İkiüzlülük etalonuna çevrilən “demokratiya beşiyi
Siyasət

İkiüzlülük etalonuna çevrilən “demokratiya beşiyi"

Avqustun 29-da Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub.

Dövlətimizin başçısı bildirib ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir. Eyni zamanda İlham Əliyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xəttilə həmin əraziyə ərzaq yüklərinin çatdırılması üçün avtomobil karvanının yola düşdüyünü qeyd edib. Emmanuel Makron isə vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün ölkəsinin də öz tərəfindən töhfə verməyə hazır olduğunu bildirib, Fransanın və Azərbaycanın aidiyyəti qurumlarının təmaslarının davam etdirilməsini təklif edib. Amma dövlət başçımızla təmasdan öncə Yelisey rəhbəri Ermənistanın baş naziri Nikol Paşinyanla danışıb. Erməni mətbuatında yayımlanan xəbərlərdə qeyd olunub ki, liderlər "Azərbaycanın qanunsuz olaraq blokladığı" Laçın dəhlizinin məsələsini, eləcə də regionda "humanitar böhran"ın aradan qaldırılması üçün atılacaq addımları müzakirə ediblər. Makronun eyni gündə hər iki liderə zəngi əslində obyektivlik nümunəsi hesab edilə bilərdi. Amma söhbət XXI əsrin ən riyakar dövlət başçısından getməsəydi...

Məlumdur ki, son dövrdə Fransa diplomatik və təşkilati səviyyədə bütün resurslarını anti-Azərbaycan kampaniyası üçün cəmləşdirib. Məsələn, avqustun 28-də Fransa Prezidenti Emmanuel Makron səfirlər konfransındakı çıxışında "Laçın humanitar dəhlizi" kimi ifadələrə yer verib və bu istiqamətdə təzyiq dili ilə danışıb. Azərbaycan Xarici İşlər Nazirliyi bunun qəbuledilməz olduğunu bildirsə də, görünən odur ki, Paris Cənubi Qafqazdakı pozucu siyasətinin təsir dairəsini genişləndirməkdə qərarlıdır. Belə ki, Fransa indi də avqustun 30-31-i tarixlərində keçiriləcək Avropa İttifaqı xarici işlər nazirlərinin toplantısında ölkəmizə qarşı tədbirlərin qəbulu təşəbbüsü ilə çıxış etməyi planlaşdırır. İndiki mərhələdə bu planın nəticə verəcəyi düşünülmür. Çünki hazırda ölkəmiz qoca qitənin enerji siyasətində əhəmiyyətli rol oynayır və Mərkəzi Asiyadakı 100 milyard avroluq potensial marağı Fransanın şıltaqlığı üzündən riskə atmaq Avropaya baha başa gələ bilər. Eyni zamanda, ittifaqda söz haqqına sahib ölkələrin sırasında Azərbaycanın tərəfdaşları da var, məsələn, Balkan dövlətləri Fransanın qərəzli təkliflərini asanlıqla rədd edə bilər. Əslində, Makron Administrasiyası da səylərinin nəticəsiz qalacağını bilir, amma Azərbaycana qarşı təzyiq mexanizmi yaratmaqla öz məqsədinə çatmağı hədəfləyir. Fransa indi özünün liderliyilə Avropanın müstəqil siyasətini nümayiş etdirmək, qərbin Vaşinqton mərkəzli siyasətinə Ermənistanın simasında alternativ təklif etmək istəyir. Bunun üçün də əvvəlcə İrəvanın maraqlarından çıxış edir. Təsadüfi deyil ki, Avropa ölkələrinin XİN başçılarının görüşünə paralel dövrdə Fransa Azərbaycan-Ermənistan şərti sərhədinə növbəti yük maşınları karvanı da göndərir. Bu kimi addımlar İrəvanı Parisin dostluğuna inandırmağa hesablanıb və görünür, bu plan baş tutub. Ermənilər etiraf edirlər ki, Yelisey sarayı ilə əlaqələrdə humanitar və mədəni səviyyədən hərbi-siyasi və iqtisadi əməkdaşlıq səviyyəsinə keçidi müşahidə edilir. Əslində isə Parisin istər Mərkəzi Asiya, istər Cənubi Qafqaz, istərsə də Avropa kimi dünyanın müxtəlif regionlarında təsirini saxlamağa kömək edəcək xarici tərəfdaşlara ehtiyacı var.

