalarının azaldılması ekologiyaya əvəzsiz töhfədir. Alternativ enerjinin istehsalını artırmaqla Azərbaycan təbii qaz sərfiyyatını azalda bilər. Qənaət edilən təbii qaz isə həm sənayedə xammal kimi istifadə oluna, həm də ixrac edilərək ölkəyə əlavə valyuta qazandıra bilər. Azərbaycan Xəzər dənizindəki yataqlardan Avropaya qədər uzanan 3500 kilometrlik qaz boru kəmərini vaxtında istismara verib. Bərpaolunan enerji sahəsində layihələr daha geniş spektrdə regionun enerji təhlükəsizliyinə növbəti perspektivlərdən xəbər verir.

Ölkəmizin bərpaolunan enerji potensialına dünyanın nüfuzlu şirkətləri tərəfindən böyük maraq var. Prezident İlham Əliyevin bildirdiyi kimi, bunu bir neçə amil şərtləndirir: "Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq "yaşıl enerji" zonası kimi elan olunub. Bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Çünki külək həmişə xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin mənbəyi olub. Lakin indi külək təbii sərvətdir. Bunu ola bilsin, 10-20 il bundan əvvəl təsəvvürə gətirmək çətin olardı. Lakin indi bu belədir və xüsusilə Xəzər dənizində külək çox güclüdür, hətta bu gün buradakı külək onu göstərir ki, bu potensial buradadır".

Mustafa KAMAL,

"Respublika".