Fransa Ermənistanı müdafiə etməklə həm də daxili siyasətində dividendlər qazanmağı planlayır. Çünki Yelisey sarayı bilir ki, bu yolla erməni diasporu və millətçi qrupların dəstəyini ala bilər. Rəsmi Paris həm də Afrikadakı uğursuzluqları fonunda itirilən nüfuzunu Cənubi Qafqazda kompensasiya etmək istəyir. Qeyd edək ki,  dünyaya demokratiya dərsi keçməyə çalışan Fransada çoxsaylı qanun pozuntuları, irqçilik, diskriminasiya, insan hüquqlarının məhdudlaşdırılması kimi hallar hökm sürür. Bir neçə nümunə ilə bu fikri əsaslandıraq. Fransız polisi ötən ilin noyabrında ölkədə baş verən etiraz aksiyalarını xüsusi amansızlıqla yatırmağa çalışdı. Bu isə təəccüb doğurmadı. Çünki son bir neçə il ərzində keçirilən nümayişlərdə, həmçinin "sarı jiletlilər" aksiyasında da belə mənzərənin şahidi olmuşduq. Bunun səbəbi isə odur ki, Makronun öz hakimiyyətini qorumaq üçün sonsuz səlahiyyətlər verdiyi Fransa polisi yalnız irqi və dini zəmində zorakılığı, günahsız insanları qətlə yetirməyi bacarır. Azərbaycan ərazilərində yaşayan ermənilərə heç bir əsas olmadan, şəxsi qəzəbi səbəbindən qahmar çıxmaq üçün sivil dünya tarixində rast gəlinməyən hoqqalardan çıxan Makron isə fransızların hüquqlarının təmin edilməsi barədə düşünmək istəmir. Digər tərəfdən, Fransa özünü hər nə qədər demokratik ölkə kimi göstərmək istəsə də tarixdə daima müstəmləkəçilik siyasətini həyata keçirən bir dövlət kimi mövcud olub. Bu ölkə hər zaman öz sərhədlərindən çox uzaq ərazilərə göz dikib. Fransa Əlcəzair, Qvineya, Qabon, Vyetnam, Tunis, Kambocada müstəmləkəçilik siyasətini həyata keçirib. Parisin hiyləsini anlayıb onun hegemoniyasından uzaqlaşmağa çalışan ölkələri isə Yelisey sarayı güc yolu ilə bu fikirlərindən daşınmağa məcbur edib. İndi Makron hökumətinin Cənubi Qafqazda atdığı addımlar fonunda Azərbaycan da Qərbi Afrika ölkələri ilə təmaslarını davam etdirməli, Fransanın tarixi səhvlərini üzünə vurmalıdır. Ölkəmiz, xüsusilə Korsika icmasına öz müqəddəratını həll etmək kontekstində dəstək verməlidir. Bununla Fransa böyük təzyiqlə üzləşə bilər.  Ümumilikdə isə Fransanın bu kimi addımlarına birdəfəlik son qoyulması Qarabağdakı erməni icmasının Azərbaycan cəmiyyətinə reinteqrasiyası və bölgədə dayanıqlı sülhün əldə olunmasından asılıdır. Ölkəmiz də Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasında qərarlıdır və bu prosesə əngəl olan bütün kənar müdaxilələrin qarşısını almaq əzmindədir.

Jalə QASIMZADƏ,

"Respublika